Məhkəmə qərarları › İş №3(007)-2871/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2871/2025

22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2871/2025 22.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi ilə, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili “Faiq Nağıyev və Partnyorları” Vəkil bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx.xx.1963-cü ildə, Cəlilabad rayonu, Maşlıq kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində rəis müavini vəzifəsində çalışan Şəxs barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-1274/2005 saylı, xx.xx.2005-ci il tarixli icra sənədinə əsasən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının idarə olunması və özəlləşdirilməsi departamentinin RK-17 saylı 15 mart 2005-ci il tarixli əmrinin ləğv edilməsi, Zərərçəkmiş şəxs Mingəçevir "xxxx" Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin icraçı sədri vəzifəsinə bərpa olunması, ona 15 mart 2005-ci il tarixdən vəzifəsinə bərpa olunanadək buraxdığı məcburi iş buraxmaya görə orta əmək haqqının ödənilməsi qət edilmişdir. İnzibati iş üzrə materiallardan görünür ki, icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixli “icra hərəkətlərinin davam etdirilməsi haqqında” qərar ilə 2-1274/2005 saylı, xx.xx.2005-ci il tarixli iş üzrə icra hərəkətləri davam etdirilmiş və borcluya tələbin könüllü icrası barədə məlumatlar göndərilmişdir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, icra sənədini icra etmək mümkün olmadığından məhkəmə qərarı icra edilməmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X2 izahatında göstərmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-1274/2005 saylı, xx.xx.2005-ci il tarixli icra sənədi 2024-cü ilin aprel ayında Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icraatına daxil olmuşdur. Borclu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə dəfələrlə tələbin icrası ilə bağlı bildirişlər göndərilmiş, lakin hələ də heç bir nəticə əldə olunmamışdır. Buna görə də borclu barəsində müvafiq protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Həmçinin suallara cavab olaraq bildirmişdir ki, icra sənədi üzrə borclu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətidir, Şəxs isə xidmətin rəis müavinidir, xidmətə daxil olan məktublar Şəxs tərəfindən göndərilmişdir. Bu səbəbdən onun barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, müəssisənin vəzifəli şəxsi dedikdə sədri başa düşülür. Lakin icra şöbəsinin bildirişlərinə cavab məktubları rəis müavini Şəxs tərəfindən imza edildiyindən vəzifəli şəxs də o sayılmalıdır. Məhkəmədən işə düzgün baxılmasını və Şəxs Adəgözəl oğlunun məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili “Faiq Nağıyev və Partnyorları” Vəkil bürosunun vəkili Nümayəndə izahatında göstərmişdir ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2004-cü il tarixli, RK-63 nömrəli əmri ilə xx.xx.2004-cü il tarixindən səhmdarların birinci ümumi yığıncağı çağrılanadək “X3“ ASC-nin İdarə Heyətinin sədrinin vəzifəsinin icrası Zərərçəkmiş şəxs həvalə edilmişdir. Departamentin xx.xx.2005-ci il tarixli, RK-17 nömrəli əmri ilə Zərərçəkmiş şəxs tutduğu vəzifədən azad edilmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2-1274/2005 nömrəli qətnaməsi ilə Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2005-ci il tarixli, RK-17 nömrəli əmrinin ləğv edilməsi, Zərərçəkmiş şəxs “X3“ ASC-nin İdarə Heyətinin icraçı sədri vəzifəsinə bərpa olunması qət edilmişdir. “X3” ASC-nin səhmlərinin satışı məqsədilə xx.xx.2005-ci il tarixdə investisiya müsabiqəsi keçirilmiş və müsabiqənin nəticəsi üzrə İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti ilə müsabiqənin qalibi "xxxx" MMC arasında xx.xx.2005-ci il tarixli İM-29S nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Beləliklə, Səbail Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı qəbul edilən zaman “X3” ASC-nin səhmləri artıq investisiya müsabiqəsində satılmışdı və müqaviləyə əsasən müəssisənin idarə edilməsi hüququ alıcı "xxxx" MMC-yə keçmişdi. Belə bir halda həmin müəssisəyə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən idarə heyətinin sədrinin təyin edilməsi mümkün deyildi. Əlavə olaraq Zərərçəkmiş şəxs tutduğu vəzifədən azad edilməzdən qabaq xx.xx.2004-cü il tarixli, RK-63 nömrəli əmrlə səhmdarların birinci ümumi yığıncağı çağrılanadək “X3“ ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin edildiyindən, o məhkəmə qətnaməsinə əsasən əvvəlki vəzifəsinə də səhmdarların birinci ümumi yığıncağı çağrılanadək bərpa oluna bilərdi. Lakin xx.xx.2010-cu il tarixdə “X3” ASC-nin səhmdarlarının birinci ümumi yığıncağı keçirilmiş və cəmiyyətin idarəetmə orqanları formalaşdırılmışdır. Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli 208-1 Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”nin 7.8-ci bəndinə əsasən dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyətinin səhmdarlarının birinci ümumi yığıncağı keçirilənədək səhmdar cəmiyyətinin idarə heyətinin sədri müəssisənin səhmdar cəmiyyətinə çevrilməsi haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı (Əmlak Məsələləri Dövlət Xidməti) tərəfindən təyin olunur. Əsasnamənin 7.10-cu bəndinə əsasən dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyətinin daimi idarəetmə orqanları həmin Əsasnamənin 7.11-ci bəndində göstərilən hal istisna olmaqla səhmdarların birinci ümumi yığıncağında formalaşdırılır. Beləliklə, Əmlak Məsələləri Dövlət Xidməti yalnız səhmdarların birinci ümumi yığıncağı çağrılanadək səhmdar cəmiyyətin idarə heyətinin sədrini təyin etmək səlahiyyətinə malik olduğundan və “X3“ ASC-nin səhmdarların birinci ümumi yığıncağı artıq keçirildiyindən Xidmət tərəfindən Zərərçəkmiş şəxs Cəmiyyətin İdarə Heyətinin sədrinin vəzifəsinin icrasının həvalə edilməsi mümkün deyildir. Zərərçəkmiş şəxs “X3“ ASC-nin İdarə Heyətinin icraçı sədri vəzifəsinə bərpa edilməsi mümkün olmadığından, ona əməkhaqqının ödənilməsi də mümkün deyildir. Həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə əsasən tələbin icrası mümkün olmadıqda icra vərəqəsi icra sənədini vermiş məhkəməyə geri qaytarılır. Bu halda Səbail Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2-1274/2005 nömrəli icra vərəqəsi məhkəməyə geri qaytarılmalıdır. Bununla bağlı, tərəflərindən Bakı şəhəri Səbail Rayon Məhkəməsində icra vərəqəsinin geri qaytarılması barədə iddia qaldırılmışdır. Həmçinin bildirdi ki, hazırkı icra sənədi üzrə borclu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətdir. İcra sənədini icra etməli olan şəxs Şəxs yox, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətidir ki, xidmət də artıq İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmuşdur. Qeyd olunanların nəzərə alınaraq, inzibati xəta haqqında materiala xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, inzibati işin baxılmasında iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati xəta haqqında materiala əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-1274/2005 saylı, xx.xx.2005-ci il tarixli icra sənədindən görünür ki, iddianın təmin edilməsi, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının idarə olunması və özəlləşdirilməsi departamentinin RK-17 saylı 15 mart 2005-ci il tarixli əmrinin ləğv edilməsi, Zərərçəkmiş şəxs Mingəçevir "xxxx" Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin icraçı sədri vəzifəsinə bərpa olunması, ona 15 mart 2005-ci il tarixdən vəzifəsinə bərpa olunanadək buraxdığı məcburi iş buraxmaya görə orta əmək haqqının ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin icra sənədi üzrə icraata başlanılmış, könüllü icra müddəti müəyyən edilmişdir. Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmurunun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, icra sənədi üzrə icra hərəkətləri davam etdirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhəri Nizami Rayon İcra şöbəsinə ünvanladığı 3-21-3/2-9549/2024, 3-21- 3/2-10894/2024, 3-21-3/2-197/2025 və 3-21-3/2-6634/2025 nömrəli məktublardan görünür ki, qeyd olunan icra vərəqəsinin icrasının mümkün olmaması barədə Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə müvafiq məlumatlar verilmişdir. Göründüyü kimi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-1274/2005 saylı, xx.xx.2005-ci il tarixli icra sənədində cavabdeh - borclu kimi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının idarə olunması və özəlləşdirilməsi departamenti göstərilmişdir. Hansı ki, hazırki vaxtda həmin departamentin səlahiyyətləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Beləliklə, icra vərəqəsini icra etmək vəzifəsi də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə düşür. Lakin məhkəməyə daxil olmuş protokol Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və ya onun rəisi barəsində deyil, xidmətin rəis müavini barəsində tərtib olunmuş, həmçinin protokol tərtib olunarkən icra məmuru tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə qərarının icra etməli olan şəxs olub-olmaması dəqiqləşdirilməmiş, həmin şəxsin hazırkı inzibati xətanın subyekti olmasına dair kifayət qədər sübut toplanmamışdır. Yəni Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Şəxs qeyd edilən icra sənədi üzrə tələbi icra etmək vəzifəsini daşıması, həmçinin icra vərəqəsini icra etmək səlahiyyətində olması dəqiqləşdirilməmiş, bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xətanı törətməyib. Şəxsin təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Hazırki vəziyyətdə isə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Odur ki, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar