Məhkəmə qərarları › İş №3(007)-2967/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2967/2023

01.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2967/2023 01.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X3, qərarından şikayət verilmiş Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhər BPİ-nin X12 İdarəsinin polis kapitanı A.F.Arzumanlı tərəfindən qəbul edilmiş TP seriyalı, ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan X3 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 Bakı şəhər BPİ-nin X12 İdarəsinin polis kapitanı A.F.Arzumanlı tərəfindən qəbul edilmiş TP seriyalı, ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini, evakuatorla maşınının cərimə meydançasına gətirilməsi ödənişinin, eləcə də maşınının daxil olduğu müddətdən park pulundan azad edilməsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində “VAZ 2106” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Bakı şəhər DYPİ-nin Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsi əsas gətirilərək protokol tərtib edilmişdir. Protokol tərtib olunarkən ona qeyd olunan maddənin pozulmasına dair heç bir əsas təqdim edilmədiyindən və əsassız tərtib olunduğu üçün protokolu imzalamaqdan imtina etmişdir. xx.xx.2023-cü il tarixdə isə əsassız olaraq tərtib olunmuş adı çəkilən protokol üzrə qərar qəbul edilmiş və barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. xx.xx.2023-cü il tarixdə tərəfindən "xxxx" MMC-nin mütəxəssisini cəlb etməklə və videoçəkilişlə qeydə alınmaqla qeyd olunan avtomobilə texniki baxış keçirilərkən İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsində qeyd olunan nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan hər hansı bir dəyişiklik aşkar edilməmiş və bu barədə 07 nömrəli, xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin mühəndis-məsləhətçisi S.M.Babayev tərəfindən müvafiq arayış tərtib edilmişdir. Həmin arayış BDYPİ-yə təqdim olunsa da mütəxəssis tərəfindən tərtib olunan arayışa əhəmiyyət verməyərək müvafiq qərar qüvvədə saxlanılmışdır. Bundan sonra o, vəkil məsləhəti ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək müvafiq qərarın ləğv edilməsini xahiş etsə də ərazi aidiyyəti üzrə məhkəmə düzgün seçilmədiyinə görə Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-991/2023 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə olunan sənədlər geri qaytarılmışdır. Daha sonra isə yenidən qeyri-dəqiq hüquqi məsləhət aldığı üçün Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Oradan inzibati xəta haqqında iş üzrə qərardan hadisənin baş verdiyi ərazi üzrə rayon (şəhər) məhkəməsinə müraciət edilməli olduğu bildirilmişdir. Buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək üçün nəzərdə tutulmuş 10 günlük müddətin ötürülməsi üzrlü səbəbdən baş verdiyi nəzərə alınaraq müraciətinə aidiyyəti üzrə baxılmalıdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X6 şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o, 2022-ci ilin sentyabr ayında avtomobilini texniki baxışdan keçirtmiş və avtomobilində hər-hansı bir konstruksiya dəyişikliyi aşkar edilməmişdir. DYPİ-nin əməkdaşları onun iştirakı və icazəsi olmadan avtomobilinə baxış keçirmişlər. Əgər onun avtomobilində hər-hansı bir konstruksiya dəyişikliyi olsaydı bu barədə akt tərtib olunardı. Avtomobilinə baxış keçirilməsi və konstruksiya dəyişikliyi olması barədə akt tərtib olunmamışdır. Avtomobilində olan 600 manat pul götürülmüşdür. Məhkəmədən göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər BPİ-nin X12 İdarəsinin nümayəndəsi X5 bildirmişdir ki, X6 izahatında bildirmişdir ki, avtomobilini 2022-ci ilin sentyabr ayında texniki baxışdan keçirtmişdir. Lakin iş materiallarından görünür ki, inzibati xəta hadisəsi həmin vaxtdan xeyli sonra, yəni xx.xx.2023-cü il tarixdə baş vermişdir. Həmin müddət ərzində Zair Mirzəyevin avtomobildə konstruksiya dəyişikliyi etməyə imkanı olmuşdur. “VAZ 2106” markalı, **-HL- *** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmiş və baxış zamanı avtomobildə konstruksiya dəyişikliyi edildiyi müəyyən edilmişdir. Zair Mirzəyev tərəfindən İXM-nin 342.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapdığından onun İXM-nin 342.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 150 manat məbləğində cərimə edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Məhkəmədən göstərilənlərə əsasən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhər BPİ-nin X12 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yol-patrul xidməti inspektoru X4 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə R.Rüstəmov küçəsində xidmətdə olan zaman “VAZ 2106” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamışlar. X10 yaxınlaşıb avtomobildə konstruksiya dəyişikliyi olub-olmadığını soruşmuşlar, sürücü dəyişiklik olmadığını bildirmişdir. Avtomobilə baxış keçirən zaman konstruksiya dəyişikliyi olduğunu aşkar etmiş və bu barədə Zair Mirzəyevə məlumat vermişdir. Onun barəsində İXM-nin 342.2.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş və avtomobilini duracağa təmin etməli olduğunu bildirmişdir. Zair Mirzəyev etiraz etmişdir. Ekipaj yoldaşı duracaqda olduğu üçün Zair Mirzəyevə avtomobili onun avtomobilinin arxasınca idarə edib duracağa gəlməyini bildirmiş, lakin o, etiraz etmişdir. Ekipaj yoldaşı gəldikdən sonra Zair Mirzəyevə bir daha törətdiyi inzibati xətanı izah edib avtomobili duracağa aparmalı olduğunu bildirmişdir. Zair Mirzəyev yenə onlara tabe olmamış, post-patrul xidmətinin əməkdaşlarını çağırmışlar. Zair Mirzəyev “Mercedes” markalı avtomobilə əyləşib oradan uzaqlaşmışdır. Avtomobildə qiymətli əşya və ya pul aşkar edilməmişdir. Onlar evakuasiya vasitəsi ilə videoçəkiliş aparmaqla avtomobili duracağa yerləşdirmişlər. Avtomobili duracağa yerləşdirdikdən sonra baxış aktı tərtib etmişlər. Avtomobildə konstruksiya dəyişikliyi edildiyini sübut edən videogörüntü də vardır. Bu gün, səhər saatlarında Zair Mirzəyevin iştirakı ilə "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən avtomobilə baxış keçirilmiş və avtomobildə konstruksiya dəyişikliyi edildiyi müəyyən edilmişdir. "xxxx" MMC-nin mütəxəssisləri özləri də etiraf etmişlər ki, onlar avtomobilə birinci dəfə baxış keçirən zaman yalnız yaylara baxmışlar. Zair Mirzəyevin barəsində tərtib etdiyi inzibati xəta haqqında protokol qanuni və əsaslıdır. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək, hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhər BPİ-nin X12 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yolpatrul xidməti inspektoru C.Ə.Abdullayev tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X6 xx.xx.2023cü il tarixdə saat 14:56 radələrində idarə etdiyi “Vaz 21061” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanında hərəkətdə olarkən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklərin edilməsi müəyyən edilmişdir. X1 Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - Bakı şəhər BPİ-nin X12 İdarəsinin polis kapitanı A.F.Arzumanlı tərəfindən qəbul edilmiş TP seriyalı, ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 150 manat məbləğində cərimə edilmişdir. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 07 nömrəli arayışdan görünür ki, "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən “VAZ 2106” markalı, **-HL-*** dövlət qeydiyyat nişanı olan avtomobilin yaylarına baxış keçirilmiş, heç bir konstruksiya dəyişikliyi olmadığı təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Bakı şəhər BPİ-nin X12 İdarəsinin üzərinə qoyulsa da, adı çəkilən orqan X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 83-cü maddəsinin İİİ bəndinə əsasən müəyyən edilmiş hərəkət sürəti həddini aşmaq, texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismarı faktını və nəqliyyat vasitələrinin alkoqol və ya güclü təsir göstərən digər maddələrin istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi halları müəyyənləşdirmək üzrə nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşları yalnız xüsusi cihazlar vasitəsi ilə həyata keçirirlər. (narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinə dövlət narkoloji-tibb müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir). Belə halları müəyyənləşdirmək üçün başqa üsullardan istifadə edilməsi yolverilməzdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixində X3 idarə etdiyi avtomobilə onun iştirakı olmadan, mütəxəssis və ya ekspert dəvət olunmadan baxış keçirilmiş, baxış keçirilməsi barədə akt tərtib olunmamış və barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsi ilə protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X6 barəsində inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edildiyindən, həmçinin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə hərtərəfli və tam araşdırma aparılmadığından şikayət qismən təmin edilməli, onun barəsində Bakı şəhər BPİ-nin X12 İdarəsinin polis kapitanı A.F.Arzumanlı tərəfindən qəbul edilmiş TP seriyalı, ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, materiallar tam və hərtərəfli araşdırılması üçün Bakı şəhər BPİ-nin X12 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər BPİ-nin X12 İdarəsinin polis kapitanı A.F.Arzumanlı tərəfindən qəbul edilmiş TP seriyalı, ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X3 inzibati xəta törətməsinə dair materiallar yenidən baxılması üçün Bakı şəhər BPİ-nin X12 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar