Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2939/2022 23.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktoru X1 iştirakı ilə, «X2 Co» MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 24 noyabr 2022-ci il tarixli 14000-0826/22 saylı inzibati xəta haqqında protokoldan və materiallardan görünür ki, «X2 Co» MMC Polşadan ünvanına gələn 1 ədəd “Scania R420LA” markalı yəhərli dartıcı nəqliyyat vasitəsini Azərbaycan Respublikasının Gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, 15 noyabr 2022-ci il tarixdə “Xanoba” gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin nəqliyyat vasitəsinə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verilməmiş və bununla Azərbaycan Respublikasının İXMnin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında «X2 Co» MMC-nin direktoru X3 izahatında göstərmişdir ki, məlumatları olmadığı üçün həmin nəqliyyat vasitəsinə dair tərəflərindən qısa idxal bəyannaməsi verilməmişdir. Sonda iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, lakin naməlum səbəbdən məhkəmə iclasına gəlməmiş inzibati orqanın nümayəndəsinin iştirakı olmadan inzibati işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu inzibati xəta haqqında iş üzrə icraat materialları ilə əlaqəli araşdıraraq qeyd edir ki, «X2 Co» MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, sənədlərə əsasən «X2 Co» MMC-nin ünvanına gələn 1 ədəd “Scania R420LA” markalı yəhərli dartıcı nəqliyyat vasitəsi barədə gömrük orqanına elektron qaydada qısa idxal bəyannaməsinin Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada verilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 920 saylı, 21 may 2016-cı il tarixli fərmanının 2.2ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Məhkəmə, «X2 Co» MMC-nin bаrəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsini müzakirə edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 3, 9.1, 12.1, 21, 31.3, 32 və 33-cü maddələrinin tələblərini nəzərə alır. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, «X2 Co» MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən iş üzrə icraatı rədd edən hallar müəyyən olunmamışdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: «X2 Co» MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-2939/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2939/2022
23.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver