Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2942/2021 15.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi ev 37, mənzil 52-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-dən daxil olmuş 05 noyabr 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 24 iyul 2021-ci il tarixdə saat 12:35 radələrində idarə etdiyi “Toyota Prius (Hibris) minik” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində yolun 3-cü zolağı ilə üzü şəhər istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndini (yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizlikləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı) tələblərini pozub, yolun 3-cü zolağında nasazlıq səbəbindən müvəqqəti dayanmış “Scania” markalı TF-190-TF Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, toqquşma zamanı avtomobilində sərnişin kimi əyləşmiş Zərərçəkmiş şəxs dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirilmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclaslarına gəlməmişlər. Məhkəmə həmin şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, **-SY-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 24 iyul 2021-ci il tarixdə saat 22:35 radələrində Nizami rayonu, Heydər Əliyev prospekti ilə, əsas yolla üzü şəhər istiqamətinə hərəkətdə olmuş, hərəkət sürəti 70-80 km/saat olmuşdur. Həmin vaxt avtomobilində bir nəfər sərnişin, sonradan adının Elnur olduğunu bildiyi şəxs olmuş, Elnuru Nizami rayonu, Q.Qarayev prospektindən Nəsimi rayonuna aparmışdır. Heydər Əliyev prospektində əsas yolda 3-cü zolaqla hərəkətdə olan zaman anidən qarşısına “TİR” avtomobili çıxmışdır. Avtomobilin əyləcini sıxsa da, qəzanın qarşısını ala bilməmiş və toqquşma baş vermişdir. Hadisə zamanı həmin “TİR” arxaya doğru hərəkət etmişdir. Qəza baş verdikdən dərhal sonra o, avtomobildən düşmüş, xəsarət almış Elnuru ətrafda olan və adlarını bilmədiyi şəxslərin köməyi ilə avtomobildən çıxarmışlar, hadisə yerinə çağırılmış təcili yardım avtomobili Elnuru xəstəxanaya aparmışdır. Hadisə zamanı Elnurun mobil telefonu qırılmış, buna görə Elnur onu məhkəməyə vermişdir. Əməlindən səmimi peşmandır, taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini saxlayır. Göstərdiklərinin nəzərə alınaraq, barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs təhqiqat zamanı verdiyi izahatında göstərmişdir ki, 24 iyul 2021-ci il tarixdə saat 21 radələrində mobil telefonu vasitəsi ilə “Bolt” taksi şirkətinin proqramı ilə yaşadığı ünvandan Nəsimi rayonuna getmək məqsədi ilə taksi sifariş etmişdir. Təxminən bir neçə dəqiqədən sonra **-SY-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı taksi onun yaşadığı ünvana yaxınlaşmışdır. O, taksiyə əyləşmiş və taksi hərəkətə başlamışdır. Təxminən bir neçə dəqiqə sonra Nizami rayonu, Heydər Əliyev prospekti ilə hərəkətdə olan zaman anidən yolun sağ tərəfində olan TİR-a dəymiş və qəza baş vermişdir. Bu zaman o, qol və baş nahiyələrindən müxtəlif xəsarətlər almış, aldığı xəsarətlər səbəbi ilə təcili yardım avtomobili ilə Nəsimi rayonu ərazisində yerləşən Travmatologiya İnstitutuna aparılmışdır. Hadisə zamanı 2300 manat dəyərində mobil telefonu yararsız vəziyyətə düşmüş, özünün müalicə xərclərinə təxminən 1200 manat xərci çıxmışdır. İşdə olan canlı şəxsin ekspertizasına dair 10 avqust 2021-ci il tarixli 648 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs Zakir oğlunda sağ qaşüstü nahiyyənin, hər iki saidin, sol əlin, sağ alın-gicgah nahiyəsinin sıyrıqları, döş qəfəsinin qançır və sıyrığı, sağ əlin kəsilmiş yaraları vardır. Qeyd olunan kəsilmiş yaralar iti kənara malik əşyanın (əşyaların, ola bilsin şüşə qəlpəsi), digər xəsarətlər bərk-küt əçyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 24.07.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 31 avqust 2021-ci il tarixli 8/1970 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Toyota Prius markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36- cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Scania markalı, TF190TF Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 08 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, HK/1-372 nömrəli araşdırma materialı üzrə baş vermiş yolnəqliyyat hadisəsi ilə əlaqədar toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati tənbeh tədbirinin görülməsi üçün qərarın surətinin Nizami RPİnin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin halları ilə bağlı verdiyi izahatı dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, işin faktiki hallarını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində həmin Məcəllənin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, inzibati xəta törədən Şəxs fiziki şəxs olduğundan, iş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat dövlət hesabına dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2942/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2942/2021
15.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver