Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2887/2025 24.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Zərərçəkmiş şəxs1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin X2 Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, protokol Nizami RPİ-nin təhqiqatçısı Mehrac Niftəliyevin rədd materialı əsasında tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, idarə etdiyi avtomobil ilə hərəkətdə olarkən avtomobildə əyləşən həyat yoldaşı Günel Bayramovanın səhhəti qəfil pisləşdiyi – sudurqası tutduğu üçün başı ona qarışmış, bu səbəbdən işıqforun qırmızı işığında keçmiş və yol nəqliyyat hadisəsi baş vermişdir. Lakin həmin hadisə nəticəsində yoldaşı Günel Bayramova heç bir bədən xəsarəti almamış, təhqiqatçı tərəfindən material qərəzli olaraq bu qaydada hazırlanmış və məhkəməyə təqdim olunmuşdur. İnzibati xəta haqqında protokol əsassız və qanunsuz olaraq tərtib edilmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 izahatında göstərmişdir ki, hadisə Şəxs qeyd etdiyi kimi olmuşdur. Hadisə nəticəsində nəinki yüngül bədən xəsarəti, ümumiyyətlə heç bir xəsarət almamışdır. Tibbi ekspertizadan keçsə də, orada da bunları bildirmiş, ekspertin rəyi barədə orada ona heç bir məlumat verilməmiş, sonradan onlara məlum olmuşdur ki, hansısa səbəbdən ekspert bu cür rəy vermişdir. Bu səbəbdən də şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən iş üzrə icraata xitam verməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin X2 Şöbəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Buna görə də, məhkəmə Nizami Rayon Polis İdarəsinin X2 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X1 Nizami Rayon Şöbəsinin 451 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs1 sol saidin hematoması və sol diz oynağının sıyrığı müəyyən edilmiş, qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən müddətdə, xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 22 may 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, sürücüsü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunnması məqsədi ilə toplanmış materialın Nizami RPİ-nin DYPŞ-si vasitəsi ilə Nizami rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu və digər materialları nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin X2 Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, toplanmış material üzrə işin bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokolda ümumi sözlərlə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi göstərilsə də, sonuncunun həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəinki iş üzrə mötəbər sübutların məcmusu ilə təsdiq edilmir, buna dair ümumiyyətlə sübut mövcud deyil. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin və zərərçəkmiş şəxsin məhkəmə iclasında verdikləri izahatları ilə inzibati xəta haqqında protokol ziddiyət təşkil edir. Belə ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs və zərərçəkmiş şəxs məhkəmə iclasında zərərçəkmiş şəxsin hadisə nəticəsində heç bir xəsarət almaması barədə eyni məzmunlu izahatlar verərək onların izahatları bir-birini tamamlamışdır. Belə olan halda məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını iş faktiki hallarının müəyyən edilməsində mötəbət sübut hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi, ümumiyyətlə onun əməlində inzibati xəta tərkibinin olması obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu səbəbdən Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-2887/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2887/2025
24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver