Məhkəmə qərarları › İş №3(007)-3/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3/2022

01.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3/2022 01.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X1, tələbkarın nümayəndəsi X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 13 avqust 1978-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan, Şəxs, barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(007)-1099/2021 saylı icra vərəqəsindən görünür ki, Şəxs 11 fevral 2019-cu il tarixli müqavilə üzrə əsas borc 418 manat, cərimə borcu üzrə 41 manat, bundan əlavə, 14 aprel 2019-cu il tarixli müqavilə üzrə əsas borc 743 manat, cərimə borcu üzrə 74 manat, ümumilikdə hər iki müqavilə üzrə 1161 manat əsas borc, 115 manat cərimə borcu olmaqla, 1276 (bir min iki yüz yetmiş altı) manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə tutulmalıdır. İnzibati işdə olan 02.04.2012-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(007)-1099/2021 saylı icra vərəqəsi Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə daxil olmuş və icra sənədinin icrasına başlanılmışdır. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynov tərəfindən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı tötərməsi haqqında 22 sentyabr 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Nizami rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında icra məmuru X2 izahatında göstərmişdir ki, borclu Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(007)-1099/2021 saylı icra sənədi üzrə 1041 manatı ödəməmiş və buna görə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin, sonradan Şəxs tələbkara ödəniş etmişdir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi X5 izahatında göstərmişdir ki, borclu Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(007)-1099/2021 saylı icra vərəqəsi üzrə tələbkara ödəniş etmişdir. Məhkəmə iclasında borclu Şəxs izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(007)-1099/2021 saylı icra vərəqəsi üzrə tələbkara ödəniş etməsinin nəzərə alınaraq barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, inzibati işin baxılmasında iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında protokolu daxil olmuş icraat materialları ilə əlaqəli araşdıraraq hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati işin baxılması zamanı borclu Şəxs icra sənədi üzrə ödəniş etdiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs icra sənədi üzrə ödəniş etməsi, icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən icra etməmə kimi qiymətləndirilə bilməz. Odur ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, borclu Şəxs barəsində tərtib olunmuş 22 sentyabr 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar