Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2988/2025 03.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, 10 avqust 1994-cü il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Göyçay şəhəri M.Muradov küçəsi, ev 67də qeydiyyatda olan, Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Surxay Noçuyev küçəsi, 375, mənzil 44-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 01 iyun 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən, Şəxs 01 iyun 2025-ci il tarixdə saat 09:33-də Bakı şəhəri Nizami rayonu E.Süleymanov küçəsində “Hyundai Accent minik” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında protokola dair yazılı etiraz vermiş, etirazında göstərmişdir ki, xx.xx.2025-ci il tarixində barəsində tərtib olunmuş İXP ******* nömrəli protokolda, alkotestr qəbzi və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında tərtib olunmuş protokolda hadisənin saatı faktiki olaraq 11:30 olduğu halda, 09:30 kimi qeyd olunmuşdur. Bu dəyişikliyin məqsədli formada aparıldığı ehtimal olunur ki, xx.xx.2025 tarixində saat 13:10-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X1 tərəfindən verilmiş 2/30720 nömrəli, 0.00 promil nəticəli sərxoşluğun təyini üzrə tibbi arayışı etibarsız hesab edilsin. Hadisənin real vaxtı yaşadığı binanın (Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Surxay Noçuyev küçəsi, 375) təhlükəsizlik kameralarında, hərəkət istiqamətində olan TŞ 10-012, TŞ 10-169, TŞ 10-075, TŞ 4-153, TŞ 4-058 (saxlanma ərazisi), avtomobilinin duracağa aparıldığı istiqamətdə TŞ 4-204 və 11 saylı cərimə meydançasının təhlükəsizlik kameralarında, eləcə də ** YP *** dövlət qeydiyyat nişanlı DYP avtomobilinin kameralarında açıq-aşkar görünməkdədir. Əlavə olaraq bildirir ki, protokolda saxlanma yeri “Elşən Süleymanov k.” olaraq göstərilmişdir, halbuki faktiki olaraq Bəhruz Nuriyev küçəsində saxlanılmışdır. Bundan başqa, izahat vərəqəsində xx.xx.2025 tarixində 3 şüşə spirtli pivə istifadə etdiyini yazdığı halda, tarix sonradan qaralanaraq xx.xx.2025 tarixinə dəyişdirilmişdir. Bu dəyişiklik protokolda da aşkar şəkildə görünür. Yuxarıda qeyd olunan faktlara əsaslanaraq: 1. Saxlanılma vaxtı və yeri ilə bağlı kamera görüntülərinin tələb olunmasını, 2. Saxtalaşdırılma ehtimalı olan protokol, alkotestr qəbzi və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında tərtib olunmuş protokolun sübutlardan xaric edilməsini,
3. Barəsində başlanmış inzibati icraatın xitam olunmasını xahiş etmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Baş Polis İdarəsinin X2 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs yazılı etirazı ilə eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, 01 iyun 2025-ci il tarixdə Nizami rayonu E.Süleymanov küçəsində avtomobili ilə hərəkətdə olan zaman onu yol polisi əməkdaşı saxlamışdır. O, 2 gün əvvəl içki içmişdir. Onu polis idarəsinə aparmışlar, oradan çıxan kimi həkim müayinəsinə getmiş, sərxoş olmaması barədə akt almışdır. Polis əməkdaşları saatda da saxtalaşdırma etmişlər. O, içkili olmamışdır. 10 ildir avtomobil idarə edir, heç inzibati xətası olmamışdır. Qeyd edilən halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün istifadə edilmiş xüsusi texniki vasitənin nəticəsindən görünür ki, Şəxs 01 iyun 2025-ci il tarixdə saat 09:27-də keçirilən müayinəsi zamanı onda alkoqolun miqdarı 0.430% olmuşdur. İşdə olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün texniki vasitədən istifadə olunmasına dair 01 iyun 2025-ci il tarixli protokolda Şəxs tərəfindən yazılmış izahatdan görünür ki, o, spirtli içki içdiyini etiraf etmiş, alkotestrin nəticəsi onu qane etdiyindən həkim müayinəsinə ehtiyac olmadığını göstərmişdir. Şəxs təqdim etdiyi “Sərxoşluq vəziyyətinin tibbi müayinə”sinə dair 01 iyun 2025-ci il tarixli, 2/30720 nömrəli protokolun surətindən görünür ki, onun həmin tarixdə saat 13:10da keçirilən tibbi müayinəsi zamanı ayıq olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 333-cü maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin İ hissəsinin 8-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə işdə iştirak edən şəxsin işin halları ilə bağlı verdiyi izahatı dinləyib və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə tövsif olunmuşdur. Sözügedən maddənin tələbinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə qeyd edir ki, Şəxs yazılı etirazında və məhkəmə iclasında izahatında irəli sürdüyü dəlillər işin faktiki halları ilə təkzib olunur, belə ki, həmin şəxsin alkoqoldan istifadə etməsi və bunun nəticəsində sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi faktı yerində olmaqla xüsusi texniki vasitənin vasitəsi ilə müəyyən olunmuşdur, bu nəticənin şübhə altına alınması üçün əsaslar yoxdur. Sərxoşluq faktı xüsusi texniki vasitə ilə 01 iyun 2025-ci-ci il tarixdə saat 09:27-də yerində aşkar olunmuş, Şəxs isə saat 13:10-da tibbi müayinədən keçmişdir. Aradakı saat fərqinin özü də şəxsin təbii yolla və ya müxtəlif vasitələrdən istifadə etməklə ayılmasına, sərxoşluq vəziyyətinin aradan qaldırılmasına yetərli hesab oluna bilər. Bundan başqa inzibati araşdırma zamanı, 01 iyun 2025-ci il tarixdə Şəxs yazılı izahat verib həmin göstərici ilə razılaşaraq, tibbi müayinə üçün həkim müayinəsindən keçməyə ehtiyac olmadığını göstərmişdir. Bu qeyd edilənlər məhkəməyə təqdim olunan video görüntüyə baxış zamanı da öz təsdiqini tapmışdır. Ona görə məhkəmə Şəxs hazırda irəli sürdüyü dəlilləri onun inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirərək nəzərə almır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Nəriman Mehdiyev