Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3000/2025 02.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 iştirakı ilə, X2, 22 avqust 1992-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunu Cəhri kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 5D17FF7, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri X8 İdarəsinin əməkdaşı X3 tərəfindən qəbul edilmiş 08 may 2025-ci il tarixli, EQ seriyalı, 27800865 nömrəli inzibati tənbeh haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 barəsində Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi haqqında 08 may 2025-ci il tarixli, EQ seriyalı, 27800865 nömrəli protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokol əsasında Bakı şəhəri X8 İdarəsinin əməkdaşı X1 qəbul etdiyi qərarla X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək, 400 manat məbləğində inzibati cərimə olunmuşdur. 23 iyun 2025-ci il tarixdə X4 Bakı şəhəri X8 İdarəsinin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi barədə şikayət ərizəsi Bakı şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. Daha sonra X4 məhkəməyə dəqiqləşdirmə ərizəsi ilə müraciət edərək Bakı şəhəri X8 İdarəsinin əməkdaşı X3 tərəfindən qəbul edilmiş 08 may 2025-ci il tarixli, EQ seriyalı, 27800865 nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilməsini Bakı şəhəri Nizami Rayon Məhkəməsindən xahiş etmişdir. Məhkəmə X2 tərəfindən verilmiş, qərardan şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsinə dair vəsatətə müzakirə edərək hesab edir ki, vəsatət təmin edilməli və müddət buraxılmamış hesab edilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X4 xx.xx.2025-ci il tarixdə, saat 01:04 radələrində idarə etdiyi «X7 1840» markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə NTS8-Bakı-Sumqayıt yolu, “Gəlin qaya” restoranının yanı, Şamaxı istiqamətində hərəkət edərkən DİN BDYPİ-si onun barəsində İXM-nin 449.3-cü və 332.3-cü maddələri ilə inzibati qərar qəbul etmişdir. DİN BDYPİ-si tərəfindən 08 may 2025-ci il tarixdə eyni gündə onun barəsində 3 fərqli qərar qəbul olunmuşdur. Qeyd edilən tarixə barəsində sürücülük hüququnun məhdudlaşdırılması barədə qərarının olmasından xəbərinin olduğunu və avtomobili özünün idarə etdiyini etiraf edərək sonda R.İ.Niftəliyev Bakı şəhəri X8 İdarəsinin əməkdaşı X3 tərəfindən qəbul edilmiş 08 may 2025-ci il tarixli, EQ seriyalı, 27800865 nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında iş üzrə qərarından şikayət verilmiş şəxs şikayətə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən təkrarən məhkəmə iclaslarına gəlməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyərək, məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və inzibati xəta haqqında iş üzrə qərar dəyişdirilmədən saxlanmalıdır. Belə ki, şikayətə əlavə edilmiş inzibati tənbeh haqqında 08 may 2025-ci il tarixli, EQ seriyalı, 27800865 nömrəli qərarın surətindən görünür ki, R.İ.Niftəliyev 08 may 2025-ci il tarixdə, NTS8-Bakı-Sumqayıt yolu, “Gəlin qaya” restoranının yanı, Şamaxı istiqamətində idarə etdiyi «X7 1840» markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3 və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi haqqında 08 may 2025-ci il tarixli protokol tərtib edilmiş və həmin protokol əsasında qəbul edilmiş eyni tarixli, EQ seriyalı, 27800865 nömrəli inzibati tənbeh vermə haqqında qərarla qeyd edilən inzibati xətaların törədilməsində təqsirli bilinərək, 400 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə araşdırması zamanı şikayət vermiş X4 izahatında qeyd etmişdir ki, o, dəfələrlə inzibati məsuliyyətə cəlb edildiyindən və ona təyin edilmiş cərimələri ödəmədiyindən onun nəqliyyat vasitələrinin idarə etmə hüququ məhdudlaşdırılmış, o, bunu bilə-bilə avtomobili yenidən idarə etmişdir. Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsinə əsasən 32.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi X4 məhkəmədə özü etiraf etmişdir ki, onun nəqliyyat vasitələrin idarə etmə hüququ, ona təyin eilmiş cərimələri ödəmədiyi üçün, məhdudlaşdırılmış və buna baxmayaraq o, avtomobili idarə etməyə davam etmişdir. İnzibati xəta haqqında işə Azərbaycan Respublikası İXM-nin tələblərinə riayət olunmaqla baxılaraq, Bakı şəhəri X8 İdarəsinin əməkdaşı X1 qəbul etdiyi qərarla R.İ.Niftəliyev qeyd edilən inzibati xətaların törədilməsində təqsirli bilinərək, barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.1-134.1.5-ci maddələrinə əsasən əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(007)-3000/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3000/2025
02.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver