Məhkəmə qərarları › İş №3(007)-304/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-304/2023

09.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-304/2023 09.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X2, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər BPİ-nin X10 İdarəsinə bilavasitə tabe olan YPX Alayının Müşayiət eskort bölüyünün yol-patrul xidməti inspektoru X4, qərar qəbul etmiş həmin İdarənin nümayəndəsi X1 iştirakları ilə, X2 Bakı şəhər BPİ-nin X10 İdarəsinin 09 yanvar 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Bakı şəhər BPİ-nin X10 İdarəsinin 09 yanvar 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 04 yanvar 2023-cü il tarixdə Nizami rayonu, Mikayıl Əliyev küçəsində özünə məxsus “VAZ 2107” markalı avtomobillə hərəkət edərkən saat 17:30 radələrində YPX onu saxlamış və ona avtomobildə vizual görünüşlə konstruksiya pozğunluğu iddia edərək TP ******* nömrəli protokol tərtib edib müvəqqəti duracağa yerləşdirilmişdir. Lakin o, inspektora YHQ 83-cü maddəsində əsaslı şəkildə texniki vasitə ilə ölçülərək xüsusi cihazlarla müəyyənləşdirmək lazım olduğunu desə də, ona məhəl qoymayıb öz şəxsi fikrini irəli sürərək əsassız şəkildə ona protokol tərtib edib vəzifəsindən sui-istifadə etmiş, ona demişdir ki, “mənə qanun öyrətmə”. Buna görə ona maddi ziyan dəymişdir. TP ******* nömrəli qərarın ləğv olunmasını, iş üzrə icraata xitam verilməsini və ona dəymiş ziyanın təzminatının ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X5 şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, yol polisi əməkdaşı vizual olaraq baxıb bildirmişdir ki, avtomobilin purjini dəyişdirilmişdir, avtomobilin arxa hissəsi aşağıdır, ona görə avtomobil duracağa getməlidir. Hansı ki, belə hallarda pozuntunun olub-olmaması vizual baxışla müəyyən edilməli deyil, texniki vasitələrlə ölçülməli, yoxlanılmalı idi. Avtomobil duracağa aparılan vaxt tələb etmişdir ki, inzibati protokol tərtib edilsin, çünki şikayət verəcəkdir. İnzibati protokolda MMC-nin arayışı ilə bağlı qeyd etmişdir ki, şikayəti və tələbi yoxdur, həmçinin protokolda özü etirafedici izahat yazmışdır ki, avtomobili buraxsınlar. Baxmayaraq ki, purjini özü dəyişməmişdir, hesab edir ki, purjinin dəyişdirilməsi texniki məsələdir, qayda pozuntusu deyildir. Bundan başqa, avtomobil texniki baxışdan keçmişdir, zavod buraxılışına zidd hər hansı konstruksiya dəyişikliyi aşkar edilməmişdir. Yol polisi əməkdaşının qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyan vurulmuşdur. Şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər BPİ-nin X10 İdarəsinə bilavasitə tabe olan YPX Alayının Müşayiət eskort bölüyünün yol-patrul xidməti inspektoru X6 izahatında göstərmişdir ki, 04 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi ərazisində xidmətdə olarkən, saat təxminən 17:40 radələrində “VAZ 21074” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobildə texniki vəziyyətə dair tələblərin pozulduğunu, yəni avtomobilin arxa purjinlərinin dəyişdirilməsi nəticəsində arxa hissənin aşağı endirildiyini, bununla da nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və təkər düsturunun pozulmasını vizual olaraq müşahidə etmiş, qanunvericilikdə nəzərdə tutulan qaydada nəqliyyat vasitəsini saxlatmış, özünün təqdim edərək qayda pozuntusu barədə izah etmiş, həmin konstruksiya dəyişikliyinin aradan qaldırılmasınadək nəqliyyat vasitəsinin müvəqqəti duracağa yerləşdirilməli olduğunu bildirmişdir. Şəxsiyyətini sonradan müəyyən etdiyi sürücü X5 həmin xətanı etiraf etmiş, özünün iştirakı ilə "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən keçirilmiş baxış zamanı nəqliyyat vasitəsində qeyd olunan konstruksiya dəyişikliyi aradan qaldırılaraq əvvəlki zavod istehsalı vəziyyətinə qaytarılmışdır. Həmin inzibati xətaya görə tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş, X5 protokolda sərbəst olaraq qeydlər yazaraq xətanı etiraf etdiyini, heç bir narazılığı, şikayəti olmadığını göstərmişdir. Tərəfindən hər hansı qanunsuz hərəkətə yol verilməmişdir, məhkəməyə təqdim etdiyi sənədlər və videogörüntü ilə inzibati xəta haqqında protokolun əsaslı olması öz təsdiqini tapır. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı şəhər BPİ-nin X10 İdarəsinin nümayəndəsi X3, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin dəlillərini müdafiə etmiş, X2 şikayətində göstərilənlərin əsası olmadığından şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhər BPİ-nin X10 İdarəsinə bilavasitə tabe olan YPX Alayının Müşayiət eskort bölüyünün yol-patrul xidməti inspektoru X6 tərəfindən tərtib olunmuş 04 yanvar 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Mikayıl Əliyev, məhəllə 2404 ünvanında 04 yanvar 2023-cü il tarixdə saat 17:48-də “VAZ 21074 minik” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X5 Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətaya yol verdiyinə görə barəsində həmin protokol tərtib edilmişdir. X5 protokolda aşağıdakı məzmunda qeyd yazmışdır: “Protokolla tanış oldum, nəqliyyat vasitəsinin duracaqda konstruksiya dəyişikliyi aradan qaldırıldı, başım çıxmırdı, nəqliyyat vasitəsində olan purjinin kəsik olması duracaqda aradan qaldırıldı, bununla bağlı heç bir arayışla heç bir şikayət, tələbim yoxdur, gələcəkdə də olmayacaq. (imza)”. -Bakı şəhər BPİ-nin X10 İdarəsinin 09 yanvar 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 04 yanvar 2023-cü il tarixdə saat 17:48-də “VAZ 21074 minik” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Mikayıl Əliyev, məhəllə 2404 ünvanında hərəkətdə olarkən, barəsində tərtib olunmuş 04 yanvar 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsi ilə (nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə) 150 manat məbləğində inzibati cərimə edilmişdir; - 04 yanvar 2023-cü il tarixli aktdan görünür ki, “VAZ 21074 minik” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobil 11 nömrəli mühafizə olunan duracağa yerləşdirilmişdir; -Bakı şəhəri "xxxx" MMC-nin 09 yanvar 2023-cü il tarixli 03 nömrəli arayışından görünür ki, həmin MMC-nin mütəxəssisləri tərəfindən keçirilmiş baxış zamanı “VAZ 21074 minik” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobildə konstruksiya dəyişikliyi aradan qaldırılaraq əvvəlki zavod istehsalı vəziyyətinə qaytarılmışdır. İnzibati xəta haqqında protokol tərtib və qərar qəbul etmiş orqan tərəfindən məhkəməyə təqdim olunmuş CD diskdə olan videogörüntülərə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmiş, yuxarıda qeyd olunan, inzibati xəta haqqında protokol və qərarla müəyyən edilmiş halların öz təsdiqini tapdığı müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə - yüz əlli manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 30-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından bu Qanuna 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır; 30-cu maddəsinin İİ hissəsinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər: 1) nəqliyyat vasitələrinin istismarı zamanı onların texniki vəziyyətinə dair müəyyən edilmiş tələblərə riayət etməlidirlər; 2) nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün onlara vaxtlı-vaxtında texniki xidmət göstərməlidirlər; 3) texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər; 30-cu maddəsinin V hissəsinə əsasən istismarda olan nəqliyyat vasitəsinə həmin modelin normativ-texniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativlərə və standartlara uyğun gəlməlidir. Nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, habelə tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi qadağandır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 04 yanvar 2023-cü il tarixdə saat 17:48-də “VAZ 21074 minik” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində konstruskiya dəyişikliyi etmiş, zavod istehsallı arxa purjinlərinin kəsilərək arxa hissənin aşağı endirilməsi ilə nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və təkər düsturunun pozulması ilə müşayiət olunan inzibati xətaya yol vermişdir. Məhkəmə hesab edir ki, qərardan şikayət vermiş X2 hazırda irəli sürdüyü dəlillər onun şəxsi mülahizələri olmaqla inzibati qaydada tənbeh olunması ilə bağlı mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsas hesab oluna bilməz, onun nəqliyyat vasitəsinin texniki vəziyyətinə dair tələbləri yuxarıda göstərilən qaydada pozması məhkəmə iclasında tədqiq olunan sübutlarla tam sübuta yetirilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən cəlb olunmuş Bakı şəhəri "xxxx" MMCnin mütəxəssisləri tərəfindən sürücü X2 özünün iştirakı ilə keçirilmiş baxış zamanı “VAZ 21074 minik” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobildə konstruksiya dəyişikliyinin edilməsi öz təsdiqini tapmış, həmin dəyişiklik aradan qaldırılaraq əvvəlki zavod istehsalı vəziyyətinə qaytarılmışdır. X5 inzibati xəta haqqında protokolda həmin halı təsdiqləyən qeyd yazaraq xətanı etiraf etmişdir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X2 Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə 09 yanvar 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X2 həmin qərardan şikayəti təmin edilməməlidir. Məhkəmə şikayətin maddi ziyanın tələb edilməsi hissəsinə münasibətdə qeyd edir ki, həmin məsələ inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılmasının predmeti deyildir, ona görə hər hansı münasibət bildirilmir, X5 bununla bağlı məsələni aidiyyəti üzrə ayrıca mübahisələndirə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Bakı şəhər BPİ-nin X10 İdarəsinin 09 yanvar 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar