Məhkəmə qərarları › İş №3(007)-3031/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3031/2025

19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3031/2025 19.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Vəliyeva Nazlı Eldar qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X2 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 18 iyun 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs MMC 14896.95 Avro məbləğində olan vəsaiti bank hesabından 04 may 2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də, həmin vəsaitin hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Xəta 05 may 2025-ci il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru inzibati xəta haqqında protokola dair yazılı etiraz vermiş, etirazı onunla əsaslandırmışdır ki, "xxxx" (Türkiyə) şirkəti ilə Şəxs MMC arasında olan 11 aprel 2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" şirkəti ASC “Xalq” Bankı (**********) hesablarına 03 may 2025-ci il tarixində 21477 avro məbləğində avans köçürmüşdür. Onlar müştərilərinə satmalı olduqları ehtiyat hissələrini istehsalçıdan almaq üçün avans olaraq təmsil etdikləri Hofmann GMBH (Almaniya) şirkətinə (istehsalçıya) 21 mart 2023-cü il tarixli, ******* nömrəli müqaviləyə əsasən 03 may 2025-ci il tarixində hesablarına daxil olmuş 21477 avro məbləğinin bir hissəsini 04 may 2023-cü il tarixində 14896.95 avro məbləğ olmaqla avans şəklində eyni hesabdan, yəni ASC “Xalq” Bankı (**********) hesablarından Hofmann GMBH şirkətinin hesabına köçürtmüşlər ki, ehtiyat hissələrinin sifarişi istehsalçı tərəfindən qəbul edilsin və hazırlasın. Beləliklə istehsalçıda istehsal olunaraq hazır olunacaq ehtiyat hissələr bir başa müştəriyə DHL poçt xidməti vasitəsi ilə çatdırılmışdır. Tarixlərə istinad edilsə, ehtiyat hissələri tam hazır olduqdan sonra 01 iyun 2023-cü il tarixində ********** nömrəli DHL poçt şirkəti tərəfindən Hofmann GMBH (Almaniya) zavodundan müştərilərin BHC Global Limited (Türkiyə) şirkətinin ünvanına hava yolu ilə 2 yer olmaqla çatdırılmışdır. Beləliklə onların ödədikləri avans məbləği tam olaraq bağlanmışdır. Belə ki, 21477 avro daxil olan məbləğin 14896.95 avro hissəsi istehsalçıya köçürülmüşdür və 6580.05 avro mənfəət əldə edilmişdir. 16 iyun 2025-ci il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol yanlış tərtib edilmişdir və Beynəlxalq Ticarət nəzərə alınmamışdır. Təkrar olaraq bir daha bildirir ki, Beynəlxalq Ticarət etmişlər, ilk öncə 21477 avro müştəridən avans almışlar, daha sonra istehsalçıya 14896.95 avro avans ödəmişlər və mal-material daha sonra istehsalçıdan alıcıya bir başa çatdırılmışdır. Bütün sənədləri bir daha iş materiallarına əlavə edirlər. Göstərilənlərə əsasən, yanlış yazılan EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X3 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Şəxs MMC avans ödəmiş, lakin aldıqları malları ölkəyə idxal etməmişdir. Onlar başqa bir ölkədən almış və digər ölkəyə satışı həyata keçirmişlər. Belə olan halda bu, vasitəçilik əməliyyatı sayılır. Ödənişin təyinatı vasitəçilik olduğu üçün inzibati xəta baş vermişdir. Tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında hüquqi şəxsin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X4 etirazın dəlillərini müdafiə edib, eyni məzmunlu izahat vermiş və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mərkəzi X6 20 fevral 2020-ci il tarixli 06/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərə əsasən Şəxs MMC tərəfindən "xxxx" ASC-dəki bank hesabından 04 may 2023-cü il tarixdə 14896.95 Avro məbləğində pul vəsaiti ilə bağlı köçürülmənin aparıldığı tarixdən 2 il ərzində həmin vəsaitin hesabına alınan müvafiq malların ölkəyə idxalını, habelə idxal olunan xidmətlərin göstərilməsinin və ya qabaqcadan ödənilmiş vəsaitin geri qaytarılmasını təsdiq edən sənədlər müvəkkil banka təqdim edilməmişdir. Mərkəzi Bank tərəfindən rəsmi bildiriş verilərək əməlində qeyd edilənlərlə bağlı inzibati xəta tərkibinin olmasını istisna edən sübutlarını təqdim etməsi təklif edilsə də, Şəxs MMC tərəfindən belə sübutlar təqdim olunmamışdır. Bununla da, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın müvafiq tələbləri pozulmuşdur. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXMnin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.2-1-ci yarımbəndi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 30 sentyabr 2024-cü il tarixli qərardadında göstərilmişdir ki, xarici iqtisadi fəaliyyət zamanı valyuta əməliyyatları ilə bağlı münasibətlərin tənzimlənməsində əsas qanunvericilik aktlarından olan “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 4-cü hissəsi və 10-cu maddəsi ilə rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasında müvəkkil banklarda xarici valyuta hesabları üzrə əməliyyatların aparılması qaydasının müəyyənləşdirilməsi Mərkəzi Bankın səlahiyyətlərinə aid edilmişdir. Həmin Qanunun 8-ci maddəsinə əsasən, hüquqi şəxs olan rezidentlər valyuta sərvətlərini köçürmə yolu ilə Azərbaycan Respublikasına gətirmək və Azərbaycan Respublikasından çıxarmaq, habelə gömrük prosedurlarına əməl etməklə nağd şəkildə ölkəyə gətirmək və ölkədən çıxarmaq hüququna malikdirlər. Hüquqi şəxs olan rezidentlər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına köçürülməsi və nağd şəkildə gətirilməsi, habelə Azərbaycan Respublikasından köçürülməsi və nağd şəkildə çıxarılması qaydalarını Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyən edir. Göstərilənlərlə əlaqədar olaraq, ölkənin tədiyə balansında valyuta kəsirinin azaldılması və valyuta nəzarətinin effektivliyinin artırılması məqsədi ilə ölkədə maliyyə sabitliyinin təmin edilməsinə yönəlmiş kompleks tədbirlərdən biri kimi X7 Heyətinin 2016-cı il 28 noyabr tarixli Qərarı ilə Qaydalar qəbul edilmiş və həmin Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən həyata keçirilən köçürmələr, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlar zamanı malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsinin (xidmətlərin göstərilməsini təsdiq edən sənədin) təqdim edilməsi öhdəliyi və bu öhdəliyin icrası ilə bağlı dəqiq müddət məhdudiyyəti müəyyənləşdirilərək qeyd edilən valyuta əməliyyatlarına xüsusi nəzarət rejimi tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə isə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarıİmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4- cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” 2020-ci il 28 fevral tarixli Qərarı). Bununla yanaşı, Qaydaların 4.3.2-1-ci maddəsi ilə malların respublikanın gömrük ərazisinə gətirilmədən üçüncü tərəfə təqdim edilməsi üzrə rezidentlərin və qeyrirezidentlərin vasitəçilik fəaliyyəti ilə bağlı maliyyə köçürmələri tənzimlənmişdir. Belə ki, bu köçürmələrin məbləği vasitəçinin müvəkkil bankdakı hesabına mal alan tərəfindən əvvəlcədən köçürülən məbləğdən artıq olmamalı və vasitəçilik fəaliyyətini təsdiq edən müvafiq müqavilə (müqavilələr) banka təqdim edilməlidir. Vasitəçilik fəaliyyəti ilə bağlı köçürmələr vasitəçinin vəsaiti hesabına avans yolu ilə həyata keçirildikdə, belə köçürmələr əlavə olaraq mal alan tərəfindən qabaqcadan ödənilmiş məbləğ həcmində vasitəçinin xeyrinə açılan geri çağırılmayan akkreditiv və (və ya) geri götürülməyən, qüvvədə olma müddəti öhdəliklərin icra müddətindən ən azı 30 (otuz) bank günü çox olan bank qarantiyası təqdim edilməklə aparılmalıdır. Qabaqcadan ödənilmiş məbləğ ödənişin aparıldığı gündən ən geci 180 (yüz səksən) gün müddətində geri qaytarılmadıqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməlidir. Beləliklə, bu yarımbənd məhz vasitəçiliklə bağlı maliyyə əməliyyatlarının aparılması qaydalarını, köçürülən məbləğlərə dair müvafiq məhdudiyyətləri, lazımi sənədləri və müəyyən şərtlərə əməl edilmədikdə atılmalı olan addımları müəyyən edir. Vasitəçilik mülki dövriyyə subyekti tərəfindən kontragentlə münasibətlərin üçüncü şəxsin (vasitəçinin) iştirakı ilə qurulmasını nəzərdə tutur. Vasitəçilik münasibətləri müxtəlif müqavilələrlə (ticarət agenti, konsessiya, komissiya, broker müqavilələri) rəsmiləşdirilir. Belə müqavilələr əsasında bir tərəf muzd (haqq) müqabilində digər tərəf qarşısında malların alınması və ya satılması sahəsində, habelə malların müəyyən bazarda yerləşdirilməsinə yönələn öhdəlikləri öz üzərinə götürür. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən vəsaitin xaricə köçürülməsi ilə bağlı məsələlər Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə tənzimləndiyi halda, kommersiya fəaliyyətində müqavilə üzrə öhdəlik vasitəçilik fəaliyyəti ilə bağlı olduqda, yəni əvvəlcədən ödənişi edənin vəsaiti hesabına və ya əvvəlcədən bank qarantiyası ilə təmin etməklə və ya geri çağrılmayan akkreditiv açmaqla vasitəçinin vəsaiti hesabına malın alınması və ölkəyə daxil edilmədən tranzit ötürülməsi ilə bağlı köçürmələr həmin Qaydaların 4.3.2-1-ci yarımbəndi ilə tənzimlənir. Vasitəçilik fəaliyyəti ilə əlaqədar köçürmələr zamanı alınan malın ölkənin gömrük ərazisinə daxil edilməsi nəzərdə tutulmadığından vasitəçinin malların ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsini (xidmətlərin göstərilməsini təsdiqləyən sənədi) təqdim etmək öhdəliyi də mövcud olmur. İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə məsuliyyətin yaranması şəxsin malların ölkə ərazisinə idxalını təsdiqləyən gömrük bəyannaməsini (xidmətlərin göstərilməsini təsdiq edən sənədi) təqdim etmək öhdəliyini pozması ilə şərtləndirilir. Bu baxımdan şəxsin fəaliyyəti vasitəçiliklə deyil, müqavilə predmetini təşkil edən malların ölkə ərazisinə idxal edilməsi və ya xidmətlərin göstərilməsi ilə əlaqədar olmalıdır. Məcəllənin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Odur ki, bu qəbildən olan işlərə baxılarkən inzibati xətaya görə məsuliyyətə cəlb olunan şəxsin valyuta vəsaitləri ilə həyata keçirdiyi hərəkətlərin və göndərişlərin kimin adından və kimin vəsaiti hesabına həyata keçirilməsi məhkəmələr tərəfindən müəyyənləşdirilməli, müqavilə tərəfləri arasında real vasitəçilik münasibətlərinin olubolmaması, müqavilənin görüntü üçün bağlanıb-bağlanmaması, vasitəçilik haqqında müqavilələrin qabaqcadan banka təhvil verilib-verilməməsi, geri çağırılmayan akkreditiv və bank qarantiyasının olub-olmaması araşdırılmalıdır. Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməli, işin hallarını hərtərəfli tam və obyektiv araşdırmalıdır. Habelə, apellyasiya instansiyaları məhkəmələri birinci instansiya məhkəməsinin faktları nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyət üzrə düzgün olan qərarını yalnız formal mülahizələrə görə ləğv etməkdən çəkinməlidirlər. Beləliklə, Qaydaların 4.3.1.3 və ya 4.3.2-1-ci yarımbəndinin tətbiqinin mümkünlüyü məsələsi işin hallarından asılı olaraq iqtisadi münasibətlərin subyektinin fəaliyyətinin konkret müqavilə üzrə vasitəçiliklə bağlı olub-olmamasının, müqavilə tərəflərinin əsl hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsinə əsasən həll olunmalıdır. Əks yanaşma mülki dövriyyə iştirakçılarının hüquqi əsas olmadan inzibati məsuliyyətə cəlb edilməsi və nəticədə onların maliyyə vəziyyətlərinin pisləşməsi, habelə Konstitusiyanın 59-cu maddəsində nəzərdə tutulmuş sahibkarlıq hüquqlarının pozulmasına səbəb ola bilər. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan qərardadı ilə gəlinmiş hüquqi mövqe və işin müəyyən edilmiş faktiki halları baxımından belə nəticəyə gəlir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən 14896.95 Avro məbləğində olan vəsaiti bank hesabından 04 may 2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürdükdən sonra, həmin vəsait əsasında vasitəçiliklə bağlı maliyyə əməliyyatları aparılmış, müqavilə predmetini təşkil edən malların ölkə ərazisinə idxal edilməsini və ya xidmətlərin göstərilməsini təmin etməmişdir ki, bu, İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın təsiri altına düşmüşdür, ona görə irəli sürülən dəlillərin əsası yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinib, barəsində inzibati xətanın obyekti olmuş 14896.95 Avro məbləğinin iyirmi faizi - 2979,30 Avro məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar