Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2921/2023 26.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızı, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola dair materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Lənkəran-Astara regional ərazi şöbəsinin baş əmək müfəttişi A.N.Sultanov tərəfindən tərtib edilmiş 12 dekabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələbləri pozularaq Cəmiyyətin Bakı ofisində satış təmsilçisi kimi işə cəlb edilmiş X1 ilə əmək müqaviləsi bağlamadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(018)-2/2023 saylı qərardadı ilə hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Lənkəran-Astara regional ərazi şöbəsindən daxil olmuş inzibati xətaya dair material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən hərəkətlə törədilən inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın obyektiv cəhətini təşkil edən hüquqa zidd hərəkətin törədildiyi yerdir. İnzibati xəta hərəkətsizlik formasında törədildiyi hallarda isə onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin, o cümlədən hüquqi şəxsin öhdəliyinin icra edilməli olduğu yer hesab olunur. Belə ki, iş materiallarında olan “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarılmış vergi ödəyicilərinin məlumatlarından görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı Astara rayonu Kakalos kəndidir. İş materiallarından müəyyən edilir ki, Şəxs MMC qeyd olunan inzibati xətanı üzərinə düşən öhdəliyi hüquqi ünvanında müvafiq tədbir görməməklə, yəni əmək müqaviləsi bağlamadan şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Qeyd olunmalıdır ki, inzibati xətanın törədilmə yeri Şəxs MMC-nin hüquqi ünvanının olduğu yerdir. Ona görə də məhkəmə hesab edir ki, inzibati işə aidiyyəti üzrə Astara Rayon Məhkəməsində baxılmalıdır. Göründüyü kimi işin məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsində fikir ayrılığı yaranır. İstinad olunan normaların tələblərini, işin faktiki hallarını nəzərə alaraq belə hesab edirəm ki, törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hərəkətsizlikdə ifadə olunduğuna, bununla da inzibati xətanın törədildiyi yer hüquqi şəxsin hüquqi ünvanı hesab olunduğuna görə, işə Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən deyil, Şəxs MMC-nin hüquqi ünvanı olan Astara rayonunun yurisdiksiyasının aid olduğu məhkəmə tərəfindən baxılmalıdır. İnzibati işi digər məhkəmədən almış məhkəmənin onun məhkəmə icraatının mümkünlüyünü yoxlayan zaman işin başqa məhkəmənin səlahiyyətinə aid olduğunu və ona göndərildiyini müəyyən etdikdə özünün materialı onu göndərmiş məhkəməyə və ya digər aidiyyəti məhkəməyə göndərməsi qanunla qadağan edilir. Ona görə hesab edirəm ki, material məhkəmə aidiyyətinə dair məsələnin həlli üçün məhkəmənin yurisdiksiya üzrə aid olduğu Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 109, 110, 112 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair material, işin ərazi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərilməsi məsələsinin həlli üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-2921/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2921/2023
26.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver