Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2964/2024 25.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin DYPŞ-nin baş yol patrul xidməti inspektoru, polis leytenantı X3, Nizami rayon Polis İdarəsinin DYPŞ-nin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1952-ci ildə Lənkəran şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:44 radələrində idarə etdiyi “MERCEDES BENZ GLC250 4 MATİC” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində hərəkətdə olarkən dönmə işığından istifadə etmədiyi üçün saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili alkoqoldan istifadə nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin DYPŞ-nin baş yol patrul xidməti inspektoru, polis leytenantı X5 tərəfindən xx.xx.2024-cü il tarixdə İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin DYPŞ-nin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, sürücü Şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:44 radələrində idarə etdiyi “MERCEDES BENZ GLC250 4 MATİC” minik markalı, **-PV- *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən manevr qaydası edərkən dönmə işığından istifadə etmədiyi üçün Bakı şəhəri Nizami rayon Polis İdarəsinin DYPŞ-nin inspektoru tərəfindən saxlanılmış, sürücüyə qayda pozuntusu izah olunan zaman, onun spirtli içki qəbul etməsində şübhə yarandığı üçün, müayinə olunması təklif olunmuşdur. Sürücü Şəxs buna etiraz etməyərək alkotester müayinəsindən keçmiş, nəticədə onun içkili olduğu aşkar olunmuşdur. Sürücü Şəxs sərxoş olduğunu səmimi etiraf edərək, izahatında həkimə ehtiyac olmadığını, alkotesterin göstəricisi ilə razı olduğunu qeyd etmişdir. İnspektor sürücüyə həkim müayinəsindən keçərək alkotesterin nəticəsini dəqiqləşdirməyi təklif etsə də, sürücü buna razılıq verməmiş, özü 3 saat sonra təxminən saat 14:20 radələrində həkim müayinəsinə getmiş və ayıq olması haqqında sənəd almışdır. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis leytenantı X5 izahat verərək bildirmişdir ki, sürücü Şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:44 radələrində idarə etdiyi “MERCEDES BENZ GLC250 4 MATİC” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə manevr qaydası edərkən dönmə işığından istifadə etmədiyi üçün tərəfindən saxlanılmış, saxlanılan zaman həmin şəxsdən spirtli içki qoxusu gəlməsi səbəbi ilə alkotesterlə müayinə təklif edilmişdir. Müayinə nəticəsində alkoqolun miqdarı 0,6 promil olmuşdur. Buna görə də, sürücü X10 Şöbəsinə dəvət edilmiş, sürücü etiraz etməyərək Bakı şəhəri Nizami rayon Polis İdarəsinin DYPŞ-nə getmişdir. Şöbədə sürücü izahat verərək bildirmişdir ki, viski qəbul etmişdir və həkim müayinəsinə ehtiyac yoxdur. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti ilə Koroğlu metrosu istiqamətində hərəkətdə olarkən yolda Bakı şəhəri Nizami rayon Polis İdarəsinin DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşı ona yaxınlaşaraq sənədlərini tələb etmiş və o da etibarnaməni təqdim etmişdir. Polis əməkdaşı həmin etibarnamənin sistemdə olmadığını və Yasamal rayon Polis İdarəsinə gedərək problemi həll edə biləcəyini bildirmişdir. Daha sonra polis əməkdaşı ona gözü qırmızı olduğunu bildirərək bunun spirtli içki ilə əlaqəli olub-olmadığını soruşmuşlar. O, cavabında bildirmişdir ki, heç vaxt sərxoş vəziyyətdə avtomobil idarə etməmişdir. Ümumiyyətlə nə dünən, nə də bu gün spirtli içki qəbul etmədiyini bildirmişdir. Polis əməkdaşı onun alkotester cihazı ilə içkili olub-olmamasını yoxlamış, yoxlama nəticəsində polis əməkdaşı ona heç nə bildirməyərək, xidməti avtomobilinə getmiş, bir qədər sonra yenidən onun avtomobilinə yaxınlaşaraq onu xidməti avtomobilə dəvət etmişdir. O, polis əməkdaşı ilə xidməti avtomobilə getmiş, orada digər polis əməkdaşı ona başqa aparat təqdim edərək həmin cihazın alkotester olduğunu bildirmiş və həmin cihaza üfürməsini tələb etmişdir. Bu zaman alkotester siqnal vermiş, polis əməkdaşı ona bildirmişdir ki, sərxoş vəziyyətdə avtomobil idarə etmişdir. O, polis əməkdaşına bildirmişdir ki, sərxoş deyil. Daha sonra polis əməkdaşları onu Bakı şəhəri Nizami rayon Polis İdarəsinin DYPŞ-nə dəvət etmiş, polis əməkdaşları ilə birlikdə X10 Şöbəsinə getmişdir. Şöbədə polis mayoru Hüseynovun otağına gələn zaman ilk öncə polis əməkdaşı içəriyə daxil olmuş və daha sonra o otağa dəvət olunmuşdur. Otaqda da sərxoşluğun müəyyən olunması üçün alkotester vasitəsilə müayinə olunmuşdur. Müayinənin nəticəsinin 0,6 promil olduğunu və ona avtomobil idarə etməməli olduğu bildirilmişdir. Ona sürücülük hüququnun məhdudlaşdırılacağı və avtomobili cərimə meydançasına aparacaqlarını bildirmişlər.Polis əməkdaşı ona bildirmişdir ki, köməklik edilməsi üçün onların dediklərini etməlidir, əks halda problem yaranacaq. Buna görə də, o, polis əməkdaşının ona bildirdiyi kimi izahat yazmış və imzalamışdır. Daha sonra polis əməkdaşı ona bildirmişdir ki, barəsində protokol tərtib olunacaq. O, aldadıldığını görmüş və müayinə üçün Narkoloji Mərkəzə getmişdir. Müayinənin nəticəsi kimi ona qanında heç bir alkoqol olmadığı barədə arayış verilmişdir. Daha sonra X10 Şöbəsinə yaxınlaşaraq həkim rəyini təqdim etmişdir. Şöbədə avtomobili ona qaytarılsa da, lakin sürücülük vəsiqəsi qaytarılmamışdır. Məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” xx.xx.2024-cü il tarixdə, saat 11:55-də tərtib edilmiş protokoldan görünür ki, müayinə olunan Şəxs spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Həmçinin protokolda Şəxs “Alkotesterin nəticəsi ilə razıyam. Həkimə getməyə ehtiyac yoxdur, viski qəbul etmişəm.” məzmunda izahat yazmış və imzalamışdır. - “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokola əlavə edilmiş xüsusi texniki vasitənin hesabatından görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 11:44-də keçirilən müayinəsi zamanı onda alkoqolun miqdarı 0.625 %0 olmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi tərəfindən verilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə” dair 1/4832 saylı, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 14:20-də müayinə olunan Şəxs ayıq olduğu müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi Şəxs xx.xx.2024-cü il tarixdə saat 11:44-də alkotesterlə müayinə olunduqdan sonra həmin gün saat 14:20-də Narkoloji Mərkəzə müraciət etmiş və müayinə zamanı sərxoş olmaması müəyyən olunmuşdur. Müayinələr arasında olan müddət sərxoşluq vəziyyətinin aradan qalxması üçün yetərli hesab oluna bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 3.3-cü maddəsinə əsasən narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1ci hissəsinin 8-ci bəndinin tələbinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs avtomobili sərxoş halda idarə etməməsi ilə bağlı bildirdiklərinə tənqidi yanaşıb hesab edir ki, onun izahatında göstərdiyi həmin hallar özünümüdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Göründüyü kimi, Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndi ilə üzərinə vəzifə olaraq qoyulmuş hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqoldan istifadə edərək nəqliyyat vasitəsini idarə etməməli olduğu halda bunu etmiş və bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli, hüquqa zidd əməl törətmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşin müəyyən edilmiş hallarına əsasən Şəxs nəqliyyat vasitəsini sərxoş halda idarə etmişdir. Onun törətdiyi qayda pozuntusu xarakterinə görə diqqəti və çevikliyi azaldan, özü və digər yol hərəkəti iştirakçıları üçün real təhlükə törədən qayda pozuntusudur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid olmadığından məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə isə Şəxs əməlinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında material Bakı şəhəri Nizami rayon Polis İdarəsinə göndərilməlidir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə Şəxs əməlinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında material Bakı şəhəri Nizami rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-2964/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2964/2024
25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver