Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-295/2023 11.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, Əsədullayev İrfan İlyas oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, Şəxs, xx xxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan barəsində Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş X4 İdarəsindən daxil olmuş 14 dekabr 2022-ci il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 14 dekabr 2022-ci il tarixdə, saat 11:10-da “Mercedes Benz C200 CDİ minik” markalı, az **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi istiqamətində idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozduğuna görə polis əməkdaşları tərəfindən saxlanılmış, nəticədə yoxlama zamanı müəyyən olunmuşdur ki, sürücü nəqliyyat vasitəsini sərxoş halda idarə etmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, 14 dekabr 2022-ci il tarixdə saat 11:10-da DYP əməkdaşları onun idarə etdiyi nəqliyyat vasitəsini saxlamış və onun barəsində sərxoş olmasına dair əsassız protokol tərtib etmişlər. O, bununla razı olmasa da, polis əməkdaşı ona narahat olmamasını, sadəcə “həkimə getməyə ehtiyac yoxdur, pivə içmişəm” məzmunlu izahat yazdıraraq, ona köməklik göstəriləcəyini bildirmişdir. Lakin, o, həmin tarixdə, saat 13:30-da özü gedib Respublika Narkoloji Mərkəzində sərxoşluq müayinəsindən keçmiş və həqiqətən də sərxoş olmadığı müəyyən edilmişdir. Bu barədə sübutu o, məhkəməyə təqdim edir. Bununla yanaşı, o, məhkəmə icraatı zamanı onu saxlamış DYP əməkdaşlarının məhkəməyə dəvət edilməsi və səs-video cihazlarının yazılarını məhkəməyə təqdim etmələrinə dair vəsatət vermiş, vəsatəti təmin edilsə də, DYP tərəfindən məhkəmənin sorğusuna da əhəmiyyət verilməmiş, onlar məhkəməyə gəlməkdən imtina etmişlər. Bu barədə sübutlar da iş materiallarında mövcuddur. Buna görə də, sübut etmə yükü onun deyil, qarşı tərəfin üzərinə düşür və qarşı tərəf bundan yayınır. O isə əksinə təqsirsiz olmasına dair müayinə aktını məhkəməyə təqdim etmişdir. Sonda Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müdafiəçi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və xahişini müdafiə etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və onun müdafiəçisini dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəməyə təqdim edilmiş “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 2/41019 nömrəli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs 14 dekabr 2022-ci il tarixdə, saat 13:30 radələrində Respublika Narkoloji Mərkəzində müayinədən keçmişdir. Müayinənin nəticəsinə əsasən “Ayıq” müəyyən edilmişdir. Alkotestrin göstəricisi 0,000% müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin dispozisiyasından görünür ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 333-cü maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında işdə olan sübutlarla Şəxs nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi sübuta yetirilmir. Məhkəmə əlavə olaraq, qeyd edir ki, Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinə dəfələrlə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə, o cümlədən xəta törədilən vaxt protokol tərtib etmiş şəxsin və ekipaj üzvünün məhkəmə iclasında müvafiq sübutlarla birlikdə iştirak etmələrinin vacibliyi barədə sorğu ünvanlanmasına baxmayaraq, həmin şəxslərin məhkəmə iclasında iştirakları təmin edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələrin səlahiyyətinə aid edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar inzibati xəta haqqında protokolu tərtib etmiş orqana göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsi ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinə göndərilsin. AC seriyalı, 344710 nömrəli sürücülük vəsiqəsi Şəxs qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-295/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-295/2023
11.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver