Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2948/2025 21.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola dair materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 529.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola dair material baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilən sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, aidiyyət qaydaları pozulduğu üçün həmin protokola dair material aidiyyəti məhkəməyə göndərilməlidir. Törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsinin mənasına görə, bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsi – həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-nin 150.5-ci maddəsinə əsasən bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən: 150.5.1. fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana; 150.5.2. hüquqi şəxslər barəsində - hüquqi şəxsin pul vəsaitlərindən və ya gəlirlərindən tutulması üçün banka və ya digər kredit təşkilatlarına göndərilir. Bank və ya digər kredit təşkilatı qərarı onun daxil olduğu vaxtdan 7 gün müddətində icra edir. Həmin müddət ərzində hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, bank və ya digər kredit təşkilatı inzibati cərimənin tətbiq edilməsi haqqında qərarı, onun icra edilməməsinin səbəbini göstərməklə, qərarı qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) dərhal qaytarmalıdır. X1 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunan inzibati xəta haqqında protokolda göstərilmişdir ki, "xxxx" MMC tərəfindən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar X1 Xidmətinin Bakı şəhər İdarəsinin 04 fevral 2025-ci il tarixli, 3-175/2-H-9543/2025 nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməmişdir. Nəticədə "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Buradan da aydın olur ki, istinad edilən xətaya görə, Şəxs hüquqi şəxsin rəhbəri olaraq üzərinə düşən öhdəliyi icra etməmişdir. Halbuki, vəzifəli şəxs olaraq Şəxs tərəfindən törədilməsi ehtimal olunan inzibati xəta fiziki şəxs olaraq bilavasitə həmin şəxsin özünə aid inzibati xəta deyildir, hüquqi şəxsin fəaliyyəti ilə bağlıdır. Ona görə hesab edirəm ki, inzibati xətanın törədildiyi yer həmin öhdəliyi icra etməli olduğu yer, yəni hüquqi şəxsin hüquqi ünvanı hesab olunmalıdır. Belə ki, hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə hüquqlarını həyata keçirir və vəzifələrini icra edirlər. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.2-ci maddəsinə əsasən qurumun dövlət reyestrinə daxil edilən məlumatlarına aid edilmiş hüquqi ünvanı onun daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerdir. Materiala əlavə olunan sənədlərdən və “Elektron məhkəmə” informasiya sistemində qeydə alınmış məlumatlardan görünür ki, "xxxx" MMC hüquqi ünvan üzrə Gədəbəy rayonunun Çanaqçı kəndində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, inzibati xəta hərəkətsizlik formasında törədildiyi hallarda onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin, o cümlədən hüquqi şəxsin öhdəliyinin icra edilməli olduğu yer hesab olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə və ərazi aidiyyəti qaydalarının, prosessual hüquq normalarının pozulmasını və səlahiyyətlərin aşmasını “fundamental səhv” kimi qiymətləndirərək belə pozuntularla qəbul edilən məhkəmə qərarlarının nəzarət qaydasında ləğv edilməsini “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələbləri baxımından mümkün hesab edir (Luçkina Rusiyaya qarşı iş üzrə 2008-ci il 10 aprel tarixli, Pshenichniy Rusiyaya qarşı iş üzrə 2008-ci il 14 fevral tarixli və Sutyajnik Rusiyaya qarşı iş üzrə 2009-cu il 23 iyul tarixli Qərarlar). Ərazi üzrə məhkəmə aidiyyətinin pozulması Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına da səbəb olur. Konstitusiyanın göstərilən maddəsinin “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, o cümlədən ərazi üzrə aidiyyət məsələlərini, qanuni məhkəmə tərkibinin mövcudluğunu, prosessual şərtləri və s. subyektiv elementləri nəzərdə tutur. Məhkəmə aidiyyətinin dəqiq və aydın müəyyən edilməsi işə məhkəmələr tərəfindən qanunla müəyyən edilmiş müddətlərə ciddi riayət edilməklə baxılmasını təmin etmiş olur. Azərbaycan Respublikası İXM-nin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Beləliklə, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı həll edilməli məsələni müzakirə edərək, belə nəticəyə gəlirəm ki, işin baxılması Bakı şəhəri Nizami Rayon Məhkəməsinə aid deyil, aidiyyət qaydalarının pozulmasına yol verilməməsi məqsədi ilə, hazırkı inzibati xəta haqqında material baxılması üçün aidiyyəti məhkəməyə göndərilməlidir. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 109, 110 və 118ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə tərtib olunmuş 29 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material baxılması üçün aidiyyəti üzrə Gədəbəy Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2948/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2948/2025
21.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver