Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2965/2025 08.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X5 Xidmətinin 3-cü ərazi X5 idarəsinin X5 şöbəsinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Bakı Şəhər Ticarət və Xidmət Departamentinin Yeraltı Keçidlər üzrə Ticarət Birliyinin nümayəndəsi X1 iştirakları ilə, Bakı Şəhər Ticarət və Xidmət Departamentinin Yeraltı Keçidlər üzrə Ticarət Birliyinin barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 05 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən, 05 iyun 2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən Bakı Şəhər Ticarət və Xidmət Departamentinin Yeraltı Keçidlər üzrə Ticarət Birliyinə məxsus xırdavat köşkündə keçirilən planlı yanğın-texniki müayinəsi zamanı YTQ 01-2001 bənd 10.4, 6.5 tələblərinin pozularaq yanğın təhlükəsizliyi normalarının yerinə yetirilməməsi müəyyən edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X5 Xidmətinin 3-cü ərazi X5 idarəsinin X5 şöbəsinin nümayəndəsi X4 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, suallar 7 bənddən ibarət olmuş və hər biri tələbdir. Orada siqnalizasiya sistemi yoxdur. Siyahıda bəndlər çoxdur, lakin ikisi yazılmışdır. Heç siqnalizasiya qeyd olunmamışdır. Onların əməkdaşlarının səhvidir ki, onu qeyd etməmişdir. Hüquqi şəxsin barəsində qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Bakı Şəhər Ticarət və Xidmət Departamentinin Yeraltı Keçidlər üzrə Ticarət Birliyinin nümayəndəsi X3 izahatında göstərmişdir ki, protokolda 2 nöqsan yazılmışdır və onlar nöqsanın hər birinə cavab vermişlər. Protokolu siqnalizasiyaya görə deyil, balonlara görə tərtib etmişlər. Daha sonra guya elektirik qurğularına dair yanğın təhlükəsizliyi sisteminin olmamasını demişlər. Lakin tərəflərindən təqdim olunan sübutlarla bu qeyd edilənlər təkzib olunur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidmətinin 3-cü ərazi X5 İdarəsinin “Yanğın-texniki müayinə materiallarına baxılmasının nəticələri üzrə 10 iyun 2025-ci il tarixli qərar”ından və “Yoxlama suallarının siyahısı”ndan görünür ki, Bakı Şəhər Ticarət və Xidmət Departamentinin Yeraltı Keçidlər üzrə Ticarət Birliyinə məxsus olmaqla ünvan 1 ünvanında yerləşən xırdavat köşkündə keçirilən planlı yanğın-texniki müayinəsi zamanı - obyektin elektrik təsərrüfatına profilaktiki baxış keçirilərək akt tərtib olunmadığı və obyektin odsöndürən balonlarla təmin olunmadığı (“Elektrik qurğularına dair yanğın təhlükəsizlik tələbləri” (YTQ № 01-2001 bənd 6.1-6.10); “Yanğın avadanlığı və ilkin yanğın söndürmə vəsaitlərinin saxlanılmasına dair yanğın təhlükəsizliyi tələbləri (YTQ № 01-2001 bənd 10.1-10.4) - pozulduğu aşkar edilmişdir. Azərbaycan Respublikasının “Yanğın təhlükəsizliyi haqqında” Qanununun 6-cı maddəsinə əsasən yanğın təhlükəsizliyi sahəsində müəssisələrin aşağıdakı vəzifələri vardır: 1) yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək; 2) yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirlərini işləyib hazırlamaq və həyata keçirmək; 3) yanğına qarşı təbliğat aparmaq, habelə öz işçilərinə yanğın təhlükəsizliyi tədbirlərini öyrətmək; 4) yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlərlə istifadə olunmasına yol verməmək; 5) yanğından mühafizə bölmələrini bu Qanunla və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş qaydada yaratmaq və saxlamaq; 6) yanğınları söndürməkdə, onların törənməsi və yayılması səbəblərini və şəraitini müəyyənləşdirməkdə, habelə yanğın təhlükəsizliyi tələblərinin pozulmasında və yanğınların törənməsində təqsiri olan şəxslərin aşkar edilməsində yanğından mühafizə və yanğın nəzarəti qurumlarına köməklik göstərmək; 7) müəssisələrin ərazisində yanğınların söndürülməsi zamanı yanğınsöndürmə üzrə əməliyyatların yerinə yetirilməsində iştirak edən yanğından mühafizə şəxsi heyətinə və yanğının söndürülməsinə cəlb olunmuş qüvvələrə müəyyənləşdirilmiş qaydada zəruri qüvvə və vəsaitlər, yanacaq-sürtgü materialları, habelə ərzaq məhsulları və istirahət yerləri vermək; 8) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxsləri öz xidməti vəzifələrini yerinə yetirərkən onların ərazilərə, binalara, qurğulara və müəssisənin başqa obyektlərinə daxil olmasını təmin etmək; 9) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxslərinin tələbi ilə müəssisələrdə yanğın təhlükəsizliyi vəziyyəti barəsində, o cümlədən istehsal etdikləri məhsulun yanğın təhlükəsizliyi, habelə öz ərazilərində baş vermiş yanğınlar və onların nəticələri barəsində məlumatlar və sənədlər vermək; 10) yanğınlar, mövcud yanğından müdafiə sistemlərinin və vasitələrinin nasazlığı, yolların və girişlərin vəziyyətindəki dəyişikliklər barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına və ya onun bölmələrinə ləngimədən məlumat vermək. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Bakı Şəhər Ticarət və Xidmət Departamentinin Yeraltı Keçidlər üzrə Ticarət Birliyi tərəfindən Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla Birliyin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Bakı Şəhər Ticarət və Xidmət Departamentinin Yeraltı Keçidlər üzrə Ticarət Birliyi həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinə əsasən, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin məhkəmədə irəli sürdüyü dəlillərə münasibətdə qeyd edir ki, məhkəmə tədqiqi zamanı İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar (inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri və s.) müəyyən edilmişdir. İnzibati xəta haqqında işin icraatını istisna edən və İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinin təsiri altına düşməklə işin icraatına xitam verilməsi üçün əsas hesab olunacaq hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən, inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Bakı Şəhər Ticarət və Xidmət Departamentinin Yeraltı Keçidlər üzrə Ticarət Birliyinin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Bakı Şəhər Ticarət və Xidmət Departamentinin Yeraltı Keçidlər üzrə Ticarət Birliyinin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhər Ticarət və Xidmət Departamentinin Yeraltı Keçidlər üzrə Ticarət Birliyi Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2965/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2965/2025
08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver