Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2944/2025 01.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 2000-ci il tarixdə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ucar rayonunun Qaradağlı kəndində qeydiyyatda olan, Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, ev 109, mənzil 1-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 12 iyun 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 09 aprel 2025-ci il tarixdə saat 10:20 radələrində idarə etdiyi “Chevrolet Cobalt LTZ minik” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospekti ilə 1-ci zolaqla təxminən 50 km/saat sürətlə hərəkətdə olduğu zaman yol hərəkəti qaydalarını pozub düzgün ara məsafəsi saxlamadığından qarşısında onunla eyni istiqamətdə hərəkətdə olan “Hyundai Sonata minik” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa bamper hissəsi ilə toqquşmuş, nəticədə “Hyundai Sonata” markalı avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin nümayəndəsi və Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər, məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 09 aprel 2025-ci il tarixdə saat təxminən 11 radələrində idarə etdiyi “Chevrolet Cobalt” markalı **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Nizami rayonu H.Əliyev prospekti ilə 1-ci zolaqla saatda təxminən 50 km/saat sürətlə üzü Bağırov körpüsü istiqamətində hərəkətdə olan zaman qarşıda yaranmış tıxacla əlaqəli olaraq sağ güzgüyə nəzarət edərək sağa doğru manevr etmək istədiyi vaxt qəflətən qarşıda hərəkətdə olan “Hyundai Sonata” markalı avtomobilin əyləci basması səbəbindən o, ara məsafəsini gözləyə bilməyib həmin avtomobilin arxa bamper hissəsinə dəyərək dayanmışdır. Hadisə nəticəsində “Hyundai” markalı avtomobildə olan xanımın xəsarət aldığını və Sabunçu xəstəxanasına aparıldığını demişlər. Özü və yaxınları zərərçəkmiş şəxsə zəng vurmuşlar, lakin həmin adam zəngləri açmamış, ondan da heç nə istəməmişdir. Əməlindən səmimi peşmandır. İstəyərəkdən xəsarət yetirməmişdir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə iclasının təşkili ilə bağlı mobil telefon vasitəsi ilə əlaqə saxlanılarkən zərərçəkmiş şəxs ona dəymiş ziyanın ödənilmədiyini, barışıq olmadığını və hadisəni törədən Şəxs şikayətçi olduğunu göstərmiş və onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Bununla əlaqədar zərərçəkmiş şəxsin təhqiqat zamanı verdiyi izahatı məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs həmin izahatında göstərmişdir ki, 09 aprel 2025-ci il tarixdə saat təxminən 10:20 radələrində o, həyat yoldaşının idarə etdiyi “Hyundai Sonata” markalı **- MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında əyləşib evə doğru hərəkət etmişlər. Nizami rayonu H.Əliyev prospekti ilə köməkçi yolla üzü Bağırov körpüsü istiqamətində 1-ci zolaqla saatda təxminən 40 km sürətlə Elməddin avtomobilini idarə edərkən qarşıda iki avtomobilin dayandığını görmüş və təxmini ara məsafəsi olaraq 8 metr məsafədə əyləci basıb avtomobilin sürətini tam şəkildə aşağı salmışdır. Bu zaman arxa istiqamətdən hərəkət edən “Cobalt” markalı avtomobil əyləci basmadan gəldiyi sürətlə Elməddinin idarə etdiyi avtomobilin arxa bamper hissəsinə çırpılmışdır. Nəticədə avtomobilə maddi ziyan dəymiş və onun özü xəsarət almışdır. İşdə olan canlı şəxsin ekspertizasına dair 05 may 2025-ci il tarixli 390 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs - sol ənsə nahiyyəsinin şişkinlik halında əzilməsi olmuşdur. Qeyd olunan xəsarət - bərk küt əşyanın təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı alınması mümkündür, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Tibbi sənəddə göstərilən “sol çiynin yumşaq toxumalarının əzilməsi” diaqnozu obyektiv əlamətlərlə təstiqlənmədiyindən xəsarət kimi qiymətləndirmək mümkün olmadı. Xəsarətin lokalizasiya və xüsusiyyətlərini nəzərə alaraq, demək olar ki, həmin xəsarətin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınması inandırıcı deyil. İşdə olan 09 may 2025-ci il tarixli qərardan görünür ki, 1-HK-233 nömrəli araşdırma materialı üzrə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkibi olduğundan inzibati məsuliyyətə cəlb edilməsi üçün materialın Nizami RPİ-nin DYPŞ-nin vasitəsi ilə Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsin işin halları ilə bağlı verdiyi izahatı dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində həmin Məcəllənin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmədə işə baxılarkən müəyyən edilmişdir ki, zərərçəkmiş şəxsə vurulmuş zərər ödənilməmişdir, ona görə həmin şəxsin mülki icraat qaydasında belə tələb irəli sürmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia verə bilmək hüququ zərərçəkmiş şəxsə izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2944/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2944/2025
01.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver