Məhkəmə qərarları › İş №3(007)-2873/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2873/2025

10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2873/2025 10.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PBnin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxxx 1975-ci il tarixdə Cəbrayıl rayonunun Məstalıbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, İmişli rayonunun Nurulu kəndində qeydiyyatda olan, Abşeron rayonu Masazır qəsəbəsi, M.S.Ordubadi küçəsi, ev 27-də yaşayan, Bakı şəhəri Nizami rayon MKTB-nin sanitar-təmzilik sahəsinin briqadiri işləyən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 10 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 15 aprel 2025-ci il tarixdə saat 07:16 radələrində Bakı şəhəri Nizami rayonu, H.Əliyev prospektində, 5 saylı “Asan” Xidmətin qarşısında Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı X3 vurub dərəcəsi təyin olunmayan xəsarət yetirməklə, onu qəsdən döymüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə rəisi X5 protokolun məzmununa uyğun izahat verərək, qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayon MKTB-nin sanitar-təmzilik sahəsinin briqadiri işləyir. İşçilərin ərazidəki sayının artırılması barədə əmr verilmiş, onlar da işçiləri əraziyə aparmışlar. Normalar bölünmüş, yeni işçilər götürülmüşdür. Səhər xanıma da məlumat verilmişdir. Səhər bölməyə gələrək səs-küy salmış, razılaşmamıış, normanın bölünməsinə razılıq verməmişdir. Müdür ona tapşırmışdır ki, Səhər gəlməsə, süpürgəni əlindən alsın. O da süpürgəni əlindən alanda Səhər səs-küy salaraq “ay camaat, məni döydü” demişdir. Daha sonra Səhər 102-yə zəng vurmuş və polis əməkdaşları gəlib onlarl 23-cü polis bölməsinə aparmışlar. O, Səhəri yumruqla vurmamış, sadəcə süpürgəni əlindən almağa çalışmışdır. Süpürgəni almağa çalışanda ola bilər ki, onun əli dəymişdir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, 2022-ci ilin oktyabr ayından Bakı şəhəri Nizami rayon MKTB-də küçə süpürgəçisi işləyir. Şəxs onun işlədiyi gününü yazmamışdır. O da gedib idarədə bu barədə demişdir. 15 aprel 2025-ci il tarixdə saat 7 radələrində küçəni süpürən zaman Kifayət ona yaxışlaşaraq rəisin onu çağırdığını demişdir. O da əlindəki ziblləri atdıqdan sonra gedəcəyini demişdir. Lakin həmin vaxt Kifayət süpürgəni əlindən almış və ağzından vurmuşdur. Kifayət ona “şiş” göstərmiş, əxlaqsız sözlərlə söymüşdür. O, həmjin sözlərə layiq qadın deyildir, biri əlil olmaqla iki uşaq böyüdür və oxudur. O, əxlaqsız qadın olsaydı, bu paltarı geyinib yer süpürməz, bu işdə işləməzdi. Şəxs ilə barışmamışdır. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 19 aprel 2025-ci il tarixli 424 nömrəli canlı şəxsin ekspertiza rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs alt dodağın selikli qişa səthinin qansızması olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2025-ci il tarixdə alınması mümkündür və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Xəsarətin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılma nəticəsində alınması inkar olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısının 30 aprel 2025-ci il tarixli qərarından görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Nizami RPİ-nin 23-cü PB-nə təqdim edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş qərardadlardan görünür ki, 01 may 2025-ci il tarixdə inzibati icraat başlanılmış, 01 iyun 2025-ci il tarixdə işin icraatı dayandırılmış, 10 iyun 2025-ci il tarixdə işin icraatı təzələnmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə - həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur, üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Zərərçəkmiş şəxs ilə barışmamışdır, ona görə İXM-nin 39.1-ci maddəsində nəzərdə tutulduğu qaydada iş üzrə icraata xitam verilməsi üçün əsaslar yoxdur. Bundan başqa, məhkəmə Şəxs izahatında göstərilənləri onun inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirməklə nəzərə almır, belə ki, təhqiqat zamanı toplanaraq tədqiq edilmiş sübutlarla inzibati xətanın öz təsdiqini tapdığı, o cümlədən Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı ona müvafiq xəsarətin yetirilməsi, xəsarətin bərk küt əşyanın təsirindən törənməsi, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 15 aprel 2025-ci il tarixdə alınmasının mümkün olması, xəsarətin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən həmin xəsarətin şəxsin özü tərəfindən özünə yetirilməsinin, eləcə də yıxılma nəticəsində alınmasının inkar olunması müəyyən edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. İş materialları ilə müəyyən olunur ki, Şəxs baxılan iş üzrə inzibati qaydada tutulmamışdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, məhkəmə xərcinin tutulmasına əsas olan ekspertiza keçirilməmişdir. Bundan başqa, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət (iş saatları) üçün əmək haqqı Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli 141 saylı qərarı nəzərə alınmaqla, dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X4 33 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar