Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-30/2024 15.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X5, qərarından şikayət verilmiş Bakı şəhər BPİ-nin X14 İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhər BPİ-nin X14 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8 Bakı şəhər BPİ-nin X14 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 30 iyun 2023-cü il tarixdə səhər saat 9:30 radələrində Sumqayıt şəhərindən Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi istiqamətində, avtoçilingər qismində yanında çalışdığı “avto-slesar” sexinin sahibi vətəndaş Əmirov Elşənə məxsus **-NF-*** dövlət nömrə nişanlı “BMW” markalı maşınla hərəkət edərkən DYPİ Yol Patrul Xidməti inspektoru, polis sıravisi X4 onu saxlamış, ondan maşının və özünün sənədlərini təqdim etməsini tələb etdikdə, onun üzərində sürücülük vəsiqəsi olmamışdır. Sürücülük vəsiqəsinin yenilənməsi üçün müraciət etdiyini və yaxın günlərdə vəsiqəni alacağını inspektora bildirmişdir. Bundan sonra inspektorun tələbi ilə nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamənin olmaması səbəbinin aydınlaşdırılması üçün maşının mülkiyyətçisi ilə telefon əlaqəsi saxlanılmışdır. Etibarnamənin olmamasına səbəb isə onun “avto-slesar” sexində 29 iyun 2023-cü il tarixdə gecə gec saatadək işləməsi və həmin saatda Sumqayıta getmək üçün nəqliyyat vasitəsinin olmamasından Elşən Əmirov ona maşınla getməyə icazə verdiyini və səhər maşını qaytarmalı olduğunu bildirmişdir. Maşının qaçırılmadığından əmin olan DYP əməkdaşı Abdullayev Cəmil protokol tərtib edib onu cərimə edəcəyini bildirmişdir. DYP əməkdaşı tərtib etdiyi protokolda onu İnzibati Xətalar Məcəlləsinin “Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsi”nə görə 332.1-ci maddəsi ilə cərimə edəcəyini və “bu boş şeydir” deyə ifadə etsə də, İXP5568365 saylı, 14 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokolda yalandan İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2 və 334.1-ci maddələrinə əsasən tərtib etmişdir və onun məlumatsızlığından istifadə edərək həmin protokolu ona imzalatdırmışdır. Protokolu imzaladığı təqdirdə maşını cərimə meydançasından buraxacağını bildirmişdir. Daha sonra **-NF-*** dövlət nömrə nişanlı “BMW” markalı maşını cərimə meydançasına gətirərək ona “İpək Yolu” ərazisində yerləşən Baş X14 İdarəsinə yaxınlaşmasını bildirmişdir. Elə həmin günü o, X14 İdarəsinə maşının mülkiyyətçisi ilə birgə yaxınlaşmış və onu İXHİÜİŞ-in baş inspektoru, polis kapitanı Arzumanlı Arzuman qəbul etmişdir. Ona öz iş otağında içkili və sənədsiz maşın idarə etdiyini bildirmiş, o, isə artıq 15 ildir ki, içki içmədiyini və həmin günü ümumiyyətlə içkili olmadığını israrla bildirsə də o, əksini sübut etməyə çalışmışdır. Alkoqol yoxlayan cihazla guya onun nəfəsində 0.2 promilli içki olduğunu, onun sərxoş vəziyyətdə maşını idarə etdiyini iddia etmişdir. Daha sonra maşının mülkiyyətçisindən onun maşını qaçırıb-qaçırmadığına dair suallar soruşmuş, məsələni uzatmışdır. O, məsələnin qəlizləşdiyini görüb həll yolunu soruşduqda Arzuman müəllim “min manat gətir, maşını buraxaq” sözlərini demişdir. O, anlamışdır ki, bütün bu oyunlar sadəcə adi vətəndaşdan rüşvət almaq, vəzifə səlahiyyətlərindən sui istifadə etməklə vətəndaşı pis vəziyyətdə qoymaq məqsədi güdür. O, pulunun olmadığını və içkili olmadığını onlara sübüt edəcəyini bildirib idarəni tərk etmişdir. Sumqayıt şəhərində yaşadığı üçün Sumqayıt şəhər Narkoloji Dispanserinə yaxınlaşmış, elə həmin günü alkoqol testi vermişdir. Təbii 15 ildir ki, nəinki içki, heç energetik içəcəklər belə qəbul etmədiyi üçün testin cavabı neqativ olmuşdur. Sumqayıt şəhər Narkoloji Dispanserinin 3805 saylı, 30 iyun 2023-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktının surətini əlavə etmişdir. O, 01 iyul 2023-cü il tarixdə İXHİÜİŞ-in baş inspektoru, polis kapitanı Arzumanlı Arzumana yaxınlaşmış həmin arayışı göstərsə də, Arzuman müəllim sənədə məhəl qoymamış və “min manat gətir buraxaq” tələbində israr etmişdir. 24 iyul 2023-cü il tarixdə maşının mülkiyyətçisi Elşən Əmirov öz nömrəsinə gələn cərimə sms-lərini ona göstərmişdir. Bildirmişdir ki, o, 24 iyul 2023-cü il tarixdə maşını cərimə meydançasından çıxarmaq üçün getdikdə, Baş X14 İdarəsindən Zaur Rzayev maşını buraxmamış, ona maşını qaçırıb sürdüyünə dair yalan və böhtan xarakterli ərizə yazdırmaq istəmişdirlər. Elşən bunu etməkdən imtina etdiyi üçün Zaur müəllim onu görmək istədiyini bildirmişdir. Onlar cərimə protokollarını görmək üçün Daxili İşlər Nazirliyinin cərimələrin yoxlanması portalına daxil olmuşlar, protokolun nömrəsi ilə axtarış etsələr də protokol sistemdə görünməmişdir. 24 iyul 2023-cü il tarixdə o, səhər saat 10:00 radələrində Baş X14 İdarəsinə Zaur Rzayevə yaxınlaşmış onu hansı səbəblə çağırdığını aydınlaşdırmaq istədikdə o, heç bir izah vermədən, sənədlərinin məhkəməyə göndəriləcəyini bildirmiş və şəxsiyyət vəsiqəsini alıb qovluğa tikmişdir. Maşını buraxmaq üçün Elşəni idarəyə dəvət etməsini bildirmişdir. Maşının mülkiyyətçisi Elşən Əmirov onunla idarəyə gəlmiş və maşını cərimə meydançasından saxlanc haqqını ödədikdən sonra çıxarmışdır. Baş X14 İdarəsi Nizami Rayon Məkəməsinə müraciət etsə də, məhkəmə sübutların yetərsizliyi səbəbilə işi geri qaytarmışdır. Lakin Baş X14 İdarəsi yenidən sənədləri toplayıb məhkəməyə müraciət edəcəyini bildirsə də, müraciət etməmişdir və qanunsuz olaraq mübahisələndirilmiş cərimə məbləğini sistemə işləmişdir. İnzibati xəta haqqında protokolun ləğv edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə 28 sentyabr 2023cü il tarixdə müraciət etmiş, 29 sentyabr 2023-cü il tarixdə elektron hökümət portalından iddia ərizəsinin rədd edilməsi haqqında bildiriş daxil olmuşdur. Bildirişə əsasən o, Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsinə baxılmaqdan imtinanın səbəbini öyrənmək üçün müraciət etdiyində ona məhkəmə və ya Bakı DYPİ-nin qəbul etdiyi qərarın təqdim olunmasını bildirmişlər. O, Bakı şəhər X14 İdarəsinə gedərək müvafiq qərarın surətini tələb etdikdə, bu ərizəyə əlavə olunmuş Bakı şəhər DYPİ-nin qəbul etdiyi “Yol hərəkəti qaydaları, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında TP ******* saylı qərarın sistemdən çıxarışını ona təqdim etmişlər. Bu qərarın rəsmi qaydada ona təqdim olunmadığını Bakı şəhər DYPİ-nə bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23-cü maddəsinə əsasən hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Lakin müvafiq TP ******* saylı qərar yuxarıda qeyd olunan maddəyə əsasən, həmçinin qərarın son bölməsində qeyd olunduğu kimi 2 (iki) gün ərzində rəsmi qaydada ona təqdim olunmalı idi, lakin belə bir qərarın mövcud olması haqqında məlumatı olmamışdır. Sözügedən qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin elektron sisteminə işlənilmişdir. Hal-hazırda o, sürücülük vəsiqəsi almaq üçün müraciət etsə də ona dəfələrlə bu cəriməni ödəməsə sürücülük vəsiqəsi ala bilməyəcəyini bildirmişlər. Təbii ki o, yanlış hərəkət etdiyini, sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etdiyini anlayır və qəbul edir. Qanunvericiliyə uyğun olaraq da bu inzibati xətanın cəriməsini ödəməyə hazırdır. Lakin bir vətəndaş olaraq ona şər böhtan atılaraq, ondan rüşvət tələb edərək hüquqlarını pozmalarına qarşı tamaşaçı qala bilmir. Məhkəmə iclasında barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən şəxs X8 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, barəsində Bakı şəhər BPİnin X14 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş Bakı şəhər BPİ-nin X14 İdarəsinin nümayəndəsi Qanuni nümayəndə izahat verərək bildirmişdir ki, sürücünün bildirdiyi kimi həmin tarixdə polis tərəfindən saxlanılmış, əvvəl sənədsiz olduğu, sonra da içkili olduğu müəyyən olunmuşdur. Şübhəli hallar olduğu üçün alkotesterlə əməkdaşlar vətəndaşı müayinə etmişlər, müayinədən sonra sərxoşluq vəziyyəti müəyyən olunmuş və onun barəsində protokol tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixdə saat 09:35-də protokol tərtib edilərkən **-NF-*** markalı avtomobili idarə edən vətəndaş X8 izahat yazaraq sərxoş olduğunu səmimi etiraf etmişdir. O, izahatında qeyd etmişdir ki, “Söz verirəm bir daha pivə içib maşın sürməyəcəm, sonuncu dəfədir. Xahiş edirəm bu dəfə məni bağışlayasınız. Həkimə getməyə ehtiyacım yoxdur. Alkotesterin göstəricisi ilə razıyam”. Sonunda qeyd etmişdir ki, “izahatı özüm yazdım, əlavəm yoxdur”. Bakı şəhər BPİ-nin X14 İdarəsindən verilən məlumata əsasən sürücünün ümumiyyətlə sürücülük vəsiqəsi olmamışdır. Qeyd olunanları nəzərə alaraq, şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri BPİ-nin X14 İdarəsinin yol patrul xidməti inspektoru, polis sıravisi X4 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 09:35 radələrində Nizami rayonu ərazisində xidmətdə olarkən “BMW 528” minik markalı, **-NF- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobildə konstruksiya dəyişikliyi şübhə doğurduğundan saxlanılmış, sürücü ilə ünsiyyət zamanı spirt qoxusu gəldiyindən sürücü alkotester vasitəsi ilə müayinə olunmuş, müayinə nəticəsində onda alkoqolun miqdarının 0,418 promil olması aşkar olunmuşdur. Sürücü spirtli içki içdiyini etiraf etmiş və bu barədə izahat yazmışdır. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş Bakı şəhər BPİ-nin X14 İdarəsinin nümayəndəsi X6 izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı özünümüdafiə xarakteri daşıyır. Hər şey açıq-aşkar ortadadır. Görünür ki, sürücü savadlı, məlumatlı insandır. Sürücü spirtli içki qəbul etməyibsə, izahatında içki qəbul etdiyini niyə yazır. Bu mümkün deyil, ümumiyyətlə bu kateqoriya işlərin hamısında belə hallar olur. Az sayda sürücü olur ki, əməlini səmimi etiraf etsin. Qanda spirtin miqdarı orqanizmin xüsusiyyətlərinə görə 1 saat ərzində 0,2 promilə qədər aşağı düşə bilər, bundan başqa süni şəkildə aşağı salmaq olur. Verilən şikayət tamamilə əsassızdır. İnspektor sürücüyə həkim müayinəsindən keçərək alkotesterin nəticəsini dəqiqləşdirməyi təklif etsə də, sürücü buna razılıq verməmiş, özü təkbaşına müayinəyə getmişdir. Məhkəmədən şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhər BPİ-nin X14 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 xx.xx.2023-cü il tarixdə, saat 09:43-də idarə etdiyi “BMW 528“ minik markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi ilə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə və etibarnamə olmadan idarə etmişdir. X2 Azərbaycan Respublikası İXM-nin 334.1, 332.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 500 manat məbləğində cərimə edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi tərəfindən verilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə”yə dair 3805 saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 16:40-da müayinə olunan X5 alkoqol sərxoşluğu vəziyyətində olmadığı müəyyən edilmişdir. - “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokolun surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə müayinə olunan X1 içki qəbul etməsi müəyyən olunmuşdur. Həmçinin protokolda sürücü “Söz verirəm bir daha pivə içib maşın sürməyəcəm, sonuncu dəfədir. Xahiş edirəm bu dəfə məni bağışlayasınız. Həkimə getməyə ehtiyacım yoxdur. Alkotesterin göstəricisi ilə razıyam” məzmunda izahat yazmış və protokolu imzalamışdır. - Tibbi müayinə protokoluna əlavə edilmiş xüsusi texniki vasitənin hesabatından görünür ki, X5 xx.xx.2023-cü il tarixdə saat 09:37-də keçirilən müayinəsi zamanı onda alkoqolun miqdarı 0,418 %0 olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X7 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur, sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-nin 334.1, 332.1-ci maddələri ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Şərh edilən normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X5 verdiyi şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər BPİ-nin X14 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-30/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-30/2024
15.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver