Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2950/2025 22.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 02 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, "xxxx" ASC-nin vəzifəli şəxsi Şəxs tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq vermə haqqında qərarın icrası ilə əlaqədar X4 Xidmətinin Bakı şəhər idarəsinin 04 fevral 2025-ci il tarixli, 3-17-5/2-9498/2025 nömrəli məktubunda nəzərdə tutulan tədbirlər görülməmiş, nəticədə "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında protokola dair yazılı etiraz vermiş, etirazı onunla əsaslandırmışdır ki, X4 tərəfindən "xxxx" ASC-nin sədrinə əsassız olaraq cərimə tətbiq edilmişdir. Qeyd olunan məsələ ilə əlaqədar, vətəndaş X1 ödəncin verilməsi ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsində qanuni qüvvəyə minmiş qətnamə çıxarılaraq Nizami rayon İcra Şöbəsinə təqdim edilmişdir. Halhazırda İcra Şöbəsində icra mərhələsindədir. Ə.X.Rəşidov məhkəmə qətnaməsinin icrası üçün tələb olunan sanitar-kurort xərcləri barədə məlumatları "xxxx" ASC-yə və Nizami rayon İcra Şöbəsinə təqdim etməmişdir. Bu səbəbdən qətnamə icrası tam yerinə yetirilməmişdir. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə, himayəsində olan digər şəxslərə ödənc verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 saylı 09 yanvar 2003-cü il tarixli qərarına əsasən qeyd olunmuş zərar təqsirkar müəssisənin gəliri hesabına ödənilir. "xxxx" ASC-nin heç bir gəliri və vəsaiti yoxdur. Bu barədə dəfələrlə icra şöbəsinə müvafiq sənədləri təqdim edərək müəssisənin gəliri olmadığını bildirmişik. "xxxx" ASC-yə uzun müddətdir ki, 2020-ci ildən bu günə kimi sifarişlər və təkliflər olmadığı üçün müəssisə tam fəaliyyətsizdir. Bu səbəbdən müəssisə gəlir əldə edə bilmir. Bu məsələ ilə bağlı, Bakı şəhəri Nizami Rayon Məhkəməsində iki iclas keçirilmiş və hər dəfə müxtəlif iddialarla müraciət edilmişdir. xx.xx.2025 və xx.xx.2025-ci tarixlərdə məhkəmə prosesləri təxirə salınmışdır. xx.xx.2025 tarixdə saat 12.10 X9 məhkəmə iclasını keçirib, iddiaçının əsassız iddialarını nəzərə alaraq məhkəməni başqa tarixə təyin etmiş, iddiaçıya tələb olunan sənədləri təqdim etməsini və müəssisədən işçi tərkibi haqqında arayış təqdim etməyi tələb etmişdir. Məhkəminin növbəti iclası xx.xx.2025 tarixdə saat 11.50 keçirildmişdir. İddiaçı ondan əvvəlki məhkəmə iclasında tələb olunan sənədlər haqqında heç bir məlumat təqdim etmədən, fərqli sənədlər təqdim etmiş və sənədlər məqsədə uyğun olmadığı üçün X9 məhkəmə iclasını növbəti tarixə keçirmişdir. Növbəti xx.xx.2025 tarixində keçirilən məhkəmə iclasında əvvəlki məhkəmə içlaslarında qoyulan tələblərdən heç biri haqqında təqdimat olmadan iddiaçı tamam fərqli iddia ilə çıxış etmiş və Ə.X.Rəşidova ödəmənin tam aparılmadığını irəli sürmüşdür. Bu məsələ Bakı Apellasiya Məhkəməsində baxılmış və qərəra alınmışdır. Bu qərarın birinci hissəsi tam ödənilmişdir, ikinci hissəsi isə məhkəmənin qərarında aydınlıq olmadığına görə ödənilməmişdir. Aydınlıq gətirmək üçün icra məmuru Bakı Apellasiya Məhkəməsinə müraciət etmişdir. X5 yoxlama aparmadığı üçün onların təqdim etdiyi sənədləri nəzərə almadan qərar qəbul etmişdir. "xxxx" ASC-nin fəaliyyəti və gəliri olmadığı halda Əmək Müfəttişliyi və Məhkəmə orqanları tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 saylı 09 yanvar 2003-cü il tarixli qərarını nəzərə almadan cərimə və ödənişlərin edilməsi üçün qərarlar qəbul edilir. Həmin ödənişlərin müəssisə tərəfindən edilməsi yuxarıda qeyd olunan səbəbə görə qeyrimümkündür. Ödəmələr vaxtında olmadığından vətəndaş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayətlə müraciət edir. Müəssisə tərəfindən təqdim edilən müəssisənin fəaliyyəti haqqında sənədlər Əmək Müfəttişliyi tərəfindən nəzərə alınmırsa, bu halda Vergilər Nazirliyindən müəssisənin hesabatlarını əldə etmək mümkündür. Qeyd edilənlərə əsasən qərarın və inzibati cərimənin ləğv olunmasını, inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs yazılı etirazın dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş və işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X6 protokolun məzmununa uyğun izahat vermiş və protokol əsasında Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, inzibati xəta haqqında protokola dair material üzrə əlavə araşdırma aparılması zərurəti yarandığından, onu tərtib etmiş orqana geri qaytarılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin 29 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X2 xx.xx.1976-cı il tarixdə istehsalatda baş verən bədbəxt hadisə nəticəsində əmək zədəsi alması ilə əlaqədar olaraq zərərə görə ödəncin bir qisminin 2020-ci ilin avqust ayından 2(103)-1937/2022 saylı qətnamənin qüvvəyə mindiyi tarixədək ödənildiyi, lakin bir qisminin AR Nazirlər Kabinetinin 3 saylı, xx.xx.2003-cü il tarixli qərarının pozularaq ödənilmədiyi məlum olmuşdur. Nəticədə "xxxx" ASC-nin sədri Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədildiyinə görə barəsində 700 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin "xxxx" ASC-yə ünvanlanmış 04 fevral 2025-ci il tarixli, 3-17-5/2-9498/2025 nömrəli məktubunun surətindən görünür ki, həmin idarənin 29 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının icrası ilə əlaqədar ASC-nin sədri Şəxs əmək haqqından və ya gəlirindən cərimənin tutulmasının təmin edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 150.5-ci maddəsinin tələbinə əsasən icra edilməsi məqsədilə qərar və cərimənin ödənilməsi üçün bank rekviziti göndərilmişdir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fiziki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 150.1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir; 150.5 və 150.5.1-ci maddələrinə əsasən bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. Bank və ya digər kredit təşkilatı qərarı onun daxil olduğu vaxtdan 7 gün müddətində icra edir. Həmin müddət ərzində hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, bank və ya digər kredit təşkilatı inzibati cərimənin tətbiq edilməsi haqqında qərarı, onun icra edilməməsinin səbəbini göstərməklə, qərarı qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) dərhal qaytarmalıdır. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol Şəxs tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq vermə haqqında qərarın icrası ilə əlaqədar X4 Xidmətinin Bakı şəhər idarəsinin 04 fevral 2025-ci il tarixli, 3-17-5/2-9498/2025 nömrəli məktubunda nəzərdə tutulan tədbirlərin görülməməsi, yəni otuz gündən gec olmayaraq cərimənin ödənilməməsi əsası ilə tərtib edilmişdir. Hansı ki, sözügedən həmin məktubun (göstərişin) Şəxs göndərilməsini və çatdırılmasını, bundan isə otuz gün müddət keçdiyini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir, ona görə hazırkı vəziyyətdə hüquqi şəxsin bu məktubun (göstərişin) icra olunmamasında təqsirinin olub-olmamasını müəyyən etmək mümkün deyildir, əməlin İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın təsiri altına düşməsi üçün hüquqi şəxs tərəfindən bununla bağlı hər hansı hərəkət və ya hərəkətsizliyə yol verilməsi müəyyən olunmalıdır. Halbuki, qanunverici, inzibati xətalar haqqında işlər üzrə icraatda sübutetmə yükünü bilavasitə inzibati icraatı aparan orqanın üzərinə qoymuş, inzibati xəta törətməsi ehtimal olunan şəxsin isə öz təqsirsizliyini sübuta yetirməli olmamasını təsbit etmişdir. Baxılan işə münasibətdə isə, hər hansı sübut, o cümlədən mötəbər hesab olunacaq sübutlar mövcud deyildir. İnzibati araşdırma orqanı belə xarakterli işlər üçün xüsusi əhəmiyyət kəsb edən halları araşdırmamışdır. Məhkəmə bu qənaətə gəlməsini həm qanunvericiliyin tələbləri, həm də təqdim edilmiş sübutların məcmusu baxımından əsaslandırmaqla belə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə inzibati xətanın törədilmiş hesab olunması, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinin əsaslı olması üçün, tövsifedici əlamət olaraq, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinin müəyyən edilmiş olması mütləq şərt, tələbdir. Belə bir nəticəyə gəlinməsi üçün isə müvafiq orqanın məktubu (göstərişi) qərarı icra etməli olan hüquqi şəxsin müvafiq səlahiyyətli şəxsi, onun rəhbəri tərəfindən rəsmi qaydada alınmış və otuz gündən artıq müddət keçmiş olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Bununla da, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib olunanadək prosessual pozuntulara yol verilməsi və həmin pozuntuların işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olması, nəticə etibarı ilə protokolun düzgün tərtib olunmaması, təqdim edilmiş materialların natamam olması, sübutların kifayət etməməsi ilə bağlı qənaətə gəlməyə kifayət qədər əsas verir. Hansı ki, bu kimi pozuntuların məhkəmədə araşdırılaraq aradan qaldırılması mümkünsüzdür, məhkəmənin işə baxarkən aşkar etdiyi pozuntular, tədqiq olunmalı olan sübutlar məhz inzibati araşdırma orqanı tərəfindən yoxlanılmalı, yalnız bundan sonra İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və s. bu kimi hallar müəyyən edilməli, daha sonra isə bu qeyd edilənlərin məcmusu baxımından inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsasların olub-olmaması məsələsi həll edilməlidir. Azərbaycan Respublikası İXM-nin 118.1-ci maddəsinə əsasən inzibati xəta haqqında qərardadda aşağıdakılar göstərilir: qərardad çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; ərizənin, vəsatətin, işin materiallarının baxılma tarixi və yeri; ərizə, vəsatət vermiş və ya işinə baxılan şəxs haqqında məlumat; ərizənin, vəsatətin məzmunu; ərizəyə, vəsatətə, işin materiallarına baxılarkən müəyyən edilən hallar; ərizəyə, vəsatətə, işin materiallarına baxılmasının nəticəsi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, İnzibati Xətalar Məcəlləsinin qərardadın mahiyyətini əks etdirən ümumi normaları ilə yanaşı, konkret hallarda qərardadın qəbul olunması qaydaları həmin Məcəllənin ayrı-ayrı xüsusi normalarında nəzərdə tutulmuşdur. Məsələn, inzibati xətalar haqqında işlərin qapalı baxılmasına zərurət olduğu halda, vəsatətin təmin olunmasından imtina edildikdə, bu barədə; özü-özünə etiraz etmə və ya etiraz etmə haqqında ərizəyə baxaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) etirazın təmin edilməsi və ya təmin edilməməsi barədə; icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin həll edilməsi üçün zəruri olan əlavə məlumatların tələb edilməsi barədə qərardad qəbul edə bilər. Fiziki şəxsin gətirilməsi inzibati xətanın baxıldığı yer üzrə məhkəmənin qərardadı əsasında onun yaşadığı və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir (İnzibati Xətalar Məcəlləsinin 50.2, 52, 74.3, 82.1, 83.3 və 87.3-cü maddələri). Yuxarıda qeyd edilən normalarda müəyyən olunduğu kimi, inzibati xəta haqqında iş üzrə icraat zamanı məhkəmə inzibati xətalar qanunvericiliyinin prinsiplərinin, xüsusilə də qanunçuluq prinsipinin qorunmasının təmin edilməsi, habelə Məcəllənin tələblərinə uyğun olan ədalətli qərarın qəbul edilməsi məqsədi ilə prosesin zəruri etdiyi hallardan çıxış edərək qərardadlar qəbul edir. Bu qərardadlarla məhkəmə etirazların və vəsatətlərin təmin edilib-edilməməsi, ekspertizanın təyin edilməsi, işlərin qapalı baxılması, əlavə materialların tələb edilməsi, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması və s. məsələləri həll edir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin qərardadlardan bəhs edən nə ümumi, nə də xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, nə qədər ki, yuxarıda qeyd olunan nöqsanların bir daha araşdırılaraq aradan qaldırılması, sübutların əldə edilməsi imkanı itirilməmişdir, ona görə mövcud vəziyyətdə işin icraatına xitam verilməsi üçün hüquqi əsaslar yoxdur, inzibati araşdırma və protokolun tərtib olunması zamanı inzibati xətalar qanunvericiliyinin müvafiq tələbləri pozulduğu, təqdim edilmiş materiallar natamam olduğu və işə baxılarkən tamamlamaq mümkün olmadığı üçün hüquqi şəxs Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola dair material geri qaytarılmalıdır. Məhkəmə əlavə olaraq qeyd edir ki, hüquqi şəxsin rəhbərinin yazılı etirazında əksini tapmış dəlillər də bu iş üzrə araşdırma zamanı yoxlanılmalı, həmin dəlillərin bu işlə bağlılığının olub-olmaması, inzibati icraatı istisna edib-etməməsi məsələsinə qiymət verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə tərtib olunmuş 02 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-2950/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2950/2025
22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver