Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2970/2023 30.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclasının katibi Mustafayev Əşrəf Əli oğlunun katibliyi, qərardan şikayət vermiş X2, protokol tərtib edən şəxs – Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 03 may 2023cü il tarixli, EQ seriyalı, 14302813 nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 03 may 2023cü il tarixli, EQ seriyalı, 14302813 nömrəli inzibati xəta haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 03 may 2023-ci il tarixində barəsində İXM-nin 346.1-ci maddəsinin tələblərinə görə EQ14302813 nömrəli elektron qərar tərtib olunmuş, Asanpay informasiya sisteminə baş verməsi iddia olunan inzibati xətanın foto-şəkilləri, elektron qərar və digər məlumatlar yüklənmiş və bu barədə elektron poçt ünvanına məlumat daxil olmuşdur. Baş verməsi iddia olunan bu inzibati xəta hadisəsinin foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə və yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsi aydın deyil və Asanpay sisteminə yüklənmiş materiallarda bu barədə heç bir qeyd yoxdur. Lakin əlavə edilmiş fotoşəkillərdən görünür ki, xx/xx/2023-cü il tarixində saat 17:28:35 dəqiqədə ona məxsus Hyundai-İX35 markalı **-TK-*** dövlət nömrə nişanlı avtomaşını Məhəmməd Hadi küçəsində aptekin qabağında yol kənarında qeydə alınmışdır. O, nəqliyyat vasitəsini həmin yerdə saxlayaraq aptekdə olan ailə üzvünün çıxaraq avtomaşına minməsini 2-3 dəqiqə gözləməli olmuş, bu zaman mühərriki söndürməyərək maşında oturmuşdur. Şəkildən də görünür ki, iddia olunan bu inzibati xəta barədə elektron protokol və qərar düz 3 dəqiqə 15 saniyədən sonra, yəni 17:30:56 dəqiqədə DİN BDYPİ tərəfindən tərtib edilmişdir. Lakin baş verməsi iddia olunan inzibati xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilərək barəsində elektron qərarın tərtib edilməsi və yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərək belə bir elektron qərarın tərtib edilməsi barədə heç bir qeyd yoxdur. Sual olunur ki, baş verməsi iddia olunan inzibati xəta ilə bağlı elektron qərarı kim çıxarmışdır - texniki vasitələr və ya səlahiyyətli vəzifəli şəxs? Barəsində tərtib edilmiş inzibati akt bir sıra qanun pozuntuları ilə müşayiət olunur. Belə ki, iddia olunan inzibati xətanın baş verdiyi dəqiq ünvan göstərilməmişdir (X7 küçəsi ifadəsi yazılmışdır). Bundan başqa, inzibati aktda hüquqi müdafiə vasitələrdən istifadə müddətləri barədə dəqiq məlumat göstərilməmişdir. Ünvanın dəqiq göstərilməməsi və hüquqi müdafiə vasitələrindən istifadənin müddətləri barədə məlumatın qeyd edilməməsi İnzibati İcraat haqqında qanunun (59.1.3,59.1.5 maddələri) tələblərinə ziddir. Barəsində elektron qaydada çıxarılmış inzibati qərar İXM-nin 124.5 maddəsinin tələbləri baxımından da ziddiyyətlidir, çünki o, maşının içində olmuş, maşını tərk etməmişdir. Göstərilən ünvanda 3.27 (DAYANMAQ QADAĞANDİR) və 3.28 (DURMAQ QADAĞANDİR) yol nişanları quraşdırılmayıb. Bundan əlavə maşını saxladığı aptekin qarşısı parkinq yeridir və foto-şəkillərdən də görünür ki, aptekin qarşısında, yəni onun maşınının sağ tərəfində avtomaşınlar park etmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, baş verməsi iddia olunan inzibati xətanın törədildiyi yerdə 3.27 və 3.28 yol nişanları quraşdırılmadığından və yolun sağ kənar hissəsində nəqliyyat vasitələrinin park edilməsinə icazə verildiyindən İXM-nin 346.1 maddəsinə görə barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarmaq qanunsuzluqdur, çünki indiki halda onun əməllərində İXM-nin 346.1 maddəsinin tərkibi yoxdur. Odur ki, DİN BDYPİ-nin xx.xx.2023cü il tarixində qəbul etdiyi EQ14302813 nömrəli İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X4 şikayətinin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında protokol tərtib edən şəxs – Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi X3 elektron qərarın qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 03 may 2023-cü il tarixli, EQ seriyalı, 14302813 nömrəli inzibati xəta haqqında qərarından görünür ki, 2C:A5:9C:7C:E5:01 nömrəli müşahidə kamerası ilə qeydə alınmış görüntülərə əsasən Xətai rayonu, Məhəmməd Hadi küçəsində 03 may 2023-cü il tarixdə saat 17:28:35-də dayanma qaydalarını pozduğuna görə, “Hyundai İX-35 minik” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X4 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə 20 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Qərardan şikayət vermiş X2 idarə etdiyi “Hyundai İX-35 minik” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobillə 03 may 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində dayanma qaydalarını pozması işdə olan 2C:A5:9C:7C:E5:01 nömrəli müşahidə kamerası ilə qeydə alınmış foto şəkillər, qərar və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci bəndlərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidi; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarının pozulması həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və iyirmi manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Məhkəmə qeyd edir ki, X4 istifadəsində olan “Hyundai İX-35 minik” markalı **-TK- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dayanma üçün müəyyən edilmiş tələbləri pozduğuna görə onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədildiyindən, yəni 03 may 2023-cü il tarixdə tarixdə saat 17:28:35-də Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində nəqliyyat vasitəsi ilə dayanma qaydalarını pozmaqla müşayiət edilən hərəkətinə görə onun inzibati xətada təqsirli bilinməsi əsaslı hesab edilməlidir. Qeyd olunduğu kimi, baxılan iş üzrə inzibati xəta hadisəsi foto qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin köməyi ilə aşkar edilmiş, icraatın aparılması Azərbaycan Respublikası İXM-nin 122-ci, o cümlədən 124-cü maddələri ilə müəyyən edilmiş qaydalarla aparılmışdır, bu baxımdan X2 irəli sürdüyü dəlillər qərarın ləğv edilərək işin icraatına xitam verilməsi üçün əsas hesab oluna bilməz. Beləliklə, məhkəmə qanunvericiliyin istinad olunan normalarına və işin faktiki hallarına əsasən şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı inzibati xətalar qanunvericiliyinin tələbləri pozulmamışdır, X2 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə 03 may 2023-cü il tarixli, EQ seriyalı, 14302813 nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələri ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X2 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 03 may 2023cü il tarixli, EQ seriyalı, 14302813 nömrəli inzibati xəta haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-2970/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2970/2023
30.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver