Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3012/2023 06.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən ünvan 1 ünvanında yerləşən “Garden Hall” restoranının fəaliyyəti zamanı təmizləyici qurğudan çıxan tüstüdə zərərli maddələrin miqdarının ətraf mühit üçün yolverilən norma həddindən artıq olması aşkar edilmişdir. Bu barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi müfəttişi E.E.Hüseynli tərəfindən xx.xx.2023-cü il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermiş və Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMCnin nümayəndəsi X5 bildirmişdir ki, protokolda qeyd olunan xüsusatların heç biri həqiqəti əks etdirmir. Belə ki, monitorinqin keçirildiyi tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları restorana daxil olmuş, həmin vaxt orada restoranın administratoru olmuşdur. İdarənin əməkdaşları isə bacaya qalxmış, daha sonra administratora hər şeyin qaydasında olduğunu, heç bir problemin olmadığını bildirərək oradan kənarlaşmışlar. Tərtib edilmiş protokoldan sonradan məlumatları olmuşdur. Belə ki, protokolun tərtib edilməsində MMC-nin nümayəndəsi ümumiyyətlə iştirak etməmişdir. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları isə formal olaraq “protokolu imzalamaqdan imtina etdi” qeydini aparmışdır. Halbuki belə bir hal baş verməmişdir. Yəni, protokol tərtib ediləcəyi barədə onlara heç bir məlumat verilməmişdir və bu tamamilə qanunsuzdur. Həmin monitorinq zamanı İdarənin əməkdaşları tərəfindən tərtib edilmiş aktdan da xəbərsiz olmuşlar. Protokol tərtib edilən zaman cihazın sertifikatı və digər məlumatları doldurulmalı olduğu halda doldurulmamışdır. X8 Ekoloji Monitorinq İdarəsinin əməkdaşları akt tərtib etmiş, daha sonra isə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən akt tərtib edilmişdir. Məhkəmədə işə baxarkən həqiqətən də onların əməkdaşlarının orada iştirakının şəkillərdə əks olunmadığını görmüşlər. İnzibati Xətalar Məcəlləsində qeyd edilmişdir ki, əgər texniki vasitə istifadə edilibsə, onunla bağlı bütün məlumatlar mütləq formada protokolda qeyd edilməlidir. Bundan əlavə yoxlama 25 aprel 2023-cü il tarixdə keçirilmiş, həmin tarixdə akt tərtib edilmiş, protokol isə 08 may 2023-cü il tarixdə tərtib olunmuşdur. Göründüyü kimi uyğunsuzluq vardır. Onlar inzibati araşdırmanın başlanması haqqında hər hansı bildiriş və ya xəbərdarlıq almamışlar, yalnız iş məhkəməyə daxil olduqdan sonra məlumat əldə etmişlər. Bacanın təmizlənməsi ilə bağlı Şəxs MMC ilə "xxxx" MMC arasında 17 iyun 2021-ci il tarixli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında 2021-ci ildən bu günə kimi hər ay dezinfeksiya işləri aparılmış, bununla bağlı müvafiq aktlar tərtib olunmuş və iş materiallarına əlavə olunmuşdur. Onlar üzərilərinə düşən bütün öhdəlikləri icra etmişlər. Əvvəlki məhkəmə iclasında şahid qismində çağırılmış Pərviz Rəsulov bildirmişdir ki, əməkdaşların ilk dəfə gələn zaman niyyətləri çirkləndirməni yoxlamaq yox, bacada və filterlərdə tutucu qurğuların olub-olmadığını yoxlamaq olmuşdur. Bacada tutucuların olmasını müəyyən etdikdən sonra tutucuların necə işlədiyini müəyyən etmək üçün ölçmə aparılmışdır. Digər bir məsələ isə protokolu tərtib etmiş şəxsin buna səlahiyyətinin olub-olmaması məsələsidir ki, protokolu tərtib etmiş şəxsin buna səlahiyyəti olmamışdır. Onlar ölçmə ilə bağlı normaları araşdırmışlar, lakin həmin normaların haradan gəldiyi müəyyən deyildir. Belə ki, SSRİ-dən qalmış normalardır və onları açıq mənbələrdə tapmaq mümkün deyildir. Tərtib edilmiş aktda tutuculara vaxtlı-vaxtında qulluq edilmədiyi üçün nəticənin normadan yuxarı olması göstərilmişdir. Onlar vaxtlı-vaxtında tutuculara qulluq etmişlər, bacanı və qurğuları təmizlətdirmişlər, bununla bağlı müqavilələr və ödəniş qəbzləri də mövcuddur. Monitorinq idarəsinin aktında tutuculara vaxtlı-vaxtında qulluq edilmədiyi üçün nəticənin normadan yuxarı olması bəhanə gətirilərək, bununla bağlı protokol tərtib edilmişdir. İstənilən halda protokolda cihazla bağlı əsaslar qeyd edilmədiyi üçün protokol qüsurlu tərtib edilmiş sayılır. Bundan əlavə protokolu tərtib etmiş şəxsə, onun protokolu tərtib etmək səlahiyyətinin olub-olmadığı soruşulduqda, o, bunu cavablandıra bilməmişdir. Həmçinin göstəricinin normadan az miqdarda yuxarı olduğunu da etiraf etmiş, yoxlama aparılan zaman nümayəndənin iştirakı olmadan şəkillər çəkilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən Şəxs MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi X7 protokolun məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Xətai və Nizami rayonunun ərazisində atmosfer havasının mənfi təsirlərinin aradan qaldırılması üçün monitorinq keçirilmişdir. Həmin tarixlərdə Nizami rayonunun ərazisində yerləşən “Garden Hall” restoranında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X9 Monitorinq İdarəsinin iştirakı ilə monitorinq keçirilmiş, axşam radələrində “Garden Hall” restoranında yoxlama aparılmışdır. Restoranın nümayəndəsi X3 monitorinq idarəsinin nümayəndələrini sənədlərlə tanış etmiş, restoranın manqalından çıxan tüstünün ekoloji cəhətdən normalara uyğun olub-olmaması yoxlanılmışdır. Aparılmış ölçmə nəticəsində çıxan tüstünün normadan yuxarı olduğu müəyyən edilmişdir. Monitorinq idarəsinin əməkdaşları tərəfindən bununla bağlı akt tərtib edilmiş və sistem vasitəsilə 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Bundan sonra “Garden Hall” restoranının nümayəndəsi ilə əlaqə saxlanılaraq protokolun tərtib edilməsində iştirak etməsi üçün idarəyə dəvət edilmişdir. Nümayəndə qismində X3 idarəyə gəlmiş, lakin nəticənin normadan az miqdarda yuxarı olmasını əsas göstərərək protokolla razılaşmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən “Garden Hall” restoranında yoxlama aparılmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ona bacanın yerini göstərməsini bildirmiş, o isə bu işi Pərviz Rəsulova tapşırdıqdan sonra, Pərviz onlara manqalın üzərində yerləşən bacanın yerini göstərmişdir. Pərviz oradan kənarlaşan zaman əməkdaş sellofana bükülmüş və skoçlanmış aparat çıxararaq ölçmənin həmin aparatla aparılacağını bildirmişdir. Ölçmə aparıldıqdan sonra nəticənin 5.2 mq/m3 olduğunu bildirmişlər. O, normanın neçə olduğunu soruşduqda, ona normanın 5.0 mq/m3 olduğunu, nəticənin o, qədər də problemli olmadığını bildirmişlər. Hətta digər obyektlərdə nəticələrin 11-12 mq/m3 və daha artıq olduğunu “Garden Hall”da isə nəticənin ideal olduğunu bildirmişlər. O, bacanın hər ay təmizləndiyini bildirmiş və bununla bağlı müvafiq sənədləri onlara göstərmişdir. Əməkdaşlar ona ciddi problem olmadığını demişlər. Səhəri gün əlaqə saxlayaraq aktın tərtib olunacağı bildirilmişdir. Protokolun və ya aktın tərtib olunması barədə onlara heç bir məlumat verilməmiş, protokolla tanış edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X9 Monitorinq İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 000519 saylı aktdan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tapşırığına əsasən “Garden Hall” restoranında atmosfer havasına atılan zərərli qaz qarışıqlarının miqdarını müəyyənləşdirmək üçün X9 Monitorinq İdarəsinin mərkəz direktorunun müavini X.İdrisov, baş mühəndis F.Eyyubov, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi E.Hüseynli, “Garden Hall” restoranının nümayəndəsi P.Rəsulovun iştirakı ilə monitorinq keçirilmişdir. Monitorinq zamanı restoranın atmosfer havasına atılan zərərli qaz qarışıqlarının qarşısının alınması üçün qaztutucu qurğu quraşdırılmış, lakin filterlərin vaxtı-vaxtında təmizlənmə işləri aparılmamışdır. Bununla bağlı olaraq restoranın fəaliyyəti zamanı atmosfer havasına atılan zərərli qazların miqdarını müəyyənləşdirmək üçün səyyar cihaz ANKAT-64M3-04 vasitəsi ilə ölçmə işləri aparılmışdır. Ölçmə nəticələrinə əsasən CO (dəm qazı)-5,2 mq/m3 (norma 5mq/m3) müəyyən edilmişdir ki, bu da ətraf mühit üçün yol verilən qatılıq hədd daxilindən artıqdır. Ölçmə işləri zamanı SSRİ Səhiyyə Nazirliyinin yaşayış yerlərində atmosfer havasında çirkləndiricilərinin yol verilən qatılıq həddlərinin yol verilən normaları əsas götürülmüşdür (xx.xx.1984 N 3086-84). - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 79795 saylı aktdan görünür ki, “Ətraf mühitin mühafizəsi haqqında” və “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət olunması vəziyyətinin araşdırılması məqsədi ilə xx.xx.2023-cü il tarixdə İdarənin və X6 İdarəsinin əməkdaşı ilə birgə Nizami rayonu ərazisində fəaliyyət göstərən şadlıq sarayları və ictimaiiaşə obyektlərindən atılan zərərli qaz qarışığının miqdarının ölçülməsi məqsədi ilə monitorinqlər keçirilmişdir. Monitorinq zamanı Nizami rayonu, Məhsəti ünvan 2 ünvanında fəaliyyət göstərən “Garden Hall” restoranında atmosferə atılan tullantıların zərərsizləşdirilməsi məqsədi ilə qaz-toztutucu qurğunun quraşdırıldığı məlum olmuş, lakin buna baxmayaraq sözügedən ictimai-iaşə obyektinin nümayəndəsi Pərviz Rəsulovun və onların iştirakı ilə XKEMİ-nin mühəndisi tərəfindən müvafiq qaydada ölçmə işləri aparılan zaman “Garden Hall” restoranından atmosferə atılan zərərli qaz (CO) qarışığının miqdarı 5.2 mq/m3 təşkil edərək ətraf mühit üçün yol verilə bilən norma həddindən yüksək olduğu müəyyən edilərək xx.xx.2023-cü il tarixli, 000519 nömrəli akt tərtib edilmişdir. Nəticədə “Garden Hall” restoranın fəaliyyəti nəticəsində “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 31 və 32-ci maddələrinin və “Atmosfer havasının mühafizəsi” haqqında Qanunun 13 və 14-cü maddələrinin tələbləri pozulmuşdur. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbbi Sərvətlər İdarəsi haqqında Əsasnaməsinin 1.2 və 1.3-cü bəndindən görünür ki, İdarə öz xidməti ərazisində, yəni Bakı şəhərində, o, cümlədən Xəzər dənizinin bu zonaya aid olan hissəsində ətraf mühitin mühafizəsi, ekoloji maarifləndirmə, təbii ehtiyatların monitorinqi və təbii ehtiyatlardan səmərəli istifadə olunması sahəsində sahələrarası idarəetməni və dövlət nəzarətini həyata keçirən səlahiyyətli orqandır. Həmin Əsasnasənin 5.4.5-ci bəndindən görünür ki, ətraf mühitin mühafizəsi, təbiətin istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraat başlayır, inzibati araşdırma aparır və yaxud bu barədə sərəncamlar verir, inzibati xətalar haqqında işlərə baxır, təqsirkar şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür və inzibati tənbehin tədbiq edilməsi barədə qərar qəbul edir, təqsirkarların inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi haqqında materialları müvafiq olaraq məcburi icra və hüquq-mühafizə orqanlarına göndərir. - 17 iyun 2021-ci il tarixli, S-414 nömrəli xidməti müqavilədən görünür ki, Şəxs MMC-nə “Sanitariya-dezinfeksiya xidmətlərinin” göstərilməsini "xxxx" MMC öz öhdəsinə götürmüşdür. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin inzibati xətanın törədilməməsi ilə bağlı bildirdiklərinə tənqidi yanaşıb hesab edir ki, həmin hallar özünümüdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən əhalinin sağlamlığının, bitki və heyvanlar aləminin mühafizəsi, onların genetik fondunun qorunması məqsədilə, atmosferi, suyu, torpağı və yerin təkini çirkləndirən potensial təhlükəli kimyəvi və bioloji maddələrin yol verilə bilən miqdarının normativləri müəyyən edilir. Müvafiq ərazilərdə bütün çirklənmə mənbələrinin əhalinin sağlamlığına, bitki və heyvanlar aləminə təsiri nəzərə alınmaqla ətraf mühitin çirklənməsinin qarşısını almaq məqsədilə hər bir çirklənmə mənbəyi üzrə ətraf mühitə atılan, axıdılan və basdırılan zərərli maddələrin yol verilə bilən normativlərinin son hədləri müəyyən edilir. Əhalinin sağlamlığın və əmək qabiliyyətinin qorunması, bitki və heyvanlar aləmi üçün əlverişli olan ətraf mühitin mühafizəsi məqsədilə səs-küyün, vibrasiyanın, elektromaqnit sahələrinin səviyyəsinin, radioaktiv şüalanmanın və başqa zərərli fiziki təsirlərin yol verilə bilən son hədləri normativləri müəyyən edilir. “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə əsasən atmosfer havasına zərərli təsir edə bilən yeni texnikanın, texnologiyanın, materialların və digər məhsulların istifadəsi nəticəsində vurula biləcək ziyanın qarşısının alınması məqsədilə atmosfer havasının mühafizəsinə dair aşağıdakı tələblər müəyyən edilir: atmosfer havasının mühafizəsinə dair qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməyən yeni texnikanın, texnologiyanın, avadanlıqların, texniki vasitələrin, materialların, məmulatların, digər məhsulların tətbiqi və istifadə edilməsi qadağandır: qanunvericiliklə müəyyən edilən istismar müddəti keçmiş atmosfer havasını keyfiyyətinə zərərli təsir göstərən nəqliyyat, digər səyyar vasitələri və avadanlıqlarının, onların ehtiyat hissələrinin ölkə ərazisinə gətirilməsi qadağandır; İnsanın sağlamlığı və həyatı, ətraf mühit üçün təhlükə dərəcəsi müəyyən edilməmiş maddələrin atmosfer havasına atılması qadağandır; Azərbaycan Respublikasının ərazisində yanacaq istehsalına, idxalına və istifadəsinə yalnız onların atmosfer havasının mühafizəsinə dair tələblərə uyğun olmasını təsdiq edən sertifikatlar olduqda yol verilir; Azərbaycan Respublikasının ərazisində texniki qurğuların, texnoloji proseslərin, mühərriklərin, nəqliyyat və digər səyyar vasitələrinin, avadanlıqların və onların ehtiyat hissələrinin istehsalına, idxalına, istismarına yalnız onların istifadəsi zamanı zərərli maddələrin kütləsinin atılmanın texniki normativlərinə uyğunluğunu təsdiq edən sertifikatlar olduqda yol verilir; texniki qurğuların, texnoloji proseslərin, mühərriklərin, nəqliyyat və digər səyyar vasitələrin istifadəsi zamanı zərərli maddələrin kütləsinin atılmanın texniki normativlərə uyğunluğunu təsdiq edən sertifikatlar, habelə yanacaqın atmosfer havasının mühafizəsinə dair tələblərə uyğunluğunu təsdiq edən sertifikatlar qanunvericiliklə müəyyən edilmiş qaydada verilir; müvafiq icra hakimiyyəti orqanı işlədilməsi nəticəsində atmosfer havasını çirkləndirən neft və təbii qaz məhsullarının, başqa yanacaq növlərinin istifadəsini məhdudlaşdıra bilər, habelə ekoloji cəhətdən təhlükəsiz yanacaq növlərinin və digər enerji daşıyıcılarının istehsalını və istifadəsini stimullaşdırır. Atmosfer havasının vəziyyətinin və atmosfer proseslərinin dəyişməsinə yönələn fəaliyyət yalnız müvafiq icra hakimiyyəti orqanının verildiyi xüsusi icazə əsasında bu fəaliyyətin insanın sağlamlığı və həyatı, ətraf mühit üçün zərərli nəticələri olmadıqda həyata keçirilə bilər. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 233.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10500 (on min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-3012/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3012/2023
06.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver