Məhkəmə qərarları › İş №3(007)-3031/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3031/2021

25.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3031/2021 25.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan, Şəxs, barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 oktyabr 2012-ci il tarixli, 2 (007) 2642/2012 saylı icra vərəqəsinə əsasən, Şəxs 08 fevral 2011-ci tarixli 102 saylı kredit müqaviləsinə əsasən 5588,34 manat məbləğində əsas borc, 1337,15 manat məbləğində faiz borcu, 200 manat məbləğində dəbbə pulu, cəmi kredit üzrə borc 7125,49 manat iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Tutma öhdəliyin təminatı kimi Şəxs məxsus “VAZ 21074” markalı ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərrac yolu ilə satılmaqla borcun ödənilməsinə yönəldilməli, satışdan əldə olunmuş vəsaitdən 7 125,49 manat, habelə 20 manat məbləğində ödənilmiş dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı və qalan məbləğ cavabdeh Şəxs verilməlidir. İnzibati işdə olan 19.12.2012-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 oktyabr 2012-ci il tarixli, 2 (007) 2642/2012 saylı icra vərəqəsi Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icraatına daxil olmuş və icra sənədinin icrasına başlanılmışdır. İnzibati işdə olan 19.12.2012-ci il tarixli bildirişdən görünür ki, borclu Şəxs tələbin könüllü icrası barədə məlumat göndərilmişdir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X2 tərəfindən tərtib olunmuş 25 noyabr 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 oktyabr 2012-ci il tarixli, 2 (007) 2642/2012 saylı icra sənədinə əsasən Şəxs 7125,49 manat borcu "xxxx" ASC-yə ödəməmiş və icra sənədində göstərilən maşını təqdim etməmiş və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X2 izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 oktyabr 2012-ci il tarixli, 2 (007) 2642/2012 saylı icra sənədinə əsasən borclu Şəxs 7125,49 manat borcu "xxxx" ASC-yə ödəməmiş və icra sənədində göstərilən maşını təqdim etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında borclu Şəxs izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 oktyabr 2012-ci il tarixli, 2 (007) 2642/2012 saylı icra sənədinə əsasən 7125,49 manatı "xxxx" ASC-yə ödəməlidir. Lakin, maddi imkanı olmadığı üçün heç bir ödəniş edə bilməmişdir. “VAZ 21074” markalı ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobili mülki etibarnamə ilə satmış və həmin avtomobilin hazırda harada olması ona məlum deyil. Azərbaycan Respublikasının Ali Məhkəməsində işləyir və aylıq əmək haqqı 579 manat təşkil edir. Barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, inzibati xəta haqqında protokolu və daxil olmuş iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 oktyabr 2012-ci il tarixli, 2 (007) 2642/2012 saylı icra sənədinə əsasən borclu Şəxs "xxxx" ASC-nə 7125,49 manat ödəməlidir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, borclu Şəxs həmin icra sənədinə əsasən tələbkar "xxxx" ASC-yə heç bir ödəniş etməmişdir. “İcra Haqqında” Qanunun 43.1.2-ci maddəsinə əsasən, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbiridir. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarından biridir. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən, bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Həmin Qanunun 44.3-cü maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. Həmin Qanunun 70.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən, bu Qanunun 70.1-ci və 70.2-ci maddələri ilə nəzərdə tutulmuş tələblər borclu tərəfindən üzrsüz səbəblərdən yerinə yetirilmədikdə, icra məmuru borclu barəsində bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş tədbirləri görür. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Göründüyü kimi, “İcra Haqqında” Qanunun tələbinə əsasən, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqinin əsaslarından biridir. İnzibati işə əlavə olunmuş məlumatlardan görünür ki, borclu Şəxs Azərbaycan Respublikasının Ali Məhkəməsində işləməklə aylıq əmək haqqı 579.00 manat təşkil edir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, icra məmuru tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 oktyabr 2012-ci il tarixli, 2 (007) 2642/2012 saylı icra vərəqəsi üzrə borcun ödənilməsinin borclu Şəxs əmək haqqına yönəldilməsi istiqamətində heç bir məcburi icra tədbiri tətbiq edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, borclu Şəxs barəsində tərtib olunmuş 25 noyabr 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar