Məhkəmə qərarları › İş №3(007)-2965/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2965/2024

25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2965/2024 25.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Bakı şəhər Statistika İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 389-cu maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Bakı şəhər Statistika İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Bakı şəhər Statistika İdarəsindən daxil olmuş materiala əsasən Şəxs MMC tərəfindən 2023-cü ilin (illik) 1-istehsal (sənaye) (malların istehsalı, təqdim edilməsi və xidmətlərin göstərilməsi haqqında) hesabat müəssisənin dövriyyəsi olduğu halda təhrifetmə ilə təqdim edilmişdir. Bu barədə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Bakı şəhər Statistika İdarəsinin rəis müavini X2 tərəfindən xx.xx.2024-cü il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru Camaləddin Əliyev ərizə göndərərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, müəssisə hazırkı tarixə kimi Bakı şəhər Statistika İdarəsində Orta Sahibkarlıq subyektləri kateqoriyasına aid edilmişdir. Bu səbəbdən də müəssisə tərəfindən Bakı şəhər Statistika İdarəsinə “Rüblük hesabatlar təqdim edən” müəssisə kimi hər rübdə hesabatlar təqdim edilmişdir. Lakin, 2024-cü ildən müəssisənin dövriyyəsi artdığı üçün, onların xəbəri olmadan Bakı şəhər Statistika İdarəsi, Vergi orqanlarına təqdim etdiyi məlumatları götürərək, müəssisəni “Aylıq hesabatlar təqdim edən” müəssisə kimi sistemə daxil etmişdir. Nəticədə də, aylıq statistik məlumatlar tərəflərindən onlayn təqdim edilməmişdir. Müəssisə açıq tenderlərdə iştirak etmək üçün tələb olunan Bakı şəhər Statistika İdarəsindən ‘‘hansı sahibkarlıq subyektlərinə aid olması barədə Arayış”-ı alarkən bildirilmişdir ki, müəssisənin dövriyyəsi artdığı üçün “Aylıq hesabatlar təqdim edən” müəssisə kimi aylıq statistik hesabatlar təqdim etməlidirlər. Bu məsələ onlara bildirilən kimi Şəxs MMC tərəfindən tələb olunan bütün aylıq hesabatlar hazırlanmış, lakin sistem hesabatları qəbul etməmişdir. Səbəb olaraq Şəxs MMC-nin iyul ayının 01-dən, yəni 2-ci rüb başa çatdıqdan sonra sistemə qeydiyyata alınacağı bildirilmişdir. Bütün bunlara baxmayaraq tələb olunan bütün statistik hesabatlar müəssisə tərəfindən Bakı şəhər Statistika İdarəsinə təqdim edilmişdir. Bundan əlavə olaraq müəssisə tərəfindən Dövlət Vergi Xidmətinə aylıq dövriyyə və rüblük əmək haqqı üzrə sosial sığorta haqları hesabatları tam və vaxtında təqdim edilmişdir. Gələcək statistik hesabatların aylıq təqdim edilməsi vaxtı-vaxtında təmin olunacaqdır. Məsələ barədə Bakı şəhər Statistika İdarəsi tərəfindən müəssisəyə heç bir xəbərdarlıq edilmədiyini və hesabatların aylıq verilməməsində müəssisənin günahı olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Bakı şəhər Statistika İdarəsinin nümayəndəsi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, təqdim olunmuş məktub rüblük hesabatdan aylıq hesabata keçmə ilə bağlıdır. Tərtib olunmuş protokol isə illik hesabatın təqdim olunması ilə bağlıdır. Vergilər Nazirliyindən Dövlət Statistika Komitəsi Bakı şəhər Statistika İdarəsinə Şəxs MMC-nin 2023-cü ildə illik dövriyyəsinin təxminən ******* manata yaxın olması ilə bağlı məlumat daxil olmuşdur. Daha sonra Şəxs MMC ilə əlaqə saxlanılmış və Şəxs MMC bu məlumatın doğruluğunu təsdiq etmişdir. Lakin Şəxs MMC illik hesabatı təhrifetmə ilə təqdim etmişlər. Bununla bağlı Şəxs MMC-nin rəsmi məktubları da var. Şəxs MMC-nin 2023-cü il üzrə illik dövriyyəsi təxminən ******* manat olduğu halda hesabatda illik dövriyyə 0 olaraq göstərilmişdir. Həmçinin, illik dövriyyə 0 olaraq təqdim edildikdə hesabatın tarixi düşmür. Araşdırma nəticəsində Şəxs MMC-nin 2023-cü illik hesabatının təhrifetmə ilə təqdim olunması müəyyən edilmiş və MMC-nin barəsində protokol tərtib edilmişdir. Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Rəsmi statistika hesabatından görünür ki, Şəxs MMC-nin 2023-cü ildə illik dövriyyəsi 1106311.72 manat olduğu halda MMC tərəfindən 2023-cü ilin (illik) 1-istehsal (sənaye) (malların istehsalı, təqdim edilməsi və xidmətlərin göstərilməsi haqqında) hesabat təhrifetmə ilə təqdim edilərək 0 manat qeyd edilmişdir. - Şəxs MMC-nin direktoru Camaləddin Əliyev tərəfindən Bakı şəhər Statistika İdarəsinə ünvanlanmış məktubdan görünür ki, Şəxs MMC-nin 2023-cü ildə illik dövriyyəsi 1106311.72 (bir milyon yüz altı min üç yüz on bir manat yetmiş iki qəpik) manat olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 389-cu maddəsinə əsasən statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. “Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 3cü bəndinə görə dövlət statistika orqanlarına öz vəzifələrini yerinə yetirmək üçün statistik müşahidələrin aparılması üçün məlumatlar təqdim etməyən, yaxud məlumatları gecikdirməklə və ya təhriflə təqdim edən, statistik sirri yayan şəxslər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati icraat başlamaq və inzibati tənbeh tədbirləri tətbiq etmək hüququ verilir. Həmin Qanunun 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yerləşən bütün hüquqi şəxslər (onların nümayəndəlik və filialları) və fiziki şəxslər dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatları müəyyən edilmiş həcmdə və müddətlərdə haqqı ödənilmədən kağız və ya müvafiq qanunvericiliyə uyğun olaraq məlumatların təqdim edilməsi təsdiq oluna bilən elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim etməyə borcludurlar. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs MMC tərəfindən 2023-cü ilin (illik) 1-istehsal (sənaye) (malların istehsalı, təqdim edilməsi və xidmətlərin göstərilməsi haqqında) hesabat müəssisənin dövriyyəsi olduğu halda təhrifetmə ilə təqdim edilmişdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 389-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar