Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2984/2024 25.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 327.1-ci maddələri ilə Bakı şəhər Baş Polis İdarsi X6 İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixdə, saat 08:25-də Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində “Mercedes 230” minik markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən, sürücü qayda pozuntusuna yol verdiyinə görə saxlanılmış, yoxlama zamanı sürücü Şəxs sərxoş olduğu məlum olmuşdur. Bununla da o, İXM-nin 333.1 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun barəsində xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs təqdim etdiyi yazılı etirazın məzmununa uyğun çıxış edərək bildirdi ki, Bakı şəhər DYPİ Yol patrul xidməti inspektoru polis baş serjantı X2 tərəfindən 01 iyun 2024-cü il tarixdə barəsində İXM-in 327.1 və 333.1-ci maddələrinin pozuntusuna dair İXP6302364 saylı protokol tərtib edilmişdir. Protokol tərtib edildiyi vaxt ona təqdim edilməmiş və idarə etdiyi avtomobil isə duracağa aparılmışdır. Pozuntu barədə tərtib edilmiş protokolun surəti həmin gün ərzində daha sonradan ona təqdim edilmiş və iş baxılması üçün Bakı şəhər Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Lakin protokolda imzası mövcud deyil və hüquq və vəzifələri ona izah edilməmiş və bu barədə də protokolda hər hansı qeyd edilməmişdir. Həm yuxarıda qeyd edilən səbəblərə, ən əsası isə aşağıdakı səbəblərə görə həmin protokol tam əsassız və qanunsuzdur və qəti şəkildə ləğv edilməlidir. Sözügedən pozuntunun onun tərəfindən törədilməsi iddia olunarkən, polis əməkdaşı tərəfindən yuxarıda göstərilən qaydalar kobud şəkildə pozulmuş, sərxoşluq vəziyyəti xüsusi texniki vasitələrdən istfiadə edilərək ölçülməmiş və əsassız olaraq avtomobili duracağa aparılmışdır. Bu zaman isə, heç bir protokol, akt və s. tərtib edilməmiş və ona da surətləri təqdim edilməmişdir. Halbuki belə bir müavinə polis əməkdaşı tərəfindən aparılmamış və müavinə aparılmadan əsassız olaraq sərxoş olmağı qəaətinə gələrək barəsində İXM-in 333.1-ci maddəsinin pozuntusu barədə protokol tərtib edilmiş və avtomobili də əsassız olaraq duracağa aparılmışdır. Həmçinin öz təşəbbüsü ilə 01 iyun 2024-cü il tarixdə XMSK Xüsusi Sağlamlıq Kompleksində alkotest etdirmiş və nəticə 0.00 kimi müəyyən edilmişdir. Göründüyü kimi, təqsiri müəyyən edilmədən, heç bir sübut mövcud olmadan, əksinə iddia edilən pozuntunu təkzib edən sübut mövcud olduğuna görə, hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və protokol ləğv edilməlidir. Yuxarıdakıları nəzərə alaraq məhkəmədən, Bakı şəhər DYPİ Yol patrul xidməti inspektoru polis baş serjantı X2 tərəfindən 01 iyun 2024-cü il tarixdə tərtib edilmiş İXP6302364 saylı protokolun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Baş Polis İdarsi X6 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 08:25-də Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində “Mercedes 230” minik markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu səbəbdən barəsində İXM-nin 333.1 və 327.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur; Sərxoşluq vəziyyətinin müəyyən edilməsinə dair xx.xx.2024-cü il tarixli alkotesterin nəticəsinə dair qəbzə əsasən Şəxs qanında alkoqol konsentrasiyasının miqdarı 0,633 promil müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o, alkotestrin nəticəsi ilə razı olduğunu və həkim müayinəsinə ehtiyac olmadığını bildirir. İş üzrə Şəxs müstəqil şəkildə XMSK Xüsusi Sağlamlıq Kompleksində alkotestr yoxlamasından keçməsinə dair xx.xx.2024-cü il tarixli laboratoriya nəticələrinə əsasən onun qanında alkoqol konsentrasiyasının miqdarı 0,00 promil müəyyən edilmişdir. İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. İXM-in 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 333-cü maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin alkoqoldan istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən İXM-nin 327.1-cİ maddəsinə baxılması rayon məhkəmələrinin səlahiyyətinə aid deyil. Belə olan halda, məhkəmə tərəfindən Şəxs İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Odur ki, hazırki iş üzrə Şəxs İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Şəxs hadisə baş verdikdən sonra müstəqil şəkildə alkotestr müayinəsindən keçdiyini nəzərə alaraq, həmçinin müayinədən saat neçədə, hadisədən nə qədər müddət sonra keçməsinə dair hər hansı bir məlumatın alkotestrin nəticəsində qeyd edilməməsini nəzərə alaraq, məhkəmə onun barəsində tərtib edilən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktı sübut qismində qəbul etmir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli Şəxs İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüseynov X3 Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-2984/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2984/2024
25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver