Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2899/2025 12.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PBnin nümayəndəsi, polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə, 24 avqust 1995-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Beyləqan rayonunun Əlinəzərli kəndində qeydiyyatda olan, Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış massivi, K.B.Mehmandarov küçəsi, Ö/T, ev 296B-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 11 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən Şəxs 11 iyun 2025-ci il tarixdə saat 20:10 radələrində Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti, 172 ünvanında polis əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirmələri zamanı onlara qarşı nalayiq ifadələr işlədərək səs-küy salmış, ictimai qaydanı pozan hərəkətlərlə xırda xuliqanlıq etmiş və ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin nümayəndəsi, polis sahə rəisi X2 protokolun məzmununa uyğun izahat vermiş və Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, 11 iyun 2025-ci il tarixdə özünə məxsus “Toyota Prius” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Heydər Əliyev prospektində hərəkətdə olarkən 317 nömrəli avtomobildə olan DYP əməkdaşları ona “saxla” komandası vermişlər. O da maşını yolun kənarına çəkərək maşını saxlamış və düşmüşdür. İnspektor ona maşınının arxa şüşəsində yazı olduğunu bildirmiş və silmək lazım olduğunu demişdir. O da iki gün sonra ustaya gedəcəyini, o zaman sildirə biləcəyini, həmin yerdə silinməsinin mümkün olmadığını bildirmişdir. Daha sonra sözləri düz gəlməmiş, o da çəkiliş apararaq sökəcəyini demiş, çəkiliş apararkən qolunu buraraq telefonu əlindən almışlar. Daha sonra post-patrul əməkdaşları onu xidməti avtomobilə mindirərək 23-cü PB-nə aparmışlar. O, polis əməkdaşlarına qarşı kobudluq etməmişdir. Amma ona və valideyninə, anasına qarşı təhqir və şiddət göstərilmişdir. Anası maşında oturmuş, polis əməkdaşları onun qolunu buraraq telefonu əlindən alan zaman anası maşından düşmüşdür. Onu post-patrul əməkdaşı maşına dəvət etmiş, o da gedib maşına oturmuşdur. Anasının getməsinə ehtiyacı olmadığı halda zor tətbiq edərək onu bardurun üstü ilə sürütləyərək post-patrul avtomobilinə mindirmişlər. O, 44 günlük Vətən müharibəsinin iştirakçısıdır, iki azyaşlı uşağı vardır. Qeyd etdiklərinin nəzərə alınmasını, xəta törətmədiyini nəzərə alaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin X13 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yol patrul xidməti inspektoru X7 izahatında göstərmişdir ki, 11 iyun 2025-ci il tarixdə saat təxminən 20:10 radələrində Heydər Əliyev prospektində **-YP-*** çağırışlı patrul avtomaşını ilə xidmətdə olarkən hərəkətdə olan **- NM-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobilin arxa yan şüşələrində qanunla icazə verilməyən pərdə olduğu və avtomobilin arxa yayları kəsili olduğu üçün, bununla da avtomobildə konstruksiya dəyişikliyi olduğuna gorə “saxla” işarəsi vermişlər. Sürücüyə qanun pozuntularını izah edib arxa şüşədəki yazıları silməyini tələb etmişlər. Dəfələrlə izah etsələr də, sürücü polisin qanuni tələblərinə məhəl qoymamış, onları təhqir edərək tabe olmamışdır. Maşında olan sərnişin xanım düşərək onların xidmətinə mane olmuş, onları təhqir etmiş, əl-qol atmağa çalışmış, daha sonra isə özünü yolun hərəkət hissəsinə atmışdır. Əraziyə PPX-dan kömək naryad dəvət etmişlər və bölmədən əməliyyat qrupu gələrək sürücünü və sərnişini post-patrul ilə birlikdə 23-cü PB-nə təmin etmişlər. Avtomobili isə evokator vasitəsi ilə duracağa təmin etmişlər. Raport yazmaqla həmin şəxslər barəsində tədbir görülməsini xahiş etmişlər. Müəyyən edilmişdir ki, onlar Şəxs və X6r. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin postpatrul xidməti bölüyünün polis nəfəri X8 izahatında göstərmişdir ki, 11 iyun 2025-ci il tarixdə saat təxminən 20:10 radələrində xidmətdə olduqları zaman Heydər Əliyev prospektində “ASAN” xidmətin qarşısında Baş X13i İdarəsinə aid 317 çağırışlı patrul avtomaşınının kömək tələb etməsi barədə məlumat verilmiş, həmin yerə hərəkət etmələri barədə göstəriş verilmişdir. Qeyd olunan ünvana çatdıqda, iki nəfər şəxsin polis əməkdaşların tələblərinə məhəl qoymadıqlarını, onları təhqir etdiklərini müəyyən etmişlər. Həmin şəxsləri polis bölməsinə dəvət etsələr də, onların qanuni tələblərinə tabe olmamışlar, qadın özünü yolun hərəkət hissəsinə atmışdır. Bundan sonra kişi sürücünü və xanım sərnişini post-patrul avtomobili ilə 23-cü PB-nə təmin etmiş, raport yazmaqla barələrində tədbir görülməsini xahiş etmişlər. Müəyyən edilmişdir ki, onlar Şəxs və X6r. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Həmin Qanunun 17-ci maddəsinə əsasən üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək və s. hüquqları vardır. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, lakin İXM-nin 34.3-cü maddəsinin tələbləri baxımından daha ciddi xəta hesab olunan İXM-nin 535.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə qeyd edir ki, Şəxs irəli sürdüyü dəlillər məhkəmədə toplanaraq tədqiq edilən sübutlarla təkzib olunmuşdur, onun inzibati xətanı törətməsi və xətada təqsirinin olması inzibati araşdırma zamanı öz təsdiqini tapmış və sübuta yetirilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanılaraq aparılmasına, inzibati xəta haqqında protokolun tərtib olunmasına mane olan hallar, o cümlədən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Şəxs Vətən müharibəsinin iştirakçısı olmasını və himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini, işin faktiki hallarını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində İXM-nin 510 və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş (daha ciddi xəta hesab olunan İXM-nin 535.1-ci maddəsi ilə) cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs baxılan işlə bağlı 11 iyun 2025-ci il tarixdə saat 20:45-də tutulduğunu və hazıradək tutmada saxlanıldığını nəzərə alaraq, hesab edir ki, ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 150 manat cərimə məbləğinin dörddə üçündən çox olmayan həddə cərimə təyin edilməli və o, dərhal tutmadan azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət (iş saatları) üçün (Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli 141 saylı qərarına əsasən) hüquqi yardım haqqı müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 535.1-ci maddəsi ilə, eyni Məcəllənin 31.4- 1-ci maddəsi tətbiq edilməklə, barəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X4 müvafiq hesablaşma hesabı üzərindən 33 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2899/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2899/2025
12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver