Məhkəmə qərarları › İş №3(007)-2969/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2969/2024

25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2969/2024 25.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən xx.xx.2024-cü il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində Şəxs etibarnamə əsasında idarə etdiyi “Opel Meriva” minik markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobillə X1 idarə etdiyi “Mercedes Benz 200” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə “Mercedes Benz 200” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs bədən xəsarətləri almışdır. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin polis baş leytenantı X3 tərəfindən xx.xx.2024-cü il tarixdə İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 15:00 radələrində etibarnamə əsasında idarə etdiyi “Opel Meriva” minik markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində sağ hərəkət zolağı ilə hərəkətdə olan zaman ondan qarşıda hərəkətdə olan “Mercedes Benz 200” markalı, **- OM-*** dövlət qeydiyyat nişanlı avtomobil işıqforun qırmızı işığı yandığına görə saxlamış, bu zaman o avtomobilin əyləcini bassa da saxlaya bilməmişdir. Nəticədə onun idarə etdiyi “Opel Meriva” minik markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi “Mercedes Benz 200” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. O və digər avtomobiin sürücüsü dərhal avtomobildən düşmüşlər, hadisə nəticəsində xəsarət alan olmadığını görmüşlər. Lakin bir müddət sonra “Mercedes Benz 200” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş xanım özünü yaxşı hiss etmədiyi üçün əraziyə X7 dəvət edilərək həmin xanım xəstəxanaya aparılmışdır. O, “Mercedes Benz 200” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə mobil nömrəsini verərək oradan çıxıb getmişdir. Daha sonra hadisə nəticəsində xəsarət alan şəxs Zərərçəkmiş şəxs xərclərini ödəmişdir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin nümayəndəsi və Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, onun Şəxs barəsində heç bir şikayəti yoxdur. Hadisə zamanı yüngül xəsarət almışdır və Şəxs ona lazım olan dərman vasitələrini almışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X8 tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair xx.xx.2024-cü il tarixli, 257 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs aşkar olunmuş hərəkət məhdudluğu ilə müşayiət olunan boyun əzələ-bağ aparatının gərilməsi xəsarətləri bərk küt əşyanın (əşyalaın) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarətlər alması istisna olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/964 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Opel Meriva” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi tərəfindən verilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə” dair 2/12527 saylı, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024cü il tarixdə müayinə olunan Şəxs ayıq olduğu müəyyən edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə görə yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmamasını, dəymiş ziyanın ödənilməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Məhkəmə hesab edir ki, aparılmış tədqiqatın dəyəri 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. İş üzrə aparılmış tədqiqatın dəyəri 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protetsti verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar