Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2981/2021 24.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında icraatı başlamış Bakı şəhəri Nizami rayon prokurorunun nümayəndəsi, prokurorun köməkçisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan-Şəxs, onun müdafiəçisi-Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxx 1955-ci il tarixdə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, "xxxx" MMC-nin iş icraçısı vəzifəsində işləyən, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti ev 4A, mənzil 57-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami rayon prokurorluğunun 17 noyabr 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, baxılması üçün məhkəməyə göndərilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin sürücüsü Zərərçəkmiş şəxs 06 oktyabr 2020-ci il tarixdə ünvan 1 ünvanında yerləşən X13 X11 köməkçi sahəsində yıxılaraq xəsarət alması faktı üzrə rayon prokurorluğunun müstəntiqi X4 tərəfindən araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı Zərərçəkmiş şəxs xəsarət alması faktı əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 162 və 222-ci maddələrinin tərkibi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən Bakı şəhəri Nizami rayon prokurorluğunun müstəntiqi X4 tərəfindən 05 noyabr 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Həmçinin, müəyyən edilmişdir ki, Şəxs "xxxx" MMC ilə 05 yanvar 2014-cü il tarixdə bağladığı əmək müqaviləsinə əsasən iş icraçısı vəzifəsinə təyin edilib işləyərkən MMC-nin direktoru tərəfindən təsdiq edilmiş 01 iyul 2015-ci il tarixli vəzifə təlimatının 4-cü abzasının və “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 12 bəndinin (“k” abzasının) tələblərini pozaraq təhlükəsizlik texnikasının vəziyyətini yoxlamalı və üzə çıxarılan qüsurların aradan qaldırılması, işçilər tərəfindən əmək mühafizəsi təlimatına riayət edilməsi üçün tədbirlər görməli, işçilərin istehsal və əmək intizamına riayət etmələrini təmin etməli olduğu halda həmin tələblərə riayyət etməmiş və nəticədə 06 oktyabr 2020-ci il tarixdə saat 15:30 radələrində MMC-nin sürücüsü Zərərçəkmiş şəxs idarə etdiyi “Kamaz” markalı yük avtomobilində özüboşaldan sistem vasitəsilə yük boşaldarkən təhlükəsizlik kəmərindən düzgün istifadə etməməklə avtomobilin kabinasının qapısını açıq saxlamış, nəticədə Zərərçəkmiş şəxs texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydaları pozulmaqla yük avtomobilinin qapısını açıq saxladığına, təhlükəsizlik kəmərindən düzgün istifadə etmədiyinə görə avtomobilin ban hissəsinin gövdə hissəsinə çırpılması zamanı yaranmış zərbənin təsirindən avtomobildən kənara yıxılaraq ehtiyatsızlıqdan L1 (birinci) bel fəqərəsi cisminin kompression sınığı ilə nəticələnən sağlamlığa az ağır zərər vurmaya səbəb olan xəsarət almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qeyd edilənlərə əsasən, "xxxx" MMC-nin iş icraçısı vəzifəsində işləyən, xx xxxx 1955-ci il tarixdə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs tərəfindən texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan MMC-nin sürücüsü xx xxxx 1969-cu il tarixdə Gürcüstan Respublikasında anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi, döngə 5, nömrəsiz fərdi evdə yaşayan Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulması faktı üzrə Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmalı və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilməlidir. "xxxx" MMC-nin iş icraçısı vəzifəsində işləyən Şəxs tərəfindən texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan MMC-nin sürücüsü Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulması faktı üzrə Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında icraatı başlamış Bakı şəhəri Nizami rayon prokurorunun nümayəndəsi, prokurorun köməkçisi X2 qərarın dəlillərini müdafiə edərək, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili Vəkil izahatında göstərmişdir ki, inzibati xətalar qanunvericiliyinə görə, hüquqlarını müdafiə etdiyi Şəxs təqsirsizliyini sübuta yetirməyə borclu deyildir, material üzrə verilmiş ekspertiza qərarında heç bir əsaslandırma yoxdur, lazımi sübutlar, dəlillər toplanılmamışdır. İş icraçısı yüz yerə bölünə bilməz. Sürücü Zərərçəkmiş şəxs özü səhlənkarlıq etmiş, qaydaları pozmuşdur. Digər yandan, bu əməlin cinayət və ya inzibati olduğunu müəyyən etmək üçün illərlə araşdırma gedə bilərdi, hadisə 06 oktyabr 2020-ci il tarixdə baş vermişdir, zərərçəkmiş şəxs isə şikayəti vaxtında verməmişdir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Ona görə hesab edir ki, ümumiyyətlə, material üzrə inzibati icraat başlanılmamalı idi. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsində müəyyən edilmiş müddətin keçməsi əsası ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə, onun inzibati məsuliyyətdən azad olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs təyin olunmuş məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmiş, onun Bakı şəhəri Nizami rayon prokurorluğunda verdiyi izahatı elan olunaraq tədqiq edilmişdir. Bununla yanaşı, zərərçəkmiş şəxs araşdırma orqanına təqdim etdiyi ərizəsində "xxxx" MMC-yə qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. Zərərçəkmiş şəxs sözügedən izahatında göstərmişdir ki, o, 28 sentyabr 2020-ci il tarixdən 06 oktyabr 2020-ci il tarixədək "xxxx" MMC-də yük avtomobil sürücüsü vəzifəsində işləmiş, onunla rəsmi qaydada əmək müqaviləsi bağlanmış, iş saatı 08:00-dan 17:00-a qədər olmuşdur. Onun əsas işi “Kamaz” markalı yük avtomobili ilə müxtəlif qum, çınqıl materiallarının “X13 Bakı X14”nun yaxınlığında yerləşən "xxxx" MMC-nin köməkçi sahəsinə daşımaqdan ibarət olmuşdur. Ərazidə Murad adlı şəxs iş icraçısı vəzifəsində işləmiş və sonuncu X13 Bakı X11 yaxınlığında yerləşən "xxxx" MMC-nin köməkçi sahəsində onu və digər sürücüləri qəbul edərək daşıdıqları yüklərin boşaldılacağı yerləri onlara göstərirmiş. Şəxs vəzifəsi sürücülərə nəzarət etmək olmuşdur. O, işə qəbul olunan gün adını bilmədiyi bir nəfər şəxs ona texniki-təhlükəsizlik qaydaları ilə bağlı təlimat keçmiş, o da müvafiq kitabda texniki-təhlükəsizlik qaydaları ilə tanış olmasına dair imza etmişdir. Həmin vaxt ona avtomobili ehtiyyat ilə sürməsi, yük qaldıran zaman ehtiyatlı olması kimi təlimlər keçilmişdir. 06 oktyabr 2020-cı il tarixdə işdə olarkən ona təhkim olunmuş “Kamaz” markalı yük avtomobilinin işlək vəziyyətdə olmamasına görə onu həmin gün “Kamaz” markalı “**-VT-***” dövlət qeydiyyat nişanlı başqa bir yük avtomobili ilə təmin etmişlər. O, həmin avtomobillə iki dəfə çınqıl və torpaqdan ibarət olan 25-30 ton çəkidə yükü X13 Bakı X11 yaxınlığında yerləşən "xxxx" MMC-nin köməkçi sahəsinə apardıqdan sonra üçüncü dəfə yükü təxminən saat 18:30 radələrində köməkçi əraziyə aparmış, yükü boşaltmaq üçün avtomobilin yük baqajını yuxarıya doğru qaldırmağa başlamışdır. Yük avtomobilinin ban hissəsi təxminin 3-4 metr yuxarıya doğru qalxdıqdan sonra birdən ban sürətlə aşağı, ramanın üzərinə düşmüşdür. O, həmin gün hava isti olduğu üçün sürücü tərəfdən qapını acıq saxlamış, təhlükəsizlik kəmərindən istifadə etmiş, lakin təhlükəsizlik kəməri nasaz olmuş, asanlıqla kilidlənmə hissədən açılmışdır. Yük avtomobilinin ban hissəsi ramaya dəyən zaman yaranmış zərbənin təsirindən avtomobilin salonundan çıxaraq avtomobildən təxminən 3-4 metr kənara yıxılmışdır. O, kürəyinin üzərinə yerdə olan çınqıl daşlarının üstünə yıxılmış, belində dərhal ağrılar yaranmışdır. O, güclə ayağa qalxmış, bu vaxt Murad adlı iş icraçısının da onun yıxıldığı yerə doğru gəldiyini görmüşdür. O, Murada təcili tibbi yardıma zəng etməsini bildirmiş, Murad isə “bizi zibilə salma” deyərək fəhlələr üçün nəzərdə tutulan avtobusla onu öz şəxsi avtomobilinin yanına aparmışdır. Daha sonra onu öz avtomobilinə uzadaraq “Sumqayıt Hospitala” aparmışlar. Muradın yanında mexanik işləyən bir nəfər şəxs də olmuşdur. “Sumqayıt Hospital” klinikasında ona həkimlər tərəfindən ağrıkəsici iynə vurulmuş, “L1 fəqərəsinin sınığı” diaqnozu qoyulmuş, o, təxminən 4 gün orada müalicə olunsa da, 4 günün tamamında onu ev şəraitində müalicəyə göndərmişlər. MMC-nin rəhbərliyi ona bütün xərclərini qarşılayacaqları barədə söz vermiş, şikayət etməməsini ona bildirmişlər. Bu səbəbdən o, şikayət etməmiş, MMC tərəfindən hadisədən sonra ona 4 aylıq maaş verilsə də, sonradan ona maddi yardım göstərməkdən imtina etmişlər. Baş vermiş hadisədən sonra yalnız “Sumqayıt Hospital”da müalicə olunmuşdur. "xxxx" MMC-də işə qəbul olunarkən ona texniki-təhlükəsizlik qaydaları ilə əlaqədar təlimat keçilmiş, o, bununla bağlı müvafiq kitabda texniki-təhlükəsizlik qaydaları ilə tanış olmasına dair imza etmiş, hadisə zamanı əynində iş geyimi olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 08 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən X13 X11 köməkçi sahəsidir. Ərazidə qum, çınqıl, daş tozu və digər müxtəlif materiallar olmuş, baxış iştirakçısı Zərərçəkmiş şəxs ərazidə dayanıqlı vəziyyətdə olan yük avtomobilini göstərərək 06 oktyabr 2020-ci il tarixdə həmin avtomobilin yerində olan şirkətə məxsus digər “Kamaz” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilin banında olan yükü özüboşaldan funksiya vasitəsilə boşaldarkən avtomobilin ban hissəsinin avtomobilin raması üzərinə çırpılması nəticəsində, sürücü qapısını da açıq saxladığına görə yaranmış zərbənin təsirindən avtomobilin içərisindən kənara yıxılmışdır; -"xxxx" MMC-nin 08 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs 02 oktyabr 2020-ci il tarixli əmək müqaviləsinə əsasən sürücü vəzifəsinə işə götürülmüş, qaydalara əsasən digər işçilərlə birlikdə işə başlamazdan əvvəl təhlükəsizlik qaydaları ilə təlimatlandırılmış, 06 oktyabr 2021-ci il tarixdə saat 15:30 radələrində sürücü Zərərçəkmiş şəxs idarə etdiyi **-VT-*** dövlət qeydiyyat nişanlı “Kamaz” markalı yük avtomobili ilə SOCAR-ın X13 X11 yaxınlığında yerləşən köməkçi sahəsinə yük boşaldarkən avtomobilin banı zərbə ilə avtomobilin gövdəsinin üzərinə düşmüş, nəticədə avtomobilin kabinasında olan sürücü Zərərçəkmiş şəxs kabinanın açıq qalmış qapısından yerə yıxılaraq xəsarət almışdır; -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin “İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında” 12 avqust 2021-ci il tarixli 01-2021 nömrəli təhqiqat aktından görünür ki, "xxxx" MMC-nin sürücüsü Zərərçəkmiş şəxs 06 oktyabr 2021-ci il tarixdə saat 08:00 radələrində işə gəlmiş, iş geyimlərini geyindikdən sonra iş tapşırığına əsasən “Kamaz” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobili ilə “X13 X14”nun anbar adlanan sahəsinin yaxınlığında yerləşən köməkçi sahəyə tikinti materiallarının daşınması ilə məşğul olmuş və təxminən saat 15:30 radələrinə qədər həmin sahəyə idarə etdiyi yük avtomobili ilə 3 reys tikinti materialları daşımış, təxminən saat 15:30 radələrində Zərərçəkmiş şəxs yükü boşaldarkən banı qaldırıb-endirən hidravlik silindirin şlanqı partlamış və ban zərbə ilə avtomobilin gövdəsinin üzərinə düşmüşdür. Nəticədə avtomobilin kabinasında olan sürücü Zərərçəkmiş şəxs kabinanın açıq qapısından yer səthinə yıxılaraq xəsarət almışdır. Zərərçəkmiş şəxs iş icraçısı Şəxs yanına gələrək hadisə barədə ona məlumat vermiş və iş yoldaşları onu “Sumqayıt Hospital” klinikasına aparılmasını təmin etmişlər. Hadisənin baş verməsinə səbəb Zərərçəkmiş şəxs tərəfindən "xxxx" MMC-nin təsdiq edilmiş “Avtomobil sürücüsünün əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimatı”nın “İş vaxtı təhlükəsizlik tələbləri” bölməsinin 3.7-ci bəndinin tələblərinə, Şəxs tərəfindən “İş icraçısının vəzifə təlimatı”nın “Əmək funksiyası” bölməsinin 4-cü abzasının tələblərinə riayət olunmaması olmuş, Zərərçəkmiş şəxs və Şəxs əmək qanunvericiliyi pozuntusuna yol vermişlər; -Məhkəmə-tibb ekspertizasının 08 oktyabr 2021-ci il tarixli 879 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar olunmuş L1 (birinci) bel fəqərəsi cisminin kompression sınığı-bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 06 oktyabr 2020-ci il tarixdə hündürlükdən yıxılması zamanı alınması istisna olunmur, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aiddir. Qeyd edilən xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınması inandırıcı deyildir; -Əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının 05 noyabr 2021-ci il tarixli 10/5948 nömrəli rəyindən görünür ki, baş vermiş hadisənin texniki səbəbi “Kamaz” markalı **-VT- *** dövlət qeydiyyat nişanlı avtomobildən yükün boşaldılması zamanı banı qaldıran stokun şlanqının partlaması olmuş, baş vermiş hadisə ilə əlaqədar “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qadayaları”nın 12 bəndinin (“b” və “k” abzaslarının), “Avtomobil nəqliyyatında əməyin mühafizə qaydaları”nın 2.13 bəndinin, “İş icraçısı”nın texniki təhlükəsizlik üzrə təlimatı”nın 3.7-ci bəndinin və “Avtomexanik” vəzifə təlimatının 1,2 abzaslarının tələbləri pozulmuşdur. Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin “Vahid X3”nda olan “Müəssisə direktorunun əmək funksiyası”nın tələblərinə əsaslanaraq iş yerində sağlam və təhlükəsiz şəraitin yaradılmasını, maşın və avadanlıqların texniki saz vəziyyətdə saxlanılmasını, eləcə də, sürücü Zərərçəkmiş şəxs əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə vaxtaşırı olaraq (ildə bir dəfədən az olmayaraq) bilik səviyyəsi yoxlamalarının (attestasiyaların) keçirilməsini təmin etmədiyinə görə, “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 12 bəndinin (“b” abzasının) və “Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydaları”nın tələbləri "xxxx" MMC-nin direktoru tərəfindən pozulmuşdur. Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən X13 X11 ərazisində yükləmə-boşaltma işlərinin aparılması zamanı işçilər tərəfindən təhlükəsizlik texnikası üzrə təlimatların bütün tələblərinə riayət etmələrinə daim nəzarət etmədiyinə görə vəzifə təlimatının 4-cü abzasının və “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 12 bəndinin tələbləri "xxxx" MMC-nni iş icraçısı tərəfindən pozulmuşdur. Müəssisəsinin avtonəqliyyat vasitələrinin gündəlik işə hazırlanmasını, onların ayrı-ayrı hissə və qovşaqlarına baxış keçirilərək nasazlıqların vaxtında aradan qaldırılmasını təmin etmədiyinə görə, vəzifə təlimatının 1 və 2-ci abzaslarının tələbləri "xxxx" MMC-nin avtomexaniki tərəfindən pozulmuşdur. Müəssisə ərazisində yükləməboşaltma işlərinin aparılması zamanı təhlükəsizlik kəmərindən istifadə etmədiyinə və iş prosesi zamanı maşının kabina qapılarını bağlı vəziyyətdə saxlamadığına görə, vəzifə təlimatının 3.7-ci bəndinin tələbləri “Kamaz” markalı **-YT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs tərəfindən pozulmuşdur. -Bakı şəhəri Nizami rayon prokurorluğunun 05 noyabr 2021-ci il tarixli qərarından görünür ki, "xxxx" MMC-nin sürücüsü Zərərçəkmiş şəxs texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan yıxılaraq insan sağlamlığına az ağır zərər vuran xəsarət alması faktı üzrə toplanmış material üzrə MMCnin direktoru X10 və iş icraçısı Şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 162 və 222-ci maddələrinin tərkibi müəyyən edilmədiyinə görə toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd rədd edilmiş, "xxxx" MMC-nin iş icraçısı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xətanın tərkib əlamətləri olduğundan həmin fakt üzrə inzibati icraatın başlanması barədə qərar qəbul edilməsi məsələsinə baxılması üçün toplanmış materialdan müvafiq sənədlərin surəti ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nizami rayon prokuroruna təqdim edilmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs yıxılaraq xəsarət alması tikinti-quraşdırma işlərinin aparılması zamanı deyil, tikinti-quraşdırma işləri ilə əlaqədar olmayan ərazidə idarə etdiyi özüboşaldan yük avtomobilindən yük boşalması zamanı avtomobilin ban hissəsini saxlayan hidravlik şlanqın partlaması nəticəsində avtomobilin ban hissəsinin avtomobilin gövdəsinə çırpılması zamanı yaranmış zərbənin təsirindən yıxılarkən baş vermişdir. Bundan əlavə, əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının 05 noyabr 2021-ci il tarixli 10/5948 nömrəli rəyində şirkətin avtomexaniki tərəfindən müəssisənin avtonəqliyyat vasitələrinin gündəlik işə hazırlanması, onların ayrıayrı hissələrinə baxış keçirərək nasazlıqların aradan qaldırılmasının təmin edilmədiyi, habelə şirkətin direktoru Akif Nəbiyev tərəfindən maşın və avadanlıqların texniki saz vəziyyətdə saxlanılması, eləcə də, Zərərçəkmiş şəxs əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə vaxtaşırı olaraq (ildə bir dəfədən az olmayaraq) bilik səviyyəsi yoxlamalarından keçirilməsinin təmin edilmədiyi göstərilsə də, Zərərçəkmiş şəxs 02 oktyabr 2020-ci il tarixdə əmək müqaviləsi ilə işə qəbul olunmuş və 06 oktyabr 2020-ci il tarixdə məlum hadisə baş vermiş, yəni o, "xxxx" MMC-də cəmi 5 gün işləmiş, eyni zamanda "xxxx" MMC tərəfindən təqdim olunmuş texniki baxış aktına görə Zərərçəkmiş şəxs idarə etdiyi **-VT-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə SOCAR tərəfindən 25 sentyabr 2020-ci il tarixdə texniki baxış keçirilmiş və avtomobildə hər hansı nasazlıq aşkar edilməmiş, bundan başqa "xxxx" MMC-də avtomexanik vəzifəsi olmamış, yük avtomobillərinə vaxtaşırı olaraq X13 X12 aparılan yenidənqurma işləri üzrə sifarişçi olan SOCAR tərəfindən texniki baxış keçirilmişdir. "xxxx" MMC-də avtomexanik ştatı üzrə vəzifə nəzərdə tutulmadığından və xəsarət almış sürücü Zərərçəkmiş şəxs 02 oktyabr 2020-ci il tarixdə işə qəbul olunduqdan hadisə vaxtına qədər cəmi 5 gün işlədiyindən və əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul olunduqdan 1 il keçdikdən sonra attestasiyadan keçirilməsi nəzərdə tutulduğu, eyni zamanda "xxxx" MMC-nin yük avtomobillərinə X13 X12 aparılan yenidənqurma işləri üzrə sifarişçi olan SOCAR tərəfindən vaxtaşırı olaraq texniki baxışın keçirilməsi təmin edildiyi, o cümlədən cəmiyyət tərəfindən təqdim olunmuş texniki baxış aktına görə sonuncu dəfə Zərərçəkmiş şəxs idarə etdiyi “Kamaz” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə SOCAR tərəfindən 25 sentyabr 2021-ci il tarixdə, yəni hadisədən 9 gün əvvəl texniki baxış keçirilməklə avtomobildə hər hansı nasazlıq aşkar edilmədiyi nəzərə alınaraq, "xxxx" MMC-nin sürücüsü Zərərçəkmiş şəxs texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan yıxılaraq insan sağlamlığına az ağır zərər vuran xəsarət alması faktı üzrə cəmiyyətin direktoru X6 əməlində cinayət tərkibi müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 162-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yalnız ağır zərər vurulduqda cinayət tərkibi yarandığı nəzərə alınaraq, Zərərçəkmiş şəxs işlədiyi "xxxx" MMC-də iş icraçısı Şəxs tərəfindən texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan yıxılaraq insan sağlamlığına az ağır zərər vuran xəsarət alması faktı üzrə əməlində cinayət tərkibi müəyyən edilməmişdir. Bununla yanaşı, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs "xxxx" MMC ilə 05 yanvar 2014-cü il tarixdə bağladığı əmək müqaviləsinə əsasən iş icraçısı vəzifəsinə təyin edilib işləyərkən MMC-nin direktoru tərəfindən təsdiq edilmiş 01 iyul 2015ci il tarixli vəzifə təlimatının 4-cü abzasının və “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 12 bəndinin (“k” abzasının) tələblərini pozaraq təhlükəsizlik texnikasının vəziyyətini yoxlamalı və üzə çıxarılan qüsurların aradan qaldırılması, işçilər tərəfindən əmək mühafizəsi təlimatına riayət edilməsi üçün tədbirlər görməli, işçilərin istehsal və əmək intizamına riayət etmələrini təmin etməli olduğu halda həmin tələblərə riayət etməmiş və nəticədə 06 oktyabr 2020-ci il tarixdə saat 15:30 radələrində MMC-nin sürücüsü Zərərçəkmiş şəxs idarə etdiyi “Kamaz” markalı yük avtomobilində özüboşaldan sistem vasitəsilə yük boşaldarkən təhlükəsizlik kəmərindən düzgün istifadə etməməklə avtomobilin kabinasının qapısını açıq saxlamış, nəticədə Zərərçəkmiş şəxs texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydaları pozulmaqla yük avtomobilinin qapısını açıq saxladığına, təhlükəsizlik kəmərindən düzgün istifadə etmədiyinə görə avtomobilin ban hissəsinin gövdə hissəsinə çırpılması zamanı yaranmış zərbənin təsirindən avtomobildən kənara yıxılaraq ehtiyatsızlıqdan L1 (birinci) bel fəqərəsi cisminin kompression sınığı ilə nəticələnən sağlamlığa az ağır zərər vurmaya səbəb olan xəsarət almışdır. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz Şəxs tərəfindən törədilmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Məhkəmə, işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyərək, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər (texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulması) zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs vəkilinin göstərdiklərinə münasibətdə qeyd edir ki, Bakı şəhəri Nizami rayon prokurorluğunun 05 noyabr 2021-ci il tarixli qərarına əsasən toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd rədd edilmiş, "xxxx" MMC-nin iş icraçısı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xətanın tərkib əlamətləri olduğundan həmin fakt üzrə inzibati icraatın başlanması məsələsinə baxılması üçün zəruri materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilmiş, Bakı şəhəri Nizami rayon prokurorluğunun 17 noyabr 2021-ci il tarixli qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Göründüyü kimi, qanunverici belə halda müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etməni həll edərkən, inzibati tənbehin inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilməsini deyil, məhz cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilməsini nəzərdə tutmuş və tənzimləmişdir. Hansı ki, baxılan işə münasibətdə də həmin hal baş vermişdir, material üzrə 05 noyabr 2021-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edildikdən sonra üç ay keçməmişdir, ona görə Şəxs barəsində inzibati icraatın başlanması üçün qanuni əsaslar olmaqla hazırda da işin icraatına xitam verilməsi üçün İXM-nin 38-ci maddəsi ilə müəyyən edilmiş əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, Vəkil müqavilə əsasında işin icraatında iştirak etdiyindən, hüquqi yardım haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi məsələsinin müzakirəsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2981/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2981/2021
24.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver