Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2918/2023 05.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin böyük icra məmuru X4, zərərçəkmiş şəxs X2 (Zərərçəkmiş şəxs), onun nümayəndəsi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi- Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Vəkil, tərcüməçi X1 iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ev 78, mənzil 14-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 19 may 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan 2(007)-1398/2022 nömrəli mülki iş üzrə onun cavabdeh X3 (Zərərçəkmiş şəxs) qarşı “nikahın pozulması, uşağın ananın yanında saxlanması və aliment” tələbinə dair yekun məhkəmə aktı qəbul edilənədək, X2 (Zərərçəkmiş şəxs) 10 may 2017-ci il təvəllüdlü X5 (İsmaılov Arthur) ilə hər həftənin şənbə günü saat 11:00-dan 15:00-dək ünsiyyətdə olması üçün görüş vaxtı müəyyən edilməsinə dair həmin məhkəmənin 25 may 2022-ci il tarixli MTT(007)-54/2022 nömrəli icra sənədinin, o cümlədən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan 2(007)-1398/2022 nömrəli mülki iş üzrə onun cavabdeh X3 (Zərərçəkmiş şəxs) qarşı “nikahın pozulması, uşağın ananın yanında saxlanması və aliment” tələbinə dair yekun məhkəmə aktı qəbul edilənədək, X3 (Zərərçəkmiş şəxs) o, Bakı şəhərində olmayan zaman 10 may 2017-ci il təvəllüdlü X5 (İsmaılov Arthur) ilə onlayn formada, yəni internet vasitəsilə video-görüntü ilə ünsiyyət saxlamasına icazə verilməsinə dair həmin məhkəmənin 13 iyul 2022-ci il tarixli e- MTT(007)-74/2022 nömrəli icra sənədinin icra edilməsi ilə bağlı tələbləri üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, icra məmurunun məhkəmə qərarlarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli 3(007)- 2918/2023 nömrəli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11 avqust 2023-cü il tarixli 3(103)-1566/2023 nömrəli qərarı ilə, zərərçəkmiş şəxsin və nümayəndəsinin apellyasiya şikayətlərinə əsasən, sözügedən qərar ləğv olunaraq inzibati xətaya dair iş baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin böyük icra məmuru X7 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, uşaqla üniyyətin baş tutmamasını təsdiq edən aktlar, o cümlədən tələbkarən çoxsaylı şikayətləri vardır. O, borclunu icra şöbəsinə dəvət, tələbkarın uşaqla ünsiyyətini təmin etmək üçün borclunun ünvanına məktublar yazmış, zənglər etmiş, zəngə cavab verməyəndə isə “WhatsApp” vasitəsilə yazmışdır. Ümimilikdə isə, hər iki tərəf problemlidir, uşaqla ünsiyyəti təmin etmək istəyərkən uşağın yanında dava-dalaş edirlər, uşağı alət edirlər, bir-biri ilə prinsip aparırlar. Borclu Şəxs müvafiq tarixlərdə icra sənədinin icrasını təmin etmədiyinə, bununla bağlı onun qanuni tələblərini yerinə yetirmədiyinə görə 19 may 2023-cü il tarixdə borclunun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Sonuncu dəfə 02 sentyabr 2023-cü il tarixdə də borclu tələbkarın uşaqla görüşüb ünsiyyət saxlaması üçün uşağı icra şöbəsinə gətirməmiş, iki həftəlik rayona getdiyini bildirmişdir. Protokol əsasında borclu barəsində qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, tələbkarın uşaqla görüşünə 2022-ci ilinin iyun ayında başlanmış, bu, bir neçə dəfə baş tutmuşdur, uşaq görüşmək istəməyib aralanmaq istəyəndə isə tələbkar onu zorla saxlayıb möhkəm sıxmış və bu zaman uşaq sıxılmışdır. Bununla bağlı polisə də müraciət etmiş və araşdırma aparılmışdır. O, uşağı görüş üçün icra şöbəsinə apara bilmədiyi vaxtlarda ərizə və arayış təqdim etmişdir. Tələbkarın özünün də gələ bilmədiyi vaxtlar olmuşdur. Tələbkar istəyir ki, ona problem yaratsın. Ona hədəqorxu gəlir, barəsində yalandan məlumat yayır, işdən çıxarılmasına səbəb olur, onu tutduracağını deyir. Bütün yayı uşağı istirahətə aparmayıb gözləmişdir. Lakin tələbkar öz planları ilə hərəkət edir. Tələbkar ölkədən getmiş, 2023-cü ilin fevral ayında qayıtmışdır. Fevral-mart aylarında uşaq xəstə olmuşdur, bunu təsdiq edən arayışları və gələ bilməməsi barədə ərizələri icra məmuruna vermişdir. Uşaq atası ilə danışmaq istəmir, online görüşlərə də zorla qoşulur. Tələbkar uşağın yanında ona hücum etdiyi üçün uşaq qorxmuşdur, ona görə uşağı psixoloqa aparır. 20 avqust 2022-ci il tarixdən 2023-cü ilin fevral ayınadək olan müddətdə uşağı görüşə aparmaq üçün ümumiyyətlə ona zəng vurulmamışdır. İcra sənədinin icrası qeyd etdiyi üzrlü səbəblərdən baş tutmadığına görə inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 (Zərərçəkmiş şəxs) izahatında göstərmişdir ki, borclu Şəxs onun uşağı ilə görüşüb ünsiyyət saxlamasına mane olur, həmçinin online qaydada ünsiyyəti də təşkil etmir. O, 31 yanvar 2023-cü il tarixdən “Novruz bayramı”nadək Bakı şəhərində olmuş, sonra Niderland Krallığına getmiş, iyul ayında isə geri qayıtmışdır. İndiyədək yenə də uşaqla görüşməsi mümkün olmamışdır. Borclu ünsiyyət üçün uşağı icra şöbəsinə gətirmir, özünün də evə gedib uşaqla görüşməsinə icazə vermir. 2022-ci ilin iyulun 10-da 1 saatlıq uşağı görə bilmiş, 2022-ci ilin avqust ayından 18 mart 2023-cü il tarixədək olan müddətdə uşaqla canlı görüşü olmamışdır. O, əsasən Niderland Krallığında yaşayır, uşağına necə mənfi təsir göstərə bilər. İcra sənədini icra etmədiyinə, onun uşaqla ünsiyyətinə mane olduğuna görə o, borclu Şəxs cəzalandırılmasını istəyir, lakin bilir ki, cərimə olunsa onun verdiyi aliment pulu ilə cəriməni ödəyəcəkdir. Ona görə borclunun həbs olunmasını istəyir. Bundan başqa, borclu 2023-cü ilin sentyabr ayının əvvəllərində də onun uşaqla görüşməsini təmin etməmiş, rayonda istirahətdə olduğunu bildirsə də, faktiki Bakı şəhərində keçirilən tədbirdə iştirak etmişdir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk növbədə işdə iştirak edən şəxslərin izahatlarında və təqdim etdikləri sübutlara münasibətdə qeyd edir ki, hazırkı icraatda 19 may 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola baxıldığından, həmin dövrədək toplanmış materiallara baxılaraq sübutlara qiymət verilməlidir. Hansı ki, məhkəmə iclasında tədqiq olunmuş həmin sübutlarla müəyyən edilmişdir ki, 25 may 2022-ci il tarixli MTT(007)-54/2022 nömrəli və 13 iyul 2022-ci il tarixli e- MTT(007)-74/2022 nömrəli icra sənədləri əsasında Bakı şəhəri Nizami rayon icra şöbəsində müvafiq olaraq 31 may 2022-ci il və 15 iyul 2022-ci il tarixlərdə icraata başlanılmış, həmin qərarlar və bildirişlər icranı könüllü olaraq təmin etməsi üçün borclu Şəxs göndərilmişdir. MTT(007)-54/2022 nömrəli icra sənədinin icrası ilə əlaqədar borclu icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayındığına görə icra məmurunun təqdimatı əsasında məhkəmənin 31 mart 2023-cü il tarixli 8(007)-122/2023 nömrəli qərardadı ilə onun məcburi qaydada gətirilməsi qərara alınmışdır. Borclu Şəxs tələbkar X2 (Zərərçəkmiş şəxs) icra sənədləri ilə müəyyən edilmiş uşaqla ünsiyyət hüququnu həyata keçirməsi üçün 03 sentyabr 2022-ci il, 04 fevral 2023-cü il, 07 fevral 2023-cü il, 11 fevral 2023-cü il, 14 fevral 2023-cü il, 18 fevral 2023-cü il, 21 fevral 2023-cü il, 25 fevral 2023-cü il, 04 mart 2023-cü il, 11 mart 2023-cü il və 18 mart 2023-cü il tarixlərdə müvafiq olaraq uşağı icra şöbəsinə gətirməmiş və ya online qoşulmaqla ünsiyyəti təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin Qeydinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə iclasında Şəxsnun göstərilən qaydada inzibati məsuliyyətdən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə inzibati xəta törətmiş Şəxs izahatında göstərilənlərə tənqidi yanaşaraq inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirir, qeyd edir ki, ki, irəli sürülən dəlillər məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təkzib olunur, işin icraatına xitam verilməsi üçün əsas hesab oluna bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxsnun əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini nəzərə alaraq, onun barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir. Məhkəmə bu zaman nəzərə alır ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi, həmin şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. İş materiallarından görünür ki, Şəxs hazırkı iş üzrə tutulmamışdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur, vəkili müqavilə əsasında iştirak etdiyindən, dövlət hesabına təyin edilmədiyindən, göstərilən hüquqi yardıma görə əmək haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi məsələsinin müzakirəsinə əsas yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2918/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2918/2023
05.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver