Məhkəmə qərarları › İş №3(007)-3051/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3051/2021

14.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3051/2021 14.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin qanuni təmsilçisi X2 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş 15 noyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən 15 noyabr 2021-ci il tarixdə saat 15:25-də Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 80, mənzil 9-da yerləşən Şəxs MMC-yə məxsus stomotoloji klinikada xüsusi karantin rejimi dövründə qida məhsullarının ticarəti üzrə və sair fəaliyyət sahələrində fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilən qaydalar pozulmaqla, fərdi qoruyucu vasitə olan tibbi maskadan istifadə edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin qanuni təmsilçisi X3 protokola dair yazılı etiraz vermiş, etirazını onunla əsaslandırmışdır ki, məhkəməyə müraciətinin səbəbi, Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən barələrində fəaliyyət göstərdikləri ünvanda epidemiya əlehinə rejimin, sanitar-gigiyena və karantin rejiminin tələblərinə əməl edilməsi vəziyyəti ilə əlaqədar nəzarət tədbiri nəticəsində güya ki, həmin qaydaların pozulması nəticəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinin tələblərinin pozulması nəticəsində protokolun baxılması üçün Nizami Rayon Məhkəməsinə baxılması üçün göndərilməsi ilə əlaqədardır. 15 noyabr 2021-ci il tarixində əsassız olaraq MN ******* nömrəli protokol tərtib edilmişdir ona görə ki, MMC-nin işçisi X1 qeydiyyatda oturarkən kənardan çəkilmiş şəkil təqdim edildikdə o, həyəcanlı olduğu üçün tibbi maskanın nə üçün çənə hissəsinə düşdüyünü tam ifadə edə bilməmiş, bundan istifadə edən nəzarəti həyata keçirən vergi xidməti əməkdaşları əsassız və o qədər də qanunsuz inzibati protokol tərtib etmişlər. Şəkilə baxdıqda aydın görünür ki, Mətanət Novruzovadan başqa içəridə heç kəs yoxdur. Həmçinin, Mətanət Novruzova bildirir ki, onun oturduğu stulun arxa tərəfində su çəlləyindən su doldurub içərkən şəkili çəkilmişdir. Belə olan halda xanımın həyəcanlı olmasından istifadə etmək Azərbaycanlı kişisinə yaraşarmı? İnzibati Xətalar Məcəlləsinin tələbiııə görə tərtib edilmiş protokol 48 saat ərzində baxılması üçün məhkəməyə göndərilməli halda 10 gündən artıq vaxt nə üçün gözlənilmişdir və belə olan halda məhkəmə işə baxılmanın qeyri-mümkünlüyü barədə qərar qəbul edə bilərdi. O, Şəxs MMC-nin həm təsisçisi və direktoru X3 (Əliş Mehdi) Vətən müharibəsinin iştirakçısı olmaqla həkim kimi fəaliyyət göstərməklə vətənə olan borcunu layiqincə yerinə yetirmişdir. Həmin sənədləri etiraza əlavə etməkdə məqsədi heç də bundan istifadə etmək olmamışdır. Əsas məqsədi həmin dövrdə evində, isti yorğandöşəyində olan və hazırda haqsız yerə onun müəsissəsinə cərimə yazan şəxslərlə aralarında nə qədər fərqin yarana biləcəyinə verilən qiymətlə bağlıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, etirazını haqlı qəbul edərək 15 noyabr 2021-ci il tarixli, MN ******* nömrəli protokol üzrə qərar vermədən icraata xitam verilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin qanuni təmsilçisi X3 yazılı etirazda göstərilənlərə uyğun izahat vermiş və işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 15 noyabr 2021-ci il tarixli aktdan görünür ki, Şəxs MMC-də törədilmiş inzibati xəta hadisəsi ilə bağlı akt tərtib edilmiş, o cümlədən fotoşəkil çəkilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə” 01 may 2020-ci il tarixli Qərarına müvafiq olaraq Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin rejimi dövründə qida məhsullarının ticarəti üzrə və sair fəaliyyət sahələrində xüsusi sanitar rejim tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” 29 may 2020-ci il tarixli 189 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. qapalı bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və tibb müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sonrakı digər qərarlarına əsasən xüsusi karantin rejiminin və müvafiq məhdudiyyətlərin müddətləri uzadılmaqla yanaşı 26 may 2021-ci il tarixli 151 nömrəli Qərarına əsasən 2021-ci il 31 may saat 06:00-dan açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbi ləğv edilmiş, lakin yuxarıda qeyd edilən məkanlarda tətbiq edilən qadağalar qüvvədə saxlanılmışdır. Bu Qərarların tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslərin Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşımalı olduqları təsbit edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin qanuni təmsilçisinin yazılçı etirazında və izahatında göstərilənlərə münasibətdə qeyd edir ki, məhkəmə tədqiqi ilə inzibati xətanın törədilməsi sübuta yetirilmişdir, etirazın əsasını təşkil edən dəlillər işin icraatına xitam verilməsinə əsas deyildir, ona görə nəzərə alınmır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində 600 (altı yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar