Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2955/2021 09.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ələsgərov Elvin Hidayət oğlunun katibliyi, qərardan şikayət vermiş X2 iştirakı ilə, X2 Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin 28 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin 28 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nizami RPİ-nin 24-cü polis bölməsinin əməkdaşı, sahə inspektoru X3 tərəfindən 28.08.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində həmin maddə üzrə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında iş üzrə protokol tərtib olunmuş, Nizami RPİ-nin 24-cü polis bölməsinin rəisi tərəfindən qəbul edilmiş 28.08.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən 4000 manat məbləğində cərimə tətbiq edilməklə inzibati tənbeh edilmişdir. Hesab edir ki, həmin inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğundan məhkəmə qaydasında ləğv edilməlidir. Belə ki, o, 2020-ci ildə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 83 ünvanında “Play-Station” məkanı işlətmişdir. Ölkədəki pandemiya ilə əlaqədar olaraq oyun məkanlarının qadağan olunduğu üçün və müəyyən qaydada müştərilərin azalması səbəbindən 3 ay sonra o, “Play-Station” məkanının fəaliyyətini rəsmi qaydada bağlamışdır. 2020-ci ilin son aylarında kafe-restoranların işləməyinə rəsmi icazə verildiyi üçün, rəsmi qaydadakı icarə müqaviləsinin müddətinin bitməməsi səbəbindən və ailəsinin dolanışığı üçün məcburiyyət qarşısında qalaraq həmin yeri kafe-restoran olaraq işlətməyə başlamışdır. Bu barədə o, vergi orqanlarına rəsmi müraciət eləmiş və fiziki şəxs olaraq ona verilən VÖEN-dəki fəaliyyət növünü rəsmi qaydada dəyişdirərək kafe-restoran fəaliyyəti olaraq qeydiyyata alınmış və fəaliyyətini həmin ünvanda davam etdirmişdir. ünvan 1 icarə müqaviləsi və fiziki şəxs olaraq VÖEN əsasında fəaliyyət göstərdiyi gündən bu günə qədər iaşə obyekti olaraq bütün xidmətlərə uyğun şəkildə, pandemiya rejimi əleyhinə (xüsusi karantin rejimi) qanunun tələblərinə tam şəkildə uyğun olaraq işləmişdir. Onun və işləyən işçilər tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir. 28.08.2021-ci il tarixdə Nizami RPİ-nin 24-cü polis bölməsinin əməkdaşı, sahə inspektoru X3 və onunla birlikdə 3 nəfər polis əməkdaşı işlədiyi kafeyə anidən daxil olmuşlar. O, özünə aid şəxsiyyət vəsiqəsini, fəaliyyət növünü təsdiq edən, rəsmi qaydada qeydiyyata alınan VÖEN-i, icarə müqaviləsini dərhal təqdim eləmişdir. Onlar sənədlərə baxdıqdan sonra kabinetdə olan, işlək vəziyyətdə olmayan, saxlanılmaq məqsədi ilə orada olan kompyuterlərə irad tutmuşlar. O, polislərə ölkədəki pandemiya ilə əlaqədar olaraq əvvəllər işləmiş oyun məkanları qadağan olunduğu üçün və müəyyən qaydada müştərilərin azalması səbəbindən bağladığı əvvəlki “Play-Station” məkanından qalan və işlək vəziyyətdə olmadıqları üçün, eyni zamanda onları saxlamağa başqa yerinin olmaması səbəbindən məcburiyyət qarşısında qaldığına görə müvəqqəti olaraq burada saxladığını demişdir. Lakin əməkdaşlar onun sözlərinə məhəl qoymadan, heç bir hüquqi və qanuni əsası olmadan ona MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişlər və ona 4000 manat məbləğində cərimə yazmışlar. Hazırda onun heç bir günahı, səhlənkarlığı, təqsiri olmadığı üçün, eyni zamanda maddi imkanının olduqca zəif olması səbəbindən və pandemiya ilə əlaqədar olaraq kafe-restoranlarda müştərilərin az olması səbəbindən barəsində tərtib edilmiş MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında ona yazılmış 4000 manat məbləğində cəriməni ödəməyə imkanı yoxdur. Məhz bu səbəblərdən o, şikayət ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Kafe-restoran olaraq fəaliyyət göstərməyi ilə bağlı bütün rəsmi sənədlərini polis əməkdaşına təqdim etməyinə baxmayaraq, yenə də barəsində qeyd olunan protokol tərtib olunmuşdur. Bir vətəndaş olaraq bu hal onda böyük sarsıntılar və sıxıntılar yaratmışdır. 24-cü polis bölməsinin əməkdaşı, sahə inspektoru X1 qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından onun barəsində inzibati xəta haqqında iş üzrə protokol tərtib etməsi formal tələb baxımından qanuni görünə bilər. Lakin, onu qeyd etmək lazımdır ki, hüquqi müəyyənlik prinsipi baxımından qanunvericiliyin tələbinin pozulması o halda məsuliyyətə səbəb olur ki, təqsir müəyyən olunmuş olsun (subyektin normanın tələbinin pozulmasına subyektiv münasibəti). Göründüyü kimi, tərəfindən törədildiyi iddia edilən inzibati xətada onun təqsiri tam şəkildə müəyyən olunmamışdır (qəsdən, ehtiyatsızlıqdan). Sadəcə olaraq o, icarə müqaviləsinə əsasən, VÖEN əsasında, fiziki şəxs olaraq işlətdiyim kafe-çayxanada işlək vəziyyətdə olmayan, kompyuterlərin saxlanılması üçün əlavə otağın olmaması səbəbindən, demək olar ki, həmin kompyuterlərin başqa yerdə saxlanılması mümkün olmadığı üçün və qanunda nəzərdə tutulmuş qaydada gələn müştərilərin yoluxmasının qarşısını almaq məqsədi ilə bütün qoruyucu tədbirləri görməklə (sosial məsafə, sanitar-gigiyenik tələblər) məcbur qalaraq sözügedən kompyuterləri məcburiyyət qarşısında qaldığı üçün həmin kafedə saxlamışdır. Şikayət ərizəsinin verilməsi müddəti ilə bağlı məhkəmənin nəzərinə çatdırır ki, o, barədində tərtib olunmuş MN seriyalı, ******* nömrəli inzibati xəta haqqındakı protokolun ləğvi barədə ilkin olaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsi baxılması mümkünsüz hesab edilərək qərardadla ona geri qaytarılmışdır. Daha sonra rəsmi pasport qeydiyyatında olduğu Bakı şəhəri Xətai Rrayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi şikayət ərizəsi və ona əlavə edilmiş sənədlərini qərardadla geri qaytarmışdır. Eyni zamanda bildirir ki, o, COVİD-19 virusuna yoluxduğu üçün 1 aydan çox müddətdə ev şəraitində müalicə olunmuşdur. Nizami RPİ-nin 24-cü polis bölməsinin rəisinin onun barəsində tərtib etdiyi MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və əsassız olduğundan ləğv edilməsi və barəsində olan inzibati tənbeh vermə haqqında qərarın icraatına xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X6 şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş, şikayətinin təmin olunaraq qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin polis sahə inspektoru X3 izahatında göstərmişdir ki, Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən qadağan olunmasına və inzibati məsuliyyət yaratmasına baxmayaraq, X6 Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində icarə müqaviləsi əsasında, vəzifəli şəxs kimi işlətdiyi obyektdə epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimi pozaraq “Play-Station” oyun aparatlarını işlətmiş, müştərilərin istifadəsinə vermişdir. Həmin fakt tərəflərindən yerində aşkar olunmuş, videogörüntü vasitəsi ilə qeydə alınmışdır. Bunu təsdiq edən disk məhkəməyə də təqdim edilmişdir. İnzibati xəta faktına görə X2 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1ci maddəsi ilə inzibati protokol tərtib edilmiş, şöbə rəisi tərəfindən protokola baxılaraq sübutlar əsasında qərar qəbul edilmiş və X6 vəzifəli şəxs qismində cərimə olunmuşdur. Hesab edir ki, şikayətdə göstərilənlərin əsası yoxdur, inzibati xəta haqqında protokolu qanuni və əsaslı tərtib etmişdir. Məhkəmə qərardan şikayət vermiş və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru X3 tərəfindən tərtib olunmuş 28 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 28 avqust 2021-ci il tarixdə epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimi pozulmaqla Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə X2 barəsində inzibati protokol tərtib edilmişdir; -Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin 28 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, 28 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən X6 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə 4000 manat məbləğində inzibati cərimə edilmişdir; - 06 aprel 2021-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, X4 ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini 06 aprel 2026-cı il tarixədək olan müddət üçün X2 icarəsinə vermişdir; -Vəsiqənin surətindən görünür ki, X6 ********** qeydiyyat (VÖEN) nömrəsi ilə Vergilər Nazirliyinin Bakı şəhəri X5 üzrə Baş İdarəsində qeydə alınmışdır. Məhkəməyə təqdim edilmiş bir ədəd CD diskə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı tərəflər CD diskdə qeydə alınmış görüntülərin 28 avqust 2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən obyektdə çəkildiyini, həmin vaxt X2 da obyektdə olduğunu təsdiq edirlər. Görüntülərlə müəyyən olunur ki, həmin obyekt oyun zalı kimi fəaliyyət göstərir, müştərilər “Play Station” oyun zalından istifadə edərək oyunlar oynayırlar, obyektdə, oyun zallarına xüsusi karantin rejiminin müvafiq tələbləri pozulmuşdur. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarına əsasən Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılmış, müvafiq istisnalar müəyyən edilməklə, Azərbaycan Respublikasının bütün ərazisində digər iş və xidmət sahələrinin fəaliyyətinə icazə verilmişdir. Habelə, Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 iyul 2020-ci il tarixli 237 nömrəli qərarına əsasən “Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normaları” təsdiq edilmiş, müəyyən edilmişdir ki, koronavirus (COVİD-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrinə müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır; qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalıdır; hər bir ictimai iaşə müəssisəsinin qarşısındakı lövhədə həmin müəssisənin qida qəbulu yerlərinin (zallar, otaqlar və s.) ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sonrakı müvafiq qərarlarına əsasən müəyyən edilmiş xüsusi karantin rejimi qaydaları qüvvədə qalmaqla, qadağa, qayda və tələblərin müddəti uzadılmışdır. İstinad edilən Qərarlarla isə, müəyyən edilmiş məhdudiyyətlərin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslərin Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıdıqları təsbit edilmişdir. Məlumdur ki, Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabineti tərəfindən bu kimi çoxsaylı qərarlar qəbul edilmiş, görülən müvafiq tədbirlər müsbət nəticə verdiyi zaman isə yumşalmalara gedilmiş, müvafiq qoruyucu tələblərə əməl edilməklə iş və xidmət sahələrinin fəaliyyəti bərpa edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, baxılan şikayətdə istinad edilən inzibati xəta hadisəsi 28 avqust 2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən obyektin daxilində baş vermişdir, hansı ki, həmin obyektdə müştərilərə “Play station” oyun aparatlarından istifadə etməyə müvafiq şərait yaradılmış, inzibati xəta hadisəsinin müəyyən olunması zamanı müştərilər “Play station” oyun aparatlarından istifadə etmişlər. Belə oyun zallarının fəaliyyəti isə, Nazirlər Kabinetinin qərarları ilə dairəsi müəyyən olunaraq fəaliyyəti bərpa edilmiş iş və xidmət sahələrinin sırasında nəzərdə tutulmamışdır. Belə olan halda, həmin oyun zalında 28 avqust 2021-ci il tarixdə xüsusi karantin rejiminin müvafiq tələblərinin X6 tərəfindən pozulması Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olmuşdur. Həmin maddənin tələbinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Bu zaman nəzərə alınmalıdır ki, yeni növ koronavirus (COVİD-19) infeksiyasının təhlükəliliyi, səbəb olduğu fəsadlar, infeksiyadan qorunmağın yolları, əks halda nəzərdə tutulmuş məsuliyyət tədbirləri və sair maarifləndirici tədbirlər kütləvi informasiya vasitələri ilə və digər formalarda insanlar arasında təbliğ edilməsinə baxmayaraq, vətəndaşlar tərəfindən mütəmadi olaraq həmin qaydaların pozuntusuna yol verilir. Qərardan şikayət vermiş X6 da Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilmiş tələblərə əməl edilməyərək, belə pozuntuya yol vermişdir, onun irəli sürdüyü dəlillər isə mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsas deyildir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə 28 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə dairəsi müəyyən edilmiş əsaslar müəyyən edilməmişdir, odur ki, X2 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin 28 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2955/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2955/2021
09.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver