Məhkəmə qərarları › İş №3(007)-2997/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2997/2025

24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2997/2025 24.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, Protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsi X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin vəkili Nümayəndə iştirakları ilə, Hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 43, mənzil 1 (VÖEN: **********) olan Şəxs Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin binasənda, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MKM-nin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May və D.Bünyadzadə küçələrinin kəsişməsi ünvanında xx.xx.2025-ci il tarixdə, saat 10:37-də keçirilən səyyar yoxlama zamanı X9 və digər 1 (bir) nəfər şəxsin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən - Şəxs tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəi törədilmişdir. Məhkəmə iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X7 protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən aparılmış yoxlama zamanı müəyyən olunmuşdur ki, hüquqi şəxs tərəfindən iki işçi əmək müqaviləsi olmadan işə cəlb edilmişdir. Belə ki, ümumilikdə 12 nəfər yoxlanılmış, onlardan ikisinin əmək müqaviləsinin olmadığı aşkar edilmişdir. Yoxlama zamanı video qeydiyyat aparılmış, görüntülər protokola əlavə olunmuşdur. Həmin yoxlama nəticəsində protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə göndərilmişdir. Həmçinin bildirmişdir ki, qeyd olunan şəxslərlə bağlı əmək bildirişi sistemə müvafiq yoxlama aparıldıqdan və pozuntu halları aşkar edildikdən dərhal sonra yerləşdirilmişdir. Belə ki, yoxlama xx.xx.2025-ci il tarixdə, saat 10:37-də keçirilmiş, Vaqif Alıyev və Vaqif Məmmədhəsənovla əmək müqaviləsi isə həmin gün, yoxlama keçirildikdən bir neçə saat sonra sistemə daxil edilmişdir. Hətta bu halın özü belə hüquqi şəxs tərəfindən inzibati xətanın törədilməsi faktını sübut etmiş olur. O cümlədən hüquqi şəxsin nümayəndəsi yoxlama zamanı izahat vermiş, həm nümayəndənin, həm işçilərin izahatları alınmış, işçilər özləri də qeyd etmişlər ki, əvvəllər müqavilələri olmuş, lakin hazırda müqavilələri yoxdur, 1 aya yaxındır ki, orada işləyirlər. Müəssisə tərəfindən əvvəlcə əmək müqaviləsi bağlanmalı, daha sonra işçilər işlərin yerinə yetirilməsinə cəlb olunmalı idilər. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin vəkili Nümayəndə izahatında bildirmişdir ki, müəssisə barəsində inzibati icraat qanunvericiliyin tələbləri pozularaq aparılmışdır. Belə ki, yoxlama aparılarkən nümayəndənin iştirakı təmin edilməmiş, həmçinin daha sonra protokolun tərtib olunması zamanı “zoom” proqramı vasitəsilə iştirak etmək istəsələr də, bu mümkün olmamış, protokol iştirakları olmadan tərtib olunmuşdur. Həmçinin protokola əlavə olunmuş videogörüntü özülüyündə inzibati xətanın törədilməsi üçün kifayət etmir. Belə ki, videodan da görünür ki, yoxlama aparılan zaman həmin şəxslər iş paltarında deyil, gündəlik geyimdə olmuş, başlarında mühafizə üçün xüsusi papaq olmamışdır. Yoxlama zamanı müəyyən olunmalı idi ki, həqiqətən həmin şəxslər işlərin yerinə yetirilməsinə cəlb olunmuşlar, ya yox. Belə ki, həmin şəxslər ola bilsin ki, iş üçün həmin yerə gəlmişlər, onların əvvəllər də müqavilələri olmuşdur. Həmin şəxslər barəsində əmək müqaviləsinin bağlanması üçün texniki şöbəyə sifariş də verilmişdir. Lakin elektron sistemdə olan nasazlıq və ləngimələr ucbatından bildirişlər sistemə gecikmə ilə daxil edilmişdir. Lakin yenə də qeyd etmək istəyir ki, həmin şəxslər faktiki olaraq işlərin yerinə yetirilməsinə cəlb olunmamışlar. Onlar iş başında, işlər görülərkən yaxalanmamışlar. Onların əynində iş paltarı, başlarında mühafizə üçün papaq – kaska olsa idi və əllərində hər hansı alətlərlə iş görsəydilər, o halda inzibati xətanın tərtkibi yaranmış olardı. Həmçinin videogörüntüdən işçilərin nəyə imza etdikləri bilinmir, yalnız əlavə olunmuş sənədlərə baxdıqda izahatları görmək olur. Həmçinin ola bilsin ki, həmin şəxslərin xidmət müqavilələri olmuşdur. Bu hal da protokol tərtib edən orqan tərəfindən araşdırılmamışdır. Ümumiyyətlə, iş üzrə kifayət qədər araşdırma aparılmamışdır. Şəxs tərəfindən əvvəllər belə bir inzibati xəta törədilməmiş, bu sahəyə xüsusilə önəm vermişlər. Bunun sübutudur ki, yoxlama günü gecikmə ilə də olsa, işçilərin əmək müqavilələri sistemə daxil edilmişdir. Əks halda yoxlama aparılmış digər şəxslərdə də əmək müqaviləsinin olmaması aşkar olunardı. Həmçinin şahid ifadələrindən görünür ki, həmin şəxslər orada işlərə cəlb olunmamışdır. Beləliklə, Şəxs əməlində inzibati xəta tərkibi mövcud deyildir. Qeyd olunanların, Şəxs tərəfindən əvvəllər belə bir pozuntunun olmamasını nəzərə alaraq barələrində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, Vaqif Alıyev və Vaqif Məhəmmədhəsənovu tanıyır, onlar tikintidə bənna kimi işləmişlər. Bəzən olub ki, 1 il işləyiblər, bəzən olub ki, 06 ay işləyiblər. Yoxlama aparılan gündən öncəki gün axşam həmin şəxsləri işə çağırmış, səhər saat 09:00-da onlar işə gəlmişlər. Onlar yaxında qaldıqları və piyada gəldikləri üçün fəhlə paltarında işə gəlmişlər, həmin gün onlarla müqavilə bağlanmalı idi. Onlar kənarda dayanmalı, əraziyə daxil olmamalı idilər, lakin onun xəbəri olmadan tikinti sahəsinə keçmişlər. Onların tikinti sahəsinə keçməyə səlahiyyətləri olmamışdır. Onlar işçi olmadıqları üçün kaskaları olmamışdır. Onlara hər hansı işlərin yerinə yetirilməsi üçün tapşırıq verməmiş, sadəcə içəriyə keçib əmək müqavilələri bağlamalarını bildirmişdir. Lakin əmək müqavilələrinin bağlanması mümkün olmayıb, onlar da orada dayaıb müəyyən etmək istəmişlər ki, harada işləyəcəklər. Yoxlama zamanı da tikinti sahəsində gəzişdikləri üçün onları da yoxlamaya cəlb etmişlər. Özü onları işə götürmək üçün çağırmışdır, bu səbəbdən çəkiliş zamanı onların orada işlədiklərini demişdir. Lakin onların orada işlədiklərini gözü ilə görməmişdir. Həmçinin bildirmişdir ki, tikinti sahəsinə kənar şəxs icazəsiz girə və orada gəzişə bilməz. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, o, işə düzəlmək üçün həmin gün ora gəlmiş, ona heç kim, həmçinin İntiqam Nəbiyev hər hansısa işi yerinə yetirməyi tapşırmamış, sadəcə materialların yerini öyrənmək üçün tikinti sahəsində gəzmişdir. O, izahatı oxumamış, ad-soyadı yazılmış, o da imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 bildirmişdir ki, həmin günü əmək müqaviləsi bağlamaq üçün tikinti sahəsinə gəlmiş, onlara yoxlama aparılan yerə yaxınlaşmaları bildirilmiş, onlar da getmişdir. O, yaxınlıqda yaşadığı üçün işə iş paltarında gəlmişdir. Gözü yaxşı görmədiyi üçün izahatda nə yazıldığını görməmiş, sadəcə imzalamışdır. Hamı qol çəkdiyi üçün o da qol çəkmişdir. Ona verilən nömrə ilə yoxlama aparılan maşına yaxınlaşdıqda suala cavab olaraq bildirmişdir ki, ora işləməyə gəlmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən Tikinti obyektində həyata keçirilmiş səyyar monitorinqin nəticələrinə dair arayışdan görünür ki, Şəxs MMC-yə məxsus tikinti obyektində keçirilən yoxlama zamanı ümumi 12 nəfər şəxs yoxlanılmış, onlardan 2 nəfər şəxsin Şəxs MMC tərəfindən əmək müqaviləsi bağlanılmadan işə cəlb olunduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X13 X1 Tikinti obyektində yoxlanılan şəxslərin siyahısından görünür ki, X5 və X14 əmək müqaviləsi olmadan Şəxs MMC-də əmək fəaliyyətinə cəlb edilmişdir. İş materiallarında olan və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən təqdim edilmiş diskə baxış keçirilərkən müəyyən edildi ki, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May və D.Bünyadzadə küçələrinin kəsişməsi ünvanında yerləşən Şəxs MKM-yə məxsus tikinti obyektində keçirilən yoxlama zamanı yoxlanılan şəxslərdən iki nəfər şəxsin - X9 və X2 əmək müqaviləsi olmadan əmək fəaliyyətinə cəlb olunması aşkar olunmuş, X14 və X5 öz izahatında 1 aya yaxındır ki, həmin obyektdə bənna-hörgüçü kimi işlədiyini bildirmişdir. Həmçinin diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, hər iki şəxs fəhlə paltarlarında olmaqla üstləridə bulaşıq olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X14 və X5 əmək müqaviləsi olmadan Şəxs MKM-nə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May və D.Bünyadzadə küçələrinin kəsişməsi ünvanında yerləşən tikinti obyektində bənna kimi əmək fəaliyyətinə cəlb edilmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.2-ci əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs (18.2.1.), hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs (18.2.2.), hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs (18.2.3.), bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi (18.2.4) tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan biri digərini tamamlayan sübutlar ilə öz təsdiqini tapmışdır. Beləliklə, iş üzrə şahidlərin izahatı və yuxarıda sadalanan sənədlər ilə Şəxs rəhbərliyi tərəfindən əmək müqaviləsi olmadan qeyd olunan şəxslərin əmək fəaliyyətinə cəlb edilməsi halı öz təsdiqini tapır. Şəxs işəgötürən kimi qanunvericiliklə onun üzərinə qoyulmuş öhdəliklərə əməl etməmişdir və bununla da əmək qanunvericiliyinin tələblərini pozmaqla yanaşı, inzibati xətaya da yol vermişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 48-51, 114, 128-130 və 192.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar