Məhkəmə qərarları › İş №3(007)-2883/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2883/2025

24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2883/2025 24.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X3 iclas katibliyi, protokol tərtib etmiş Bakı şəhər Nizami RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə İmişli rayonunda anadan olmuş, İmişli rayonu, Qulubəyli ərazi dairəsi, Qulubəyli kəndi ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 342.9-cu maddəsi ilə Nizami rayon DYPŞ-dən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:30 radələrində Nizami rayonu, M.Əliyev küçəsində “X5” minik markalı, **-RQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyat nişanının üzərini örtüklə örtmüş, bununla da nömrə nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə etmişdir. Beləliklə, o, İXM-in 329.3 və 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş Bakı şəhər Nizami RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X2 məhkəmə iclasında protokolun məzmununa uyğun izahat verərək şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında çıxış edərək bildirdi ki, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının üzərini örtüklə örtməmiş, sadəcə hadisə baş verən gün toy məclisinə getdiyi üçün nəqliyyat vasitəsinin üzəri bəzədilmiş, bəzək vasitəsi yolda tıxac olduğunundan maşının sürəti aşağı olduğu üçün müvəqqəti olaraq dövlət qeydiyyat nişanının üzərinə düşmüşdür. Bunu qəsdən, biləbilə etməmiş, həmin vaxt vəziyyət elə gətirmişdir. Bununla bağlı videogörüntüləri məhkəməyə təqdim edərək bütün bunların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsinə əsasən İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozma inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən İXM-nin 329.3-cü maddəsinə baxılması rayon məhkəmələrinin səlahiyyətinə aid deyil. Göründüyü kimi İXM-nin 329.3-cü maddəsi ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Məhkəmə iclası zamanı protokol tərtib etmiş orqanın təqdim etdiyi videogörüntülərə baxış keçirildikdə məlum olur ki, maşının bəzədilməsi üçün istifadə olunan tül bir neçə saniyəlik dövlət nömrə nişanının bir hissəsini örtür. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən təqdim olunmuş videogörüntülərə baxış keçirdikdə məlum olur ki, nəqliyyat vasitəsinin dövlət nömrə nişanının üzəri örtülməmiş, açıq görünür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması səlahiyyətli orqanın qərarında kifayət qədər sübuta yetirilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş CD diskə baxış keçirilən zaman şəxs tərəfindən dövlət qeydiyyat nişanının görüntüsünü çətinləşdirən vasitədən və ya örtükdən istifadə etməsi halları aşkar edilməmişdir. Qeyd olunan halda inzibati xəta tərkibinin mövcudluğu məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Şəxs İXM-nin 329.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhəri Nizami rayon Polis İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs İXM-nin 329.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhəri Nizami rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar