Məhkəmə qərarları › İş №3(007)-3015/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3015/2020

09.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3015/2020 09.12.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1965-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 342.5 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X1 daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhər BPİ-nin Dövlət X1 daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2020-ci il tarixdə saat 09:06-da Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində idarə etdiyi “Mercedes E320” minik markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Bu barədə Bakı şəhər BPİ-nin DYPİ-nin YPX inspektoru, polis baş serjantı S.İ.Əlimanov tərəfindən xx.xx.2020-ci il tarixdə İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə səhər saatlarında idarə etdiyi “Mercedes E320” minik markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobillə işə gedən zaman avtomobili polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşı ona yaxınlaşaraq sənədlərini istəmiş, o, sənədlərini təqdim edərək saxlanılmağının səbəbini soruşduqda polis əməkdaşı cavab olaraq İXM-nin 342.5-ci maddəsinin tələblərinə zidd olaraq idarə etdiyi nəqliyyat vasitəsinin arxa işığının yanmadığını, nasaz olduğunu və bununla da inzibati xəta törətdiyini bildirmişdir. O, polis əməkdaşına avtomobilin işıqlarının nasaz olduğu halda adətən nəqliyyat vasitəsinin bu barədə sürücüyə avtomatik olaraq ekranda göstərməklə müvafiq siqnal vasitəsi ilə məlumat verdiyini, bu cür məlumatın da onun avtomobilinin ekranında göstərilmədiyini bildirmişdir. Bundan sonra o, avtomobildən düşərək avtomobilinə ətraflı baxış keçirmiş, avtomobilinin işıqlarının işlək vəziyyətdə olduğunu görüb bu barədə polis əməkdaşına bildirmişdir. Bundan sonra polis əməkdaşı ona ödənilməmiş cəriməsinin olduğunu bildirmişdir. O, polis əməkdaşına ödənilməmiş cərimələri olduqda bu barədə ona “SMS-radar” sistemindən avtomatik olaraq mesaj gəldiyini, ona ödənilməmiş cərimələr barədə hər-hansı mesaj gəlmədiyindən ödənilməmiş cəriməsinin olmadığına əmin olduğunu bildirmişdir. Sonra polis əməkdaşı alkotester vasitəsi ilə onun sərxoşluq vəziyyətini yoxlamışdır. O, polis əməkdaşına dünən qələbə ilə əlaqədar günorta saatlarında az miqdarda spirtli içki qəbul etdiyini bildirmişdir. Bu zaman polis əməkdaşı ona məsələni həll edəcəyini, onun dediyi məzmunda izahat yazmasını, həmin izahatı sonra cıracağını bildirmişdir. O da polis əməkdaşına inanıb onun dediyi məzmunda “həkimə ehtiyac yoxdur, xahiş edirəm məni nəzərə alın, bir daha spirtli içki qəbul edib nəqliyyat vasitəsi idarə etməyəcəm” yazıb imzalamışdır. Bundan sonra polis əməkdaşı onu iş yerinə aparmaq üçün ona məxsus avtomobili idarə etmiş, “X3”ya çatdıqda sürücülük vəsiqəsinin digər polis əməkdaşında qaldığı yadına düşdüyündən onu geri qaytarmasını xahiş etmişdir. Lakin polis əməkdaşı onu cərimə meydançasına gətirmişdir. Polis əməkdaşı ona barəsində təhlükəsizlik kəmərindən istifadə qaydalarını pozduğuna görə protokol tərtib ediləcəyini, 20 manat cərimə olunacağını bildirmişdir. Cərimə meydançasında onu saat 12-ə kimi gözlətdirmişlər. Həmin polis əməkdaşı ondan uzaqlaşdıqdan sonra içəridəki əməkdaşlar ona barəsində kəmərdən istifadə etmədiyinə görə deyil, sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyinə görə protokol tərtib ediləcəyini bildirmişlər. Bu zaman o, aldadıldığını başa düşmüşdür. O, həmin gün, yəni xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə getmiş, zəfərlə əlaqədar yolda tıxac olduğu üçün saat 13:20-də oraya çatmış, orada müayinə olunmuş və müayinə zamanı ayıq olduğu məlum olmuşdur. O, xx.xx.2020ci il tarixdə avtomobili sərxoş vəziyyətdə idarə etməmişdir. Onun barəsində tərtib edilmiş protokol tamamilə əsassızdır. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda qeyd edilən məlumatlar həqiqəti əks etdirmir. Belə ki, inzibati xəta haqqında protokolda onun polis əməkdaşları tərəfindən Mikayıl Əliyev küçəsində saxlanıldığı qeyd olunsa da, əslində polis əməkdaşları onu Rüstəm Rüstəmov küçəsində saxlamışlar. Həmçinin protokollarda saat da düzgün göstərilməmişdir. Məhkəmədən göstərilənləri nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X4 məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X2 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 09:03-də müayinə olunan Şəxs spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Həmçinin protokolda sürücü “həkimə ehtiyac olmadığını, bir daha spirtli içki qəbul edib nəqliyyat vasitəsi idarə etməyəcəyini” qeyd etmiş və protokolu imzalamışdır. - Tibbi müayinə protokoluna əlavə edilmiş xüsusi texniki vasitənin hesabatından görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 09:03-də keçirilən müayinəsi zamanı onda alkoqolun miqdarı 0,418%o olmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə”yə dair 2/11660 saylı, xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 13:20-də müayinə olunan Şəxs ayıq olduğu müəyyən edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hal şahidlərinin inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmələri protokolda qeyd edilir. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə prosessual hərəkətlər barəsində hal şahidlərinin qeydləri protokolda göstərilir. İş materiallarını nəzərdən keçirərkən müəyyən edilir ki, Şəxs barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas yalnız “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokol olmuşdur. Qeyd edilən protokoldan və inzibati xəta haqqında protokoldan aydın olur ki, sərxoşluq vəziyyətinin müayinəsi zamanı hal şahidlərinin iştirakı təmin edilməmiş, bununla bağlı müvafiq qeydlər aparılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 333-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmçinin, məhkəmə iclasında müəyyən edilmişdir ki, protokola əsasən Şəxs xx.xx.2020-ci il tarixdə saat 09:03-də alkotester vasitəsi ilə sərxoşluq vəziyyəti yoxlanılmış və alkoqolun miqdarı 0,418%o olmuşdur. Şəxs öz təşəbbüsü ilə xx.xx.2020-ci il tarixdə saat 13:20 radələrində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində müayinədən keçmiş və ayıq olduğu barədə rəy verilmişdir. Beləliklə, məhkəmə iclasında Şəxs xx.xx.2020-ci il tarixdə saat 09:03-də avtomobili sərxoş vəziyyətdə idarə etməsi sübuta yetirilmədi. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə”yə dair 2/11660 saylı, xx.xx.2020-ci il tarixli protokolu mötəbər sübut kimi qiymətləndirir və ona görə də Şəxs xx.xx.2020-ci il tarixdə ayıq olması qənaətinə gəlir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: xx.xx.1965-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar