Məhkəmə qərarları › İş №3(007)-2877/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2877/2023

22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2877/2023 22.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, X1 inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin 04 aprel 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, "xxxx" MMC-nin baş direktoru vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin rəisi X10 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə onu təqsirli bilərək barəsində ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Bu qərarın verilməsinə səbəb, onların şirkətdə əvvəllər anbar işçisi olaraq çalışan X2 Əmək Müfəttişliyinə onların barəsində şikayət edərək son haqq-hesabının, məzuniyyət pulunun verilmədiyini bildirməsi olmuşdur. İlkin olaraq qeyd etmək istəy ki, Əmək Müfəttişliyi ilə görüş zamanı son haqqhesabın verilməsi barədə müzakirədə onların Ehtiram Məmmədliyə 8.51 manat əksik pul köçürmələrini qeyd etmişlər. Onlar isə müzakirələrdə heç bir yanlışlığın olmadığını, hesablamaların düzgün olduğunu bildirmişlər və əllərindəki sübutları onlara təqdim etmişlər. Buna baxmaraq müfəttişlik əməkdaşları onların Azərbaycan Respublikası İXMnin 192.4-cü maddəsi ilə təqsirli olduqlarını bildirmişlər. Onlar isə İXM-nin 192.4-cü maddəsində qeyd olunan inzibati xətanın tərkibinin olmadığını və əgər səhvləri varsa bunun qaynaqlanma səbəbinin maddədə qeyd olunan yalnışın riyazi hesablamadan olduğunu bildirmişlər. Çünki, İXM-nin 192.4-cü maddəsində işçinin əmək və məzuniyyət haqqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində vol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə tətbiq olunur. Onlar isə qeyd olunan 8.51 manat kəsiri ödəməyə hazır olduqlarını, əgər bu kəsir varsa bunu bilərək və qəsdən etmədiklərini bildirmişlər. Bu mövzuda qeyd etmək istədikləri ən önəmli nüans odur ki, onlar böyük bir şirkətdirlər və 8.51 manat kimi kiçik bir rəqəmi qəsdən və bilərəkdən etmələri heç bir məntiqə uymamaqdadır və ağlabatan deyildir. Bu qərarın verilməsinin ən əsas səbəbi müzakirələr zamanı Əmək Müfəttişliyinin işçilərinə onların haqlılıqları barədə sübutlar təqdim etdikləri zaman Əmək Müfəttişliyinin işçilərinin səhvlərini göstərmələri, həmin işçilərin onlara qərəzli yanaşmasına səbəb olmuşdur. Qeyd etmişlər ki, əməkdaşın son haqq-hesabı verilərkən orta əmək haqqı məbləği müəyyən olunan zaman ona verilmiş mükafatların məbləği nəzərə alınmamış, bu səbəbdən son haqq-hesab (son haqq-hesab məbləği 42.55 manat) məbləği az hesablanmışdır. Tərəflərindən ətraflı məlumat və sübutlar təqdim edilmiş, həmçinin “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə” 15 iyun 2000-ci il tarixli 126 nömrəli Nazirlər Kabinetinin Qərarına əsasən birdəfəlik xarakter daşıyan əlavə mükafatların bütün növlərinin orta əmək haqqı hesablanarkən nəzərə alınmadığı qeyd edilmişdir. Pozuntu kimi təqdim edilən faktın əslində pozuntu olmadığını sübut etdiklərini görən qurumun məsul şəxsləri əsəbləşərək yeni bəhanələr, səbəblər gətirərək xx.xx.2023-cü il tarixdə tələsik qərar qəbul etmişlər. Bu hal onun və rəhbəri olduğu şirkətin hüquqlarını kobud şəkildə pozmaqdadır. Çox təəssüf edir ki, verilən izahatlar, aparılan müzakirələr diqqətə alınmamış, əksinə inzibati xəta haqqında işin hallarının tam, ətraflı, obyektiv və vaxtında araşdırılması və onun ədalətli həll olunması təmin edilməyərək məsələyə qərəzli şəkildə yanaşılmış, xx.xx.2023-cü il tarixində köhnə istinad edilən əsaslar deyil, yeni əsas iddia edilərək həmin gün tələsik MN ******* saylı inzibati xəta haqqında qərar qəbul edilmişdir. X5 adı çəkilən qərarı qəbul edən səlahiyyətli orqan (vəzifəli şəxs) işin ədalətli həlli üçün hərtərəfli araşdırma aparmamış, işin bütün hallarını müəyyənləşdirməmiş, biz tərəfdən tərəfindən verilmiş bütün məlumatlar, sübutlr lazımi qaydada qiymətləndirməmişdir. Qəbul edilən qərarda verilən izahatlar, məlumatlar, sənədlər əks edilmədən sadəcə ilkin inzibati xəta haqqında qərarda olan hallar formal şəkildə təkrarlanmış və şikayətin ədalətli həlli üçün zəruri hallar aydınlaşdırılmamışdır. Tərəflərindən təqdim edilən hər hansı sənədlərə istinadlar qərarda əks olunmamışdır. Bundan başqa inzibati xəta haqqında işlərə baxılan zaman təməl normalara diqqət edilməmişdir. Onun şikayətinin əsasını da məhz barəsində çıxarlan qərarın hüquqi əsaslarının olmamasıdır. Tərtib edilmiş protokoldan və onun əsasında qəbul edilmiş qərardan belə məlum olur ki, inzibati orqan tərəfindən inzibati xəta haqqında işin halları vaxtında, hərtərəfli, tam və obyektiv surətdə araşdırılmamışdır. İşin hallarına nəzər yetirdikdə məlum olur ki, inzibati orqan Ehtiram Məmmədov tərəfindən daxil olmuş məlumat əsasında inzibati xəta haqqında işin başlanmasını və araşdırmanın aparılması qərarına gəlmişdir. Lakin inzibati xəta haqqında işin başlanmasını və araşdırmanın aparılmasını özündə ehtiva edən qərardad mövcud deyildir, ona təqdim olunmamışdır. İnzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərardaddan məlumatsız olmuşlar və bu qərardad onlara təqdim olunmamışdır. Belə bir qərardad qəbul edilmədiyi üçün "xxxx" MMC-nin rəhbəri olaraq onun barəsində tərtib edilmiş protokolun və çıxarılmış qərarın qanunla nəzərdə tutulmuş müddət ərzində tərtib edilib-edilməməsi məsələsi öz aktuallığını qoruyur. İş materiallarına əsasən Ehtiram Məmmədov ərizə ilə xx.xx.2023-cü il tarixdə Əmək Müfəttişliyinə şikayət etmiş, xx.xx.2023-cü il tarixində "xxxx" MMC-yə məktub daxil olmuş və xx.xx.2023-cü il tarixdə 61 vərəq qoşmadan ibarət məktub tərəflərindən Əmək Müfəttişliyinə çatdırılmışdır. Yəni, fakt üzrə məlumat artıq təsdiqini tapmış məlumat olaraq qəbul edilmişdir. İnzibati orqan isə onun barəsində inzibati xəta haqqında protokolu düz təxminən 18 gündən sonra tərtib etmişdir. Hesab edir ki, bu hissədə də qanunvericiliyin tələbi pozulmaqla prosessual normalara əməl olunmamışdır. DƏMX xx.xx.2023-cü il tarixdə ərizə əsasında faktı müəyyən etsə də protokolu 30 gündən sonra, qərarı isə 36 gündən sonra qəbul etmişdir. Belə olan halda işin ədalətli və tərəflərin hüquq bəlrabərliyi əsasında araşdırılmasına əsaslı şübhələr yaranmış olur. Bu, onun barəsində qərəzli çıxarılmış qərardır. Cərimə olunması üçün təqsiri sübut olunmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 04 aprel 2023cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılan qərardan şikayət vermiş X6 gəlməmiş, yalnız 21 iyun 2023-cü il tarixdə elektron qaydada verdiyi ərizəsində şikayətə onun iştirakı olmadan baxılmasını və müvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə həmin halları nəzərə alaraq, qərardan şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X8 şikayətin dəlilləri ilə razılaşmayıb izahatında göstərmişdir ki, "xxxx" MMC-də işləmiş və işdən azad edilmiş X2 etdiyi müraciət əsasında X9 Xidməti tərəfindən araşdırma başladılmış, Müfəttişliyin Bakı şəhər idarəsi tərəfindən aparılmış araşdırma ilə "xxxx" MMC-nin baş direktoru X1 X2 əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabının hesablanıb verilməsində əmək qanunvericiliyinin tələblərini pozduğu müəyyən edilmiş, barəsində 28 mart 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş, protokol əsasında işə baxılaraq X6 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə müəssisənin rəhbəri kimi vəzifəli şəxs qismində 700 manat məbləğində inzibati cərimə edilmişdir. Qərar qanuni və əsaslıdır, ləğv olunması üçün əsaslar yoxdur. Şikayətin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin 04 aprel 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, "xxxx" MMC-nin baş direktoru X6 28 mart 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, X2 xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabın (əmək və istifadə edilməmiş məzuniyyət haqqlarının) hesablanması zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələblərinin pozulmasına görə, Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə 700 manat məbləğində inzibati cərimə edilmişdir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Hazırkı halda məhkəmə hesab edir ki, X6 tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz "xxxx" MMC-nin vəzifəli şəxsi, onun baş direktoru tərəfindən törədilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən yuxarıda istinad olunan inzibati xəta haqqında protokolun tərtib edilməsinə və mübahisələndirilən qərarın qəbul edilməsinə əsas, sözügedən MMC-nin işçisi olmuş X2 əmək müqaviləsinə 10 fevral 2023-cü il tarixdə xitam verilərkən son haqq-hesabın (əmək və istifadə edilməmiş məzuniyyət haqqlarının) hesablanıb verilməsində əmək qanunvericiliyinin tələblərinin pozulması olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" MMC-nin (baş direktor X6) 10 fevral 2023-cü il tarixli əmrinə əsasən həmin MMC-də anbar işçisi vəzifəsində çalışan X7 ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən, onu işə götürmüş "xxxx" MMC-nin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) müvafiq sənədlərlə birlikdə sonuncu iş günü işçi X4 verilməmişdir. Şikayətdə hesablamanın səhv aparılmasının qəsdən və bilərəkdən edilməməsi, əməkdaşın son haqq-hesabı verilərkən, orta əmək haqqı məbləği müəyyən olunan zaman ona verilmiş mükafatların məbləğinin nəzərə alınmadığı barədə göstərilənlərə münasibətdə məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin mənasına görə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi həmin maddədə nəzərdə tutulan məsuliyyəti yaradır, əməlin tövsifi zamanı bu xətaya yol verilməsi zamanı səhv hesablanmış ödəmənin məbləğinin miqdarının əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanılaraq aparılmasına, inzibati xəta haqqında protokolun tərtib olunmasına mane olan hallar, o cümlədən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar olmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X1 haqqında 700 manat miqdarında inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi, həmin vəzifəli şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələri ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin 04 aprel 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar