Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2895/2025 21.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polisi şöbəsinin 27 may 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə ona mesaj gəlmişdir ki, 100 manat 4 balla cərimə olunur. Səbəb, xx.xx.2025-ci il tarixdə guya o, hadisə yerindən yayınmışdır. Amma əslində elə bir şey olmayıb. Çünki o, həmin tarixdə (o, taksi işləyir) müştəri gətirmişdir ər və arvad. O, müştəriyə demişdir ki, sağdan düşün, amma qadın sağdan, kişi isə soldan düşmüşdür. Kişi soldan qapını açan kimi Honda markalı avtomobil məhlə olmasına baxmayaraq sürətli hərəkət etmişdir. Ona görə həmin maşının sağ güzgüsü onun maşınının arxa sol qapısına dəymiş və güzgü sınmışdır. Sürücü aşağı düşərək hay-küy salmışdır. O da müştəriyə demişdir ki, axı dedim ki, sizə, soldan düşməyin. Bu zaman müştəri səhvini anlayaraq keçib güzgüsü qırılan avtomobilin sürücüsü ilə söhbət etməyə başlamış, sonra həmin müştəri sürücüyə 40 manat pul vermişdir, ona dəymiş ziyanı qarşılamaq məqsədi ilə. O, yenə də sürücüyə nömrəsini vermiş, onun da nömrəsini götürmüşdür ki, başqa problem yaranarsa əlaqə saxlayarlar. Səhəri danışmışlar, problem olmamışdır. Amma sonradan şərəfsiz kimi gedib DYP bölməsinə şikayət edib ki, guya o, həmin sürücünün maşınını vurub qaçmışdır. O, polisə belə yalan demişdir. Hadisə zamanı o, sürücü ilə razılaşdığı üçün, dəymiş zərər ödənildiyinə görə polisə zəng edib boş yerə vaxtını almaq, məşğul etmək istəməmişdir. Amma polis yalan ifadə verməsinə baxmayaraq, onu çağırmadan, xəbəri, məlumatı və iştirakı olmadan, araşdırma aparmadan ona 100 manat, 4 bal cərimə yazıb. O da həmin sürücüyə zəng edib pul almağı barədə danışıb səsini yazmış, polisə vermişdir ki, o, yalan danışır. Polis də ona məsləhət vermişdir ki, o, alçağın üzünə tüpürəcəkdir və ona protokolu məhkəməyə verməsini demişdir. Barəsində yazılmış qanunsuz qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X2 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o, digər nəqliyyat vasitəsinin sahibi ilə telefonda və “WhatsApp” vasitəsi ilə əlaqə saxlamış, danışmışdır. Sürücüyə demişdir ki, güzgünü düzəltdirməyə 50 manat xərc çəkibsə, 10 manatı da o, ödəyər. O, hadisə yerindən yayınmamışdır. Qeyd etdiklərini nəzərə alaraq, inzibati qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polisi şöbəsinin axtarış üzrə inspektoru X4 izahatında göstərmişdir ki, “Hyundai Elantra” markalı **-YX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X1 əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozmasına və yol hərəkətini pozan sürücü olaraq yol-nəqliyyat hadisəsi yerindən yayınmasına görə həmin sürücü barəsində inzibati xəta haqqında protokol tərtib etmiş, protokol əsasında isə o, inzibati qaydada tənbeh olunmuşdur. Bu barədə məlumat onlara “102” xidmətindən daxil olmuş, demişlər ki, sürücü hadisə yerindən yayınmışdır. Sonra şikayətçi gəlmiş, izahat vermişdir. Lakin həmin şikayətçi barəsində şikayət verdiyi Məhəmməd Məmmədlinin onunla əlaqə saxladığını, ona nömrə verdiyini, Məhəmməd Məmmədlidən pul aldığını deməmişdir. Həmin sürücü onları da aldatmışdır. Şikayət üzrə hər hansı qərar qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Şikayətə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polisi şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin orqanın əməkdaşı olan inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin iştirak etməsini, işin faktiki hallarını nəzərə alaraq, qeyd olunan orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polisi şöbəsinin 27 may 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Bakı şəhəri Özbəkistan küçəsində 06 aprel 2025-ci il tarixdə saat 00:30-da “Hyundai Elantra minik” markalı **-YX- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X2 “yol hərəkətini pozan nəqliyyat vasitəsi sürücüsünün yol-nəqliyyat hadisəsi yerindən yayınmasına və əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə” Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs kimi barəsində 100 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə - qırx manat məbləğində cərimə edilir. 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə - yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilməmiş, X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq və sübut edən müvafiq sübutlar əldə edilməmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. 37-ci maddəsinin İV hissəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yolnəqliyyat hadisəsi zamanı: 1) nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nikanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; 2) zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır; 3) başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir; 4) hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir; 37-ci maddəsinin V hissəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin “Qeyd” hissəsinin 7-1-ci bəndində nəzərdə tutulmuş hallarda yol-nəqliyyat hadisəsi yerini tərk edə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin “Qeyd” hissəsinin 7-1-ci bəndinə əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yolnəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücünün hadisə yerini tərk etməsinə bu Məcəllənin 327.6-cı maddəsinin qüvvəsi şamil edilmir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X1 06 aprel 2025-ci il tarixdə saat 00:30-da idarə etdiyi “Hyundai Elantra minik” markalı **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Özbəkistan küçəsində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozaraq Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə dair ilkin məlumatlar mövcud olsa da, o, faktiki olaraq nəqliyyat vasitəsini yerindən tərpətməmiş, özü və nəqliyyat vasitəsi barədə məlumatları, əlaqə vasitələrini digər nəqliyyat vasitəsinin sürücüsünə bildirmiş, xətanın baş verməsinə səbəb olmuş sərnişin maddi ziyanın dəyərini ödədikdən sonra, özü tərəfindən də əlavə ödəniş etməyin mümkünlüyünü digər sürücüyə bildirmiş, sonradan da həmin sürücü ilə bu məqsədlə telefon vasitəsi ilə əlaqə saxlamışdır. Həmçinin xəta zamanı bədən xəsarəti alan şəxs olmamış, hadisə yerində tərəflər arasında mübahisəli hal da baş verməmişdir. Məhkəmə qeyd edir ki, X2 Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsə də, İXM-nin 34cü maddəsi ilə müəyyən edildiyi qaydada, daha ciddi xətaya görə, yəni İXM-nin 327.6-cı maddəsi ilə barəsində tənbeh tətbiq edilmişdir, hazırkı halda da X2 tərəfindən qərar həmin hissədə mübahisələndirilmişdir, ona görə məhkəmə qərarın əsaslılığını məhz həmin hissədə yoxlayaraq, belə qənaətə gəlmişdir ki, qərar mübahisələndirilən hissədə qanunsuz və əsassızdır, ona görə ləğv olunmalı, X2 barəsində İXM-nin 327.1-ci maddəsi ilə yeni inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar səlahiyyətli orqana göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, onun 06 aprel 2025-ci il tarixdə yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsü qismində yol nəqliyyat hadisəsi yerindən yayınmasına dair sübut əldə edilməmiş, habelə məhkəmədə şikayətə baxılarkən də təqdim edilməmişdir. Əksinə, müəyyən edilmişdir ki, X2 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda (37-ci maddə) müəyyən edilmiş tələblərə tam əməl etmişdir. Ona görə X1 əməlində İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından şikayət təmin olunaraq, mübahisələndirilən qərar həmin hissədə ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, eyni zamanda X2 barəsində İXM-nin 327.1-ci maddəsi ilə yeni inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar səlahiyyətli orqana göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polisi şöbəsinin X1 Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsi ilə təqsirli bilinərək tənbeh olunmasına dair 27 may 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilsin və iş üzrə icraata həmin hissədə xitam verilsin. X1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə yeni inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2895/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2895/2025
21.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver