Məhkəmə qərarları › İş №3(007)-2997/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2997/2021

24.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2997/2021 24.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 3-cü kurs tələbəsi, ünvan 1 ünvanda yaşayan, Şəxs barəsində Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin sahə inspektoru polis baaş leytenantı X2 tərəfindən tərtib edilmiş 23 noyabr 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 23 noyabr 2021-ci il tarixdə, H.Əliyev prospekti, “Koroğlu” Metrostansiyasının yaxınlığında polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs barəsində tərtib olunmuş 23 noyabr 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və toplanmış materiallar baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək göstərmişdir ki, 23 noyabr 2021-ci il tarixdə saat 16 radələrində dostu avtomobili idarə edərkən, yol polisi əməkdaşı tərəfindən saxlanılmış, polis əməkdaşından törətdikləri xətanın mahiyyətini izah etməsini xahiş etmiş, lakin polis əməkdaşı heç bir izah verməmiş, buna görə “102” xidmətinə zəng vuraraq şikayət etmişdir. Bundan sonra PPX-nin əməkdaşları gələrək onu 23-cü polis bölməsinə aparmışlar. Polis bölməsində ona “sutka” veriləcəyi bildirilərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Halbu ki, polis əməkdaşlarına qarşı heç bir qanun pozuntusuna yol verməmişdir. Təqsiri olmadığı üçün barəsində başlanmış inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin sahə inspektoru polis baaş leytenantı X2 izahat verərək göstərmişdir ki, Nizami RPİ-nin DYP-nin və PPBX-nin əməkdaşlarının Nizami RPİ-nin 23-cü PB-nin rəisinə ünvanlanmış raportları əsasında Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Sonuncunun polis əməkdaşlarına qarşı konkret olaraq yol verdiyi qanun pozuntusunun nədən ibarət olması barədə heç bir məlumatı yoxdur. Məhkəmə, inzibati xəta haqqında protokolu və toplanmış icraat materiallarını əlaqəli şəkildə araşdırıb, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında iş üzrə icraat materialları ilə Şəxs 23 noyabr 2021-ci il tarixdə saat 16 radələrində H.Əliyev prospekti, “Koroğlu” Metrostansiyasının yaxınlığında polisin qanuni tələbinə tabe olmamaqla yol verdiyi qanun pozuntusunun nədən ibarət olduğunu müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində tərtib olunmuş 23 noyabr 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar