Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2891/2025 24.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclas katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (hüquqi ünvanı: Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 33, mənzil 20; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2023-cü il üzrə 2024-cü ildə illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etdirilməmiş, bununla da MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 təqdim etdikləri etirazın məzmununa uyğun izahat verərək bildirmişdir ki, 03 iyun 2025-ci il tarixli MN ******* nömrəli protokolda qeyd edilmiş “təşkilata xx.xx.2025-ci il tarixli 3-23/2-3157/2025 nömrəli bildiriş göndərilməsinə baxmayaraq, təşkilatın nümayəndəsinin iştiraki təmin edilməmişdir” qeydi həqiqəti əks etdirmir, belə ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən MMCyə ünvanlanmış bildiriş çatdırılmamışdır və iş üzrə əlavə edilən qəbz Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 fevral 2016-cı il tarixli 0001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi” qaydalarının 6-cı maddəsində qeyd edilmiş qaydada doldurulmamışdır, çatdırılmasına və qəbuluna dair heç bir qeyd əks olunmayıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən onlara ünvanladığını bəyan etdiyi bildirişin çatdırılmaması nəticəsində onlar İnzibati Xətalar Məcəlləsinin 61.1.2., 100.1.7., 100.2, 100.4-cü maddələrində qeyd edilmiş hüquqlarından məhrum olmuşlar və nəticədə prosessual hüquqları pozulmuşdur. Həmçinin qeyd etmişdir ki, “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi qaydaları”nın 3.4.-cü maddəsinə əsasən Cəmiyyət tərəfindən illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi barədə məlumatların dərc edilməsinə dair məktub Maliyyə Nazirliyinə xx.xx.2024-cü il tarixində ünvanlanmışdır. Bu barədə bildirir ki, "xxxx" MMC olaraq: 1. Azərbaycan Respublikasının “Mühasibat uçotu haqqında” Qanununun 12.3-cü maddəsinin 1-ci yarımbəndinə əsaslanaraq, qurumun İnternet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının, qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunmasını nəzərə alaraq, "xxxx" MMC birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından biri kimi müvafiq hesabatları 2023-cü il üzrə auditor rəyi ilə birlikdə 2024-cü ildə “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin qərarı əsasında təsdiq edilmiş qaydalara uyğun olaraq rəsmi internet səhifələrində dərc etmişlər. 2. Hesabatların dərc edilməsi müddətinə (qanunvericilikdə nəzərdə tutulmuş son tarixə) əməl olunmuşdur və bu barədə auditor tərəfindən verilmiş rəy sənədləri, Maliyyə Nazirliyinə xx.xx.2024-cü il tarixində illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi barədə məlumatların dərc edilməsinə dair ünvanlanmış məktub, "xxxx" MMC-nin rəsmi İnternet səhifəsində dərc edilmiş “İMA Energy – MALİYYƏ HESABATİ” ilə sübut edilə bilər. 3. İnzibati Xətalar Məcəlləsinin 462.1.-ci maddəsinə istinad edilərək tərtib olunan protokolun əsassız olduğunu bildirərək: • Həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyət yalnız “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi” qaydalarının 3.1.-ci maddəsidə göstərilmiş qanuni müddət və Mühasibat uçotu haqqında” Qanununun 12.3-cü maddəsinin 1-ci yarımbəndinə qeyd edilmiş formada dərc edilməməsi halında tətbiq edilə bilər; • xx.xx.2025-ci il tarixli 3-23/2- 3157/2025 nömrəli bildirişin bizə çatdı rılmaması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 61.1.2., 100.1.7., 100.2,100.4-cü maddələrində qeyd edilmiş hüquqlarımızdan məhrum olaraq iş üzrə izahatımız alınmamışdır; • Faktiki olaraq, hesabatlar vaxtında və düzgün qaydada dərc edilmişdir və bu barədə elektron izlər və hüquqi sənədlər təqdim edilə bilər.
4. Protokolun tərtib olunmasında və onların məsuliyyətə cəlb edilməsində qanunla müəyyən olunmuş inzibati xəta tərkibi mövcud deyil. Bu səbəbdən protokolun hüquqi əsası yoxdur və ləğv olunmalıdır. Qeyd olunanlara dair müvafiq sənədləri təqdim edib şirkətin barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə məhkəməyə elektron qaydada müraciət edərək bildirmişdir ki, Şəxs digər kommersiya təşkilatı kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi vanında Dövlət Vergi Xidmətinin təqdim etdiyi 2023-cü il üzrə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə dərc etməli olan kommersiya təşkilatlarının siyahısına daxil edilmişdir. Şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adlı törəmə cəmiyyəti olduğu üçün törəmə cəmiyyəti ilə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə dərc etməli idi. Şəxs verdiyi məlumata əsasən onlar imaenergy.az internet səhifəsinə daxil olmuş və həmin səhifədə yerləşdirilən birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarına giriş edə bilməmişlər. Çünki birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarına giriş etmək istəyərkən, proqram kod daxil edilməsini tələb etmişdir. Belə ki, səhifədə müvafiq bölməyə daxil olub birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları ilə (audit rəvi ilə birlikdə) tanış olmaq istəyən şəxslər üçün xüsusi kod tətbiq edilmişdir. Beləliklə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununan 12.3.1-ci maddəsinin “məlumatlardan sərbəst istifadə edilməni təmin etmək şərtilə” tələbi Şəxs tərəfindən pozulmuşdur. Qeyd edilən qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməsi üçün Maliyyə Nazirliyi tərəfindən aşağıdakı tədbirlər həyata keçirilmişdir: illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim və dərc edilməsi barədə Maliyyə Nazirliyinin elanı 19 aprel 2024-cü il tarixdə Nazirliyin internet səhifəsində yerləşdirilmişdir; -Şəxs 2023-cü il üzrə İllik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim və dərc edilməməsi ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi üzrə inzibati xəta haqqında işə 03 iyun 2025-ci il tarixdə, saat 10:15-də baxılması ilə əlaqədar Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinə çağırılması barədə 23 may 2025-ci il tarixli 3-23/2-3157/2025 nömrəli bildiriş Şəxsnə göndərilməsinə baxmayaraq cəmiyyətin nümayəndəsinin təyin edilən vaxtda Maliyyə Nazirliyinə gəlməsi cəmiyyət tərəfindən təmin edilməmişdir. Qeyd olunan qanunvericilik aktlarının tələblərini yerinə yetirmədiklərinə görə Şəxs barəsində 03 iyun 2025-ci il tarixli, ******* nömrəli İnzibati xəta haqqında Protokol tərtib edilmiş, protokolun surəti Maliyyə Nazirliyinin 3-23/2-3339/2025 nömrəli məktubu ilə Şəxsnə göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli bildirişindən görünür ki, "xxxx" MMC 2023-cü il üzrə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə 2024-cü ildə təşkilatın rəsmi internet səhifəsində və ya mətbu orqanda dərc olunmamasına görə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı qismində xx.xx.2025-ci il tarixdə saat 10:15-də Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinə çağırılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, hüquqi şəxs "xxxx" MMC 2023-cü il üzrə maliyyə hesabatlarını (konsolidə edilmiş) auditor rəyi ilə birlikdə internet səhifəsində dərc edilməsini təmin etmişdir. Həmçinin məhkəmə iclası zaman "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəsmi internet səhifəsi olan imaenergy.az internet shifəsinə baxış keçirilərkən 2023-cü il üzrə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə internet səhifəsində dərc edilməsi aşkar olunmuşdur. Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə əsasən Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə -vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli, 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunun 12.3-cü maddəsinin tələblərinə uyğun olaraq ictimai əhəmiyyətli qurumlardan qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərti ilə, illik maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması tələb olunur. Həmin Qanunun 16.1-ci maddəsinə uyğun olaraq mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının hazırlanması, təqdim olunması, dərc edilməsi ilə əlaqədar qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2023-cü il üzrə maliyyə hesabatları auditor rəyi ilə birlikdə internet səhifəsində dərc edilməklə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə tam riayət edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir Göstərilən xüsusatlar məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Nigar Qədirli