Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3046/2025 15.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X3, Bakı şəhər BPİ X12 İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhər BPİ X12 İdarəsinin yol patrul xidməti inspektoru, polis sıravisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 Bakı şəhər BPİ X12 İdarəsinin yol patrul xidməti inspektoru, polis sıravisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X11 Yol Patrul Xidmətinin (bundan sonra “YPX”) əməkdaşının qanunsuz davranışı nəticəsində barəsində törətmədiyi inzibati xəta əməlinə görə protokol tərtib olunmuş, həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Aşağıda qeyd olunanlara əsasən YPX əməkdaşı tərəfindən inzibati xətalar haqqında qanunvericiliyin tələblərinin pozulduğunu, barəsində qəbul edilmiş qərarın tam əsassız və qanunsuz olduğunu düşünür. O, 5 iyun 2025-ci il tarixində idarə etdiyi özünə məxsus “Hyundai Sonata” markalı, 99NK435 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən saat 14:20 radələrində 99YP349 dövlət qeydiyyat nişanlı 1595 döş nişanlı YPX əməkdaşı tərəfindən Nizami rayonu Babək prospektində hərəkətdə olarkən saxlanılmışdır. YPX əməkdaşı ilk növbədə dumanlı işıqlara led işıqlar quraşdırdığı üçün saxlanıldığını bildirmişdir və bu işıq cihazlarının əlavə avadanlıq olduğunu, qanunvericiliklə qadağan olunduğunu demişdir. Daha sonra ondan avtomobilini duracağa aparmasını tələb etmişdir. O, bu tələbin əsassız və qanunsuz olduğunu, bununla bağlı qanunvericilikdə heç bir tələbin mövcud olmadığını bildirmişdir. Daha sonra İnzibati Xətalar Məcəlləsinin 96.1-ci maddəsinə əsasən protokol tərtib etməli olduğunu, əgər duracağa təmin olunacaqsa bununla bağlı qanunauyğun şəkildə aktlaşdırılmanın həyata keçirilməsini xahiş və tələb etmişdir. Polis əməkdaşı avtomobilinə əlavə avadanlıqların quraşdırıldığını, bu səbəbdən avtomobilinin duracağa təmin olunacağını bildirdikdə, o heç bir normativ tələbin pozulması ilə avadanlıq quraşdırılmadığını, bununla bağlı tərtib olunacaq protokolla razılaşmadığını, bu pozuntu ilə bağlı müayinə və ekspertiza təyin olunmasını xahiş etmişdir. Bundan sonra YPX əməkdaşı, ondan protokol və akt tərtib etməyi tələb etdiyi üçün həmin əraziyə PPX əməkdaşlarını çağırmışdır. Həmin polis əməkdaşlarına isə polisin tələblərinə niyə tabe olmadığını, bu səbəbdən bölməyə gedəcəyini bildirdikdə, o polisdən yalnız qanunu tələb etdiyini, hakimiyyət nümayəndəsinə qarşı səbrli və təmkinli davrandığını, əsassız ittihamlara görə onun bölməyə aparılmağının heç bir hüquqi əsasının olmadığını PPX əməkdaşlarına bildirmişdir. PPX əməkdaşı bölməyə aparmamaq üçün ona duracağa sürməsini bildirmişdir. O, buna yenidən etiraz etsə də ona olunan təzyiqlərlə məcburiyyət qarşısında öz iradə ifadəsi olmadan avtomobilini duracağa sürmüşdür. YPX inspektoru avtomobilini protokol və qərar olmadan, habelə nəqliyyat vasitəsinin müvəqqəti mühafizə olunan duracağa təmin olunması ilə bağlı heç bir akt rəsmiləşdirməmişdir. Duracaqda ona protokol və qərarın veriləcəyini bildirən inspektor 2 saat sonra protokol tərtib edib sistemə yükləmiş, 13 gün sonra isə qərarı təqdim etmişdir. Yalnız israrla qərarı vermələrini xahiş və tələb etdikdən sonra hadisə baş verdiyi tarixdən 13 gün sonra barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş tənbeh vermə haqqında qərar qəbul edilməsi zənnimizcə tam qanunsuzdur. Yuxarıda qeyd olunan işin faktiki halları və hüquq normalarının qarşılıqlı təhlili əməlində heç bir inzibati xəta tərkibinin olmamasını, YPX əməkdaşı tərəfindən inzibati xətalar haqqında qanunvericiliyin tələblərinin pozulduğunu, buna görə də barəsində qəbul olunmuş qanunsuz və əsassız qərarın ləğvinin zəruri olduğunu göstərir. Belə ki, YPX əməkdaşı guya əməlində Azərbaycan Respublikası İXM 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib etsə də, həmin pozuntunun nədən ibarət olmasını, hansı əlavə avadanlıqların avtomobilə quraşdırılmasını göstərə bilməmiş, hansı normativ tələblərin pozulduğunu qeyd etməmişdir. Halbuki cinayət və inzibati xətalar haqqında qanunvericilikdə nəzərdə tutulmuş əsas prinsiplərdən biri olan təqsirsizlik prezumpsiyası prinsipinə əsasən səlahiyyətli şəxs və orqanlar əməldə inzibati xəta tərkibinin olmasını tam sübuta yetirməlidirlər. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxslər öz təqsirsizliklərini sübuta yetirməli deyildirlər. Əməlində inzibati xəta tərkibinin olmaması, həmin pozuntunun sübuta yetirilməsini mümkünsüz etdiyindən, barəsində qanunsuz formada aparılmış icraata xitam verilməsi zərurəti yaranmışdır. Bundan əlavə YPX əməkdaşı nəinki ona Azərbaycan Respublikası İXM-də nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etməmiş, əksinə süründürməçilik edərək uzun müddət avtomobilsiz qalmasına səbəb olmuş, gec verdiyi qərara görə isə məhkəməyə vermək üçün müddəti qəsdən gecikdirmişdir. Ona məxsus avtomobil hələ də əsassız olaraq mühafizə olunan duracaqda saxlanılmaqdadır. Qeyd etmək lazımdır ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1 saylı əlavəsinin 3-cü bəndinə əsasən, xarici işıq cihazları istehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir. Bundan başqa xarici işıq cihazlarının əlavə avadanlıq kimi tövsif edilməsinin yanlış olduğu qənaətindədir. Avtomobilə quraşdırılmış H11 standartlı, 55 wata qədər gücə malik LED duman lampaları qanunidir və paylayıcı ilə birlikdə istifadə olunur. Bu lampalar heç bir halda nə digər sürücülər üçün təhlükə yaradır, nə də nəqliyyat vasitəsinin istismarına mane olur. Avadanlıq hesab olunmayan bu işıq cihazı “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1 saylı əlavəsinin 3-cü bəndinə və 4cü bəndinə əsasən texniki nasazlıq və ya xüsusi siqnalverici vasitə kateqoriyasına daxil deyil. Göstərilənlərə əsasən Bakı şəhər BPİ X12 İdarəsinin yol patrul xidməti inspektoru, polis sıravisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X6 şikayətin məzmununa uyğun izahat verərək məhkəmədən Bakı şəhər BPİ X12 İdarəsinin yol patrul xidməti inspektoru, polis sıravisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər BPİ X12 İdarəsinin nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, X6 özü də avtomobilə əlavə avadanlıq quraşdırmasını etiraf etmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1 saylı əlavəsində qeyd edilmişdir ki, xarici işıq cihazlarının miqdarı, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsinin konstruksiyasının tələblərinə uyğun olmadıqda həmin işıq cihazlarını dəyişmək olmaz. Avtomobilə sonradan quraşdırılan işıq cihazları isə onun konstruksiyasına uyğun olmamışdır, avtomobilin zavod istehsalında həmin rəngdə işıq cihazları olmamışdır. Şikayət əsassızdır, məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhər BPİ X12 İdarəsinin yol patrul xidməti inspektoru, polis sıravisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 xx.xx.2025-ci il tarixdə, saat 15:58-də Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində “Hyundai Sonata” minik markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən avtomobilə normativ tələbləri pozmaqla avadanlıqlar quraşdırması müəyyən edilmişdir. X1 Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 150 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, Bakı şəhər BPİ X12 İdarəsinin yol patrul xidməti inspektoru, polis sıravisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhər BPİ X12 İdarəsinin yol patrul xidməti inspektoru, polis sıravisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarla X3 İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhər BPİ X12 İdarəsinin yol patrul xidməti inspektoru, polis sıravisi X4 tərəfindən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə hərtərəfli və tam araşdırma aparılmadığından şikayət qismən təmin edilməli, X3 barəsində Bakı şəhər BPİ X12 İdarəsinin yol patrul xidməti inspektoru, polis sıravisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, materiallar tam və hərtərəfli araşdırılması üçün Bakı şəhər BPİ X12 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər BPİ X12 İdarəsinin yol patrul xidməti inspektoru, polis sıravisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X3 inzibati xəta törətməsinə dair materiallar yenidən baxılması üçün Bakı şəhər BPİ X12 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-3046/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3046/2025
15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver