Məhkəmə qərarları › İş №3(007)-3058/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3058/2025

10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3058/2025 10.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X3, qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, X3 inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin 10 fevral 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 29 yanvar 2025-ci il tarixdə Qara Qarayev prospekti 28 ünvanında ona məxsus **-LJ-*** qeydiyyat nişanlı “Hyundaı Santafe” avtomobili ilə hərəkət edərkən saat 18:46 radələrində YPX əməkdaşı onu saxlamış və Bakı şəhəri DYPİ Yol patrul xidməti inspektoru X4 tərəfindən barəsində İXP ******* saylı protokol tərtib olunmuşdur. Protokolda onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddənin İX hissəsinin tələblərinin pozulması qeyd olunaraq İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. O, bu protokolun tərtib olunmasına etiraz etsə də, görüntü istəsə də, YPX inspektoru razılaşmamış və cərimənin törətdiyini bildirərək protokol tərtib etmişdir. Nəticədə ona qeyd edilən protokol, sübutlar təqdim edilmədən 100 AZN məbləğində cərimə yazılmışdır. 10 fevral tarixində elektron kabinetinə bildiriş daxil olduqdan dərhal sonra Asanpay üzərindən şikayətini bildirmək istəsə də, Asanpay üzərindən müraciəti xəta qeyd edilmiş və müraciəti göndərilməmişdir. Bir neçə dəfə göndərilən məktubla bağlı cavab verilmədiyini şikayət etsə də məsələyə baxılmamışdır. Həmçinin qərarın ona təqdim edilməsi mərhələsi uzadılmışdır. Nəhayət, Ombudsmana miiraciət edildikdən sonra xx.xx.2025-ci ıl tarixində TP ******* saylı qərar ona təqdim edilmişdir. Bu müddət ərzində ona dəbbə hesablanmış və cərimə ödənilmədiyi halda avtomobilin duracağa yerləşdirilməsi ilə bağlı qərar qəbul edilmişdir. Bu haqda bildiriş email vasitəsi ilə göndərilmişdir. Məcburiyyət yarandığı üçün qeyd edilən cərimə - 131 AZN məbləğ tərəfindən xx.xx.2025-ci il tarixində ödənilmişdir. Bir daha qeyd etmək istərdi ki, İXM-nin 16-ci fəsil 122.3-cü maddəsində qeyd edildiyi kimi ona fotoşəkil, yaxud videogörüntü təqdim edilməmişdir. Onun etirazı haqqında çıxarılan qərarın hüquqi əsaslarının olmamasıdır. İXM-nin 25.1-ci maddəsinə əsasən inzibati cərimə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Lakin İXM-nin 8-ci maddəsində uyğun olaraq bunun üçün təqsiri sübut olunmalıdır. Göstərilənlərə əsasən, İXP ******* saylı inzibati xəta haqqında protokola Bakı şəhəri BPİ DYP tərəfindən çıxarılmış 10 fevral 2025-ci il tarixli qərarın ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, ona dəymiş maddi zərərin göri ödənilməsi (cərimə məbləği, məhkəmə xərcləri, poçt xərcləri, nəqliyyat xərcləri), eyni zamanda polis serjantı X2 ona dəymiş mənəvi ziyana görə ondan üzr istəməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X6 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o, xətanın qeydə alındığı Qara Qarayev prospektində "xxxx" MMC-də işləyir. Azər Manafovun sağındakı küçədən Qara Qarayev prospektinə dönmək istəmiş, həmin vaxt sağdan gələn maşına yol vermişdir. Ona görə hesab edir ki, yolayrıcını keçmə qaydasını pozmamışdır. Xətanı təsdiq edən görüntü də təqdim olunmamışdır. Şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinə bilavasitə tabe olan YPXA-nın YPX inspektoru X4 izahatında göstərmişdir ki, inzibati xəta 7 ay bundan əvvəl baş verdiyi üçün yadında qalmamışdır. Videogörüntü yoxdur, məlumdur ki, görüntülər 1 ay ərzində saxlanılır. Lakin inzibati xəta haqqında protokolla tanış olduqda aydın olur ki, sürücü X6 “Sevinc” kinoteatrı tərəfdən dönüb “Dakar” dairəsi istiqamətində hərəkət etmək istəmişdir. Həmin yerdə dönən zaman isə, sürücü sağını gözləməlidir. Məhz sağını gözləmədiyi üçün X6 barəsində protokol tərtib edilmişdir. O, həmin xətanı vizual olaraq aşkar etmişdir. Hesab edir ki, protokolu qanuni əsaslarla tərtib etmişdir, şikayət əsassızdır. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin nümayəndəsi X5 izahatında göstərmişdir ki, inzibati xəta yerində, vizual aşkar olunaraq sürücü barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şikayət əsassız olduğundan təmin olunmamasını, qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin 10 fevral 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Hyundai Santa FE minik” markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X6 Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, 28 ünvanında 29 yanvar 2025-ci il tarixdə saat 18:46-da “yolayrıcını keçmə qaydalarını pozmağa görə” 29 yanvar 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə 100 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Həmin Qanunun 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X6 29 yanvar 2025-ci il tarixdə saat 18:46-da “Hyundai Santa FE minik” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, 28 ünvanında hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin tələblərinə əməl etməyib, yolayrıcına daxil olarkən yolayrıcını keçmə qaydalarını pozaraq hərəkəti istiqamətində sağdan yaxınlaşan nəqliyyat vasitəsinə yol verməmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla bağlı nəzərə alınmalıdır ki, inzibati xəta hadisəsi Bakı şəhər Baş Polis İdarəsinin Baş X10 İdarəsinin YPX inspektoru tərəfindən bilavasitə aşkar edilmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığından, onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və vəzifəli şəxs tərəfindən protokola baxılaraq hazırda mübahisələndirilən qərar qəbul edilmişdir. Baxılan işə münasibətdə X3 yol verdiyi inzibati xətanın törədilməsi və bu inzibati xətanın törədilməsində onun təqsirinin olması İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinin tələbləri baxımından təsdiq və sübut edilir, bununla bağlı sübutların, yəni inzibati xəta haqqında protokolun, inzibati xətanı bilavasitə aşkar etmiş yol-patrul xidməti inspektorunun izahatının şübhə altına alınması, onun inzibati xətanı törətməməsi və təqsirinin olmaması ilə bağlı nəticəyə gəlinməsi üçün hüquqi əsaslar yoxdur. Təhlükəsiz Şəhər Kameraları vasitəsi ilə qeydə alınmış videogörüntünün saxlanılmaması və hazırda mövcud olmaması isə, həmin halları şübhə altına salmağa əsas vermir. Ona görə həmin şəxsin şikayətində və məhkəmədə verdiyi izahatında irəli sürdüyü dəlillər şəxsi mülahizəsi olmaqla, məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təkzib edilmişdir. Əlavə olaraq nəzərə alınmalıdır ki, X6 29 yanvar 2025-ci il tarixdə inzibati xətanı törətdikdən sonra, baxmayaraq ki, həmin dövrdə də həmin xətaya görə təqsirli olması barədə qərarı mübahisələndirmişdir, qərar üzrə cərimə məbləğini və dəbbə pulunu (131 manat) 22 aprel 2025-ci il tarixdə müvafiq hesaba ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X3 həmin qərardan şikayəti təmin edilməməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, istər şikayətin təmin edilməməsi baxımından, istərsə də hazırki icraatın predmeti olmadığından, şikayətdə qeyd olunan digər məsələlər üzrə məhkəmə tərəfindən araşdırma aparılmamış və qərar qəbul edilməmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin 10 fevral 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar