Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2890/2025 24.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X3 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X9 protokolun məzmununa uyğun izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X8 təqdim etdikləri etirazın məzmununa uyğun çıxış edərək bildirdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən (DƏMX BŞİ) MQS MMC-də Məsul Rəhbər vəzifəsində çalışan X1 barəsində 700,00 AZN məbləğində inzibati cərimə tətbiq edilməsinə dair xx.xx.2024 tarixli, MN ******* saylı inzibati qərar qəbul edilmişdir. Qərar icra edilməsi üçün poçt vasitəsilə T.Nuralıyevin qeydiyyatda olduğu, lakin daimi yaşamadığı Salyan rayonu, Marışlı kəndinə göndərilmişdir. Lakin Marışlı kəndində poçt şöbəsi olmadığına görə qərar 3 aydan da çox bir müddət ərzində ünvanı üzrə çatdırıla bilməmiş və geri qaytarılmışdır. Yalnız bundan sonra DƏMX BŞİ xx.xx.2025 tarixli, 3-17-5/2- 22585/2025 saylı məktubla MQS MMC-yə cərimə məbləğinin T.Nuralıyevin əmək haqqından tutulması barədə müraciət etmişdir. Lakin həmin ərəfədə T.Nuralıyev barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 08-İX-25 saylı qərar çıxarılmış və həmin qərar Qaradağ rayon prokuroru F.Nağıyevin xx.xx.2025 tarixli, 2-2/313/3- 043161/2025 saylı məktubu ilə Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Belə olan təqdirdə MQS MMC tərəfindən xx.xx.2025 tarixli məktubla T.Nuralıyev barədə İXM-in 198.3-cü maddəsinə əsasən məhkəmə icraatının başlanması barədə, Qaradağ rayon məhkəməsinin 3(002)-544/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının surəti əlavə olunmaqla, DƏMX BŞİ-nə məlumat verilmiş və İXM-in 9.2-ci maddəsinə istinadən DƏMX BŞİ tərəfindən icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda T.Nuralıyev tərəfindən xx.xx.2025 tarixində məhkəməyə, surəti Qaradağ Rayon Prokurorluğuna və DƏMX BŞİ-nə göndərilməklə, İXM-in 53.1 və 53.1.7-ci maddələrinə əsasən işə xitam verilməsi xahişi ilə vəsatət təqdim olunmuşdur. Buna baxmayaraq, Qaradağ Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixdə 3(002)-544/2025 nömrəli qərardadla İş üzrə icraat başlamış və xx.xx.2025 tarixdə çıxardığı qərarla prokurorluğun tələbi təmin olunmuş və T.Nuralıyevin 1500.00 AZN məbləğində cərimə ödəməsi qət edilmişdir. Həmin qərar üzrə 3(002)-544/2025-010 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi xx.xx.2025 tarixdə Salyan rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və icra barədə qərar qəbul edilərək, bu barədə T.Nuralıyevə Bildiriş göndərilmişdir. xx.xx.2025-ci il tarixdə qərar T.Nuralıyev tərəfindən tam icra edilmiş və elə həmin tarixdə T.Nuralıyev barədə icraata xitam verilməsi barədə qərar qəbul edilmiş və bu barədə Qaradağ rayon məhkəməsinə məlumat verilmişdir. Bundan sonra MQS MMC xx.xx.2025 tarixli rəsmi məktubla DƏMX BŞİ-nə müraciət edərək, T.Nuralıyev barəsində 700,00 AZN məbləğində inzibati cərimə tətbiq edilməsinə dair xx.xx.2024 tarixli, MN ******* saylı inzibati işə xitam verilməsini xahiş etmişdir. Bu, həm də DƏMX BŞİ-nin xx.xx.2025 tarixli, 3-17-5/2-41921-2023 saylı məktubuna cavab olaraq həyat keçirilmişdir, belə ki, həmin məktubla DƏMX BŞİ MQS MMC-dən məhkəmə qərarı ilə xx.xx.2024 tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qüvvədə saxlandığı halda qərarın icrasının təmin edilməsini, həmin qərar qüvvədən salıdığı təqdirdə isə məhkəmə qərarının təqdim edilməsini xahiş etmişdir. Bu məktubun özü də göstərir ki, DƏMX BŞİ MQS tərəfindən müvafiq addımların atıldığını qəbul etmiş, lakin sonradan mövqeyini dəyişmişdir. Məsələ ondadır ki, xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qüvvədə saxlanıbsaxlanmayacağı barədə iş hələ də məhkəmə baxışındadır və son qərar hələ də məhkəmə tərəfindən çıxarılmamışdır və bu barədə işə baxılması xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Bütün bunlara baxmayaraq və inzibati qanunvericiliyin tələblərinə rəğmən DƏMX BŞİ cərimə ödənilməsində israrlı olduğunu göstərərək və MQS MMC-ni cərimə ödənişlərinin alınmasında hər hansı bir tədbir görmədiyində suçlayaraq, özünün xx.xx.2025 tarixli, 3-17/2-43167/2025 saylı məktubu ilə xx.xx.2025-ci il tarixdə videokonfrans keçirilməsini tələb etmişdir. MQS-in hüquq məsləhətçisi S.Səfərli, MQS Kadrlar şöbəsinin rəisi S.Rəsulova və T.Nuralıyevin iştirakı ilə keçirilmiş video konfransda DƏMX BŞİ-nin əməkdaşı Mahmud Məmmədova yuxarıda qeyd edilmiş məqamların hamısı bir daha ərz edilmiş və əyani faktlar əsasında MQS MMC-ni məsələ barədə hər hansı bir tədbir görməməkdə təqsirləndirməyin əsassız olduğu bildirilmişdir. Məsələ barədə son nöqtənin məhkəmə tərəfindən, yuxarıda göstərildiyi kimi, xx.xx.2025-ci il tarixdə qəbul ediləcəyini, həmin qərarın rəsmiləşdirilməsi üçün tələb olunam müddəti və qərarın T.Nuralıyevə və MQS MMC-yə çatdırılması üçün tələb olunan vaxtı nəzərə alaraq, MQS MMC DƏMX BŞİ-in xx.xx.2025 tarixli, 3-17-5/2-41921-2023 saylı məktubunda qoyulmuş tələbi, ondan asılı olmayan səbəblərə görə, yəqin ki, yalnız cari il iyul ayının 20- 25 tarixlərində yerinə yetirə biləcək. Həmin vaxtadək isə MQS MMC-nin DƏMX BŞİ-nə hər hansı bir məlumat bildirməsi və məsələ ilə hansısa bir tədbir görməsi, təəssüf ki, imkan xaricindədir. Göstərilənləri nəzərə alaraq, DƏMX BŞİ tərfmdən MQS MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, MQS MMC-nin protokolda göstərilən inzabati xətanı törətməməsi və belə bir inzibati xətanın ümumiyyətlə mövcud olmaması, MQS MMC-nin DƏMX BŞİ tərəfindən tərtib edilmiş protokolda qeyd edilmiş inzibati xəta törədilməsinə aidiyyəti olmadığı səbəbilə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, inzibati xəta haqqında material natamam olduğundan inzibati xəta haqqında protokol, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qeyd olunan maddənin dispozisiyasından görünür ki, barəsində tədbiq edilmiş şəxs inzibati cərimə ödəmədikdə bu cərimənin ödənilməsi üçün işlədiyi müəssisə (işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisə, idarə, təşkilat və ya pensiya təyin edən orqan) tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsi inzibati məsuliyyətə səbəb olur. İş materiallarına əlavə edilmiş Şəxs MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli (imzalanmayan və göndərən şəxs barəsində məlumatlar olmayan) məktubdan görünür ki, Azərbaycan Respublikası İXM-nin 198.1.1-ci maddəsinə əsasən Şəxs MMC-nin məsul rəhbəri X2 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən inzibati cərimə tənbeh növü tətbiq edilməsinə dair xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qəbul edilmiş və həmin qərar üzrə tətbiq edilmiş cərimənin tətbiq edilməsi xahiş olunmuşdur. Şəxs MMC barəsində tərtib edilmiş MN ******* nömrəli, 26 may 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar DƏMX-in Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-14097/2025 nömrəli məktubda nəzərdə tutulmuş tədbirlər görülməmiş və nəticədə onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inziabti xəta törədilmişdir. Qeyd olunan protokol baxılması üçün məhkəməyə göndərilsə də, həmin protokolun tərtib edilməsinə əsas olmuş hallar barədə hər hansı bir sənəd nə protokola əlavə edilmiş, nə də hazırki vaxtadək məhkəməyə təqdim edilməmişdir. Belə ki, Şəxs MMC barəsində əvvəllər inzibati tənbeh vermə haqqında qərarın mövcud olması, həmin qərardan MMC-nin nümayəndəsinin məlumatının olması, məlumatı olduğu halda həmin qərar əsasında tətbiq edilmiş cərimənin ödənilməməsi barədə hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, təqdim edilmiş material natamamdır. Əlavə olaraq məhkəmə qeyd edir ki, MN ******* nömrəli, 29 may 2025-ci il tarixli inzibati xəta haqqında protokolun Şəxs MMC-nin nümayəndəsinə təqdim edilməsi və ya göndərilməsi barədə sənəd də protokola əlavə edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, İXM-də də nəzərdə tutulduğu kimi bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən məhkəməyə təqim olunan sənədlərdən məlum olur ki, eyni inzibati xətaya görə artıq Şəxs MMC-nin məsul rəhbəri X2 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(002)-544/2025 nömrəli qərarı ilə daha ağır maddə ilə - İXM-nin 198.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Həmçinin hazırkı protokolun tərtib olunmasına əsas olmuş MN ******* nömrəli, 29 may 2025-ci il tarixli qərar MMC tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş və iş hazırda başqa məhkəmənin icraatındadır. Azərbaycan Respublikası İXM-nin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair qərarından görünür ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Azərbaycan Respublikası İXM-nin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Həmin Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqdim edilmiş material natamam olduğundan MN ******* nömrəli, 29 may 2025-ci il tarixli protokol, ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı Şəhər İdarəsinə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109- cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1- 1-ci maddəsi ilə tərtib edilmiş MN ******* nömrəli, 29 may 2025-ci il tarixli inzibati xəta haqqında protokol, ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı Şəhər İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-2890/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2890/2025
24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver