Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2901/2025 21.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X1, qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, X1 inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin 29 may 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, “Yol hərəkəti haqqında” qanunu yaxşı bilən və əməl edən vətəndaşdır. xx.xx.2025-ci il tarixində o, ünvan 1 ərazisində Nizami Rayon Məhkəməsinin qarşısında DYPİ Yol patrul xidməti inspektoru X7 tərəfindən əsassız şəkildə saxlanılmışdır. Saxlama səbəbi kimi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyi bildirilmişdir. Halbuki, o, daima təhlükəsizlik kəmərini istifadə edir və elə saxlanılan zaman da təhlükəsizlik kəmərindən istifadə etmiş və bu faktı da polis əməkdaşına izah etmişdir. Deyilən məqama etirazını bildirmiş və inspektor tərəfindən bu məqamın dəqiqləşdirilməsini, video görüntüyə baxılmasını xahiş etmişdir. Yol polisi bu halla bağlı əmin olmamış və tərəddüd etmişdir. İnspektor ona yan tərəfdən olan görüntünü göstərmiş və o görüntüdə belə həmin məqam aydın görsəməmişdir. Belə ki, video uzaqdan çəkilmiş və onun qara pencəyinin üstündən qara kəmərin aydın görünmədiyi bildirilmişdir. Tələbi öndən görünən görüntünün olması ilə bağlı idi ki, orda ağ köynəyin üstündən açıq-aydın şəkildə kəmərdən istifadə etdiyini görmək mümkün olardı. Bu barədə inspektorda görüntünün olmadığı ona deyilmiş və etirazı olduğu təqdirdə şikayət edə bilmək hüququ bildirilmişdir. Əmin olmamasına, eyni zamanda görüntünün aydın görünməməsinə baxmayaraq, bununla yanaşı onun izahını qəbul etməyərək ona qərarsız protokol tərtib etmişdir. Bu barədə dərhal DİN-in “102” xidmətinə məsələnin aydınlaşdırılması və həmin ərazidə olan avtomobilin öndən görən videogörüntülərdən baxılması və ədalətli şəkildə araşdırılması üçün müraciət etmişdir. xx.xx.2025-ci il tarixində ona DİN Baş X10 İdarəsindən zəng edilmiş, görüntülərə baxılaraq ona qaydalara riayət edən, səliqəli avtomobili idarə edən və məsuliyyətli sürücü olduğu bildirilmişdir. Eyni zamanda, həmin görüntülərə baxıldığı və həqiqətən də təhlükəsizlik kəmərindən istifadə etdiyi bildirilmiş, lakin məsələ ilə bağlı DİN Baş X10 İdarəsinə yaxınlaşmağı istənilmişdir. Öz növbəsində əməkdaşa təşəkkürünü bildirmiş, lakin işi ilə əlaqədar vaxtının az olduğunu, idarəyə yaxınlaşmağının çətin olduğunu bildirmişdir. Bununla yanaşı, bildirmişdir ki, əgər görüntüyə baxıb təhlükəsizlik kəmərindən istifadə etdiyi aşkar edilibsə, yazılan protokolun ləğv edilsin və anlaşılmazlıq aradan qalxsın. Buna baxmayaraq, DİN BDYPİ-ə yaxınlaşmağı istənildi. xx.xx.2025-ci il tarixində həmin İdarəyə yaxınlaşmış və ona zəng edən əməkdaşın qəbulunda olmuşdur. Yenidən ona məsuliyyətli və qaydalara riayət edən sürücü olduğu, lakin cərimənin ödənilməsinin lazım olduğu bildirilmişdir. Təbii ki, bu qərar ilə razılaşmamışdır, belə ki, təhlükəsizlik kəmərindən istifadə etdiyi halda ona əsassız şəkildə ondan istifadə etmədiyi bildirilmişdir. Ədalətin təmin olunması üçün məhkəməyə müraciət edəcəyini əməkdaşa bildirmişdir. xx.xx.2025-ci il tarixində protokolun qərarlı olması barədə SMS məlumat almışdır. xx.xx.2025-ci il tarixində qərarı götürmək üçün yenidən DİN BDYPİ-ə yaxınlaşaraq protokolu götürmüşdür. Qeyd olunanlara əsasən onun inzibati məsuliyyətə cəlb olunmağı barədə xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokolun etibarsız hesab edilməsi, onun əsasında çıxarılmış xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv olunması, aidiyyəti əməkdaşların fəaliyyətinə hüquqi qiymət verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X3 şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o, həmişə təhlükəsizlik kəmərindən istifadə edir, hətta ailə üzvləri belə yanında oturanda və ya digər bir sərnişin oturduğu halda təhlükəsizlik kəmərindən istifadə etmələrini onlardan tələb edir. Qərarda göstərilən vaxt da o, təhlükəsizlik kəmərindən istifadə etmişdir. Yol polisi əməkdaşı qayda pozuntusu barədə ona bildirdikdə, o, bunu təsdiq edən görüntünün və ya digər sübutun təqdim olunmasını təklif etmişdir. Yol polisi əməkdaşı avtopatrula oturaraq videogörüntüyə baxmışdır, hansı ki, həmin görüntü onu soldan görən görüntü olmaqla təhlükəsizlik kəmərindən istifadə etmədiyini özündə əks etdirməmişdir. Yol polisinin özü də əmin olmadığına görə qərarsız protokol tərtib etmiş və şikayəti olduğu halda edə bilməsini demişdir. O, DİN-in 102 xidmətinə zəng edərək məlumat vermiş, oradan da görüntülərə baxdıqlarını, kifayət qədər səliqəli sürücü olduğunu bildirmişlər. İnzibati xətaya yol vermədiyindən, şikayətinin təmin olunmasını və qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin nümayəndəsi X5 izahatında göstərmişdir ki, inzibati xətanın törədilməsini təsdiq edən videogörüntünü məhkəməyə təqdim etmişlər. İnzibati xətanın törədildiyinin sübuta yetirildiyini və şikayətin əsassız olduğunu nəzərə alaraq, şikayətin təmin olunmamasını, qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin 29 may 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 ünvan 1 ünvanında 19 may 2025-ci il tarixdə saat 19:16-da “Hyundai Sonata minik” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobil “təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə, Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsinə əsasən barəsində 40 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı icraat “İnzibati xəta haqqında iş üzrə qərara yenidən baxılma”nı əhatə edir, inzibati xətalar qanunvericiliyində inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında qərardan şikayətə baxılması nəzərdə tutulmuşdur, ona görə şikayətə həmin tələblər daxilində baxılır. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə - qırx manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilməmiş, X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq və sübut edən müvafiq sübutlar əldə edilməmişdir. Belə ki, X1 inzibati məsuliyyətə cəlb olunaraq tənbeh edilməsinə, onun ünvan 1 ünvanında 19 may 2025-ci il tarixdə saat 19:16-da “Hyundai Sonata minik” markalı, **-MT- *** dövlət qeydiyyat nişanlı avtomobil “təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməsi” əsas olmuşdur. Lakin ehtimal olunan həmin xətanın törədilməsini təsdiq edən, eləcə də, həmin xətanın törədilməsində X1 təqsirli olmasını təsdiq edən sübutlar mövcud deyildir. Ehtimal olunan inzibati xəta haqqında protokolu tərtib edən YPX inspektoru tərəfindən X2 nümayiş etdirilən, eyni zamanda məhkəmə iclasında baxış keçirilmiş eyni videogörüntüdən nəqliyyat vasitəsini idarə edən sürücünün təhlükəsizlik kəmərindən istifadə etmədiyi barədə qənaətə gəlinməsi üçün əsaslar yoxdur, həmin görüntü soldan qeydə alınmışdır, daha aydın və eləcə də qarşıdan qeydə alınmış görüntü mövcud deyildir. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində, yəni inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bir sözlə, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Ona görə məhkəmə təkrar olaraq diqqətə çatdırır ki, qanunvericiliyin tələbinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Hansı ki, məhkəmə iclasında X1 Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş “təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmə” ilə müşayiət olunan inzibati xətanı törətməsi və onun bu xətanın törədilməsində təqsirli olması faktiki olaraq müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, onun tərəfindən 19 may 2025-ci il tarixdə təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə dair sübut əldə edilməmiş, habelə məhkəmədə şikayətə baxılarkən də təqdim edilməmişdir. Ona görə X1 əməlində inzibati xəta tərkibi olmadığından şikayət təmin olunaraq, mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, X1 şikayəti “aidiyyəti əməkdaşın fəaliyyətinə hüquqi qiymət verilməsi”nə dair hissədə araşdırılaraq hüquqi qiymət verilmir, o, istinad etdiyi əməkdaşların dairəsini müəyyən edərək ona qarşı yol verdikləri, neqativ hesab etdiyi hallarla bağlı tabelik qaydasında səlahiyyətli orqana və aidiyyəti prokurorluq orqanına müraciət edə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin X1 Azərbaycan Respublikası İXMnin 329.1-ci maddəsi ilə 40 manat məbləğində inzibati cərimə edilməsinə dair 29 may 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2901/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2901/2025
21.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver