Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3063/2025 18.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Xanlarova Züleyxa Ramis qızının katibliyi, tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən borclu "xxxx" MMC-nin direktoru Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1701/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədini icra etməmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən xx.xx.2025-ci il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi Vəkil məhkəməyə etiraz ərizəsi ünvanlamışdır. Etiraz onunla əsaslandırılır ki, Nizami rayon İcra şöbəsinin MN seriyalı, 2321713 saylı, 01,07.2025-ci il tarixli protokolu Bakı şəhəri Nizami Rayon Məhkəməsinə təqdim edilərək "xxxx" MMC-nin və onun direktorunun inzibati məsuliyyətə cəlb olunması məhkəmədən xahiş edilmişdir. Həmin protokolun tərtib olunmasına səbəb o olmuşdur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1701/2024 saylı, 08.2024-1 tarixli qətnaməsi ilə 15046, 00 manat əsas borc, 1504,60 manat cərimə, 300.00 manat vəkil xidməti, 141,00 manat dövlət rüsumu, cəmi 16991,60 manat “Borclu” "xxxx" MMC-dən “Borcverən” Zərərçəkmiş şəxs xeyrinə tutulmuşdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə və "xxxx" MMC-nin nizamnaməsinə əsasən hüquqi şəxs öz öhdəliklərinə görə yalnız özü cavabdehdir. "xxxx" MMC-nin nizamnaməsinə əsasən cəmiyyətin təsisçiləri aşağıdakı şəxslərdən ibarətdir: Şəxs - nizamnamə kapitalının 34%; Zərərçəkmiş şəxs - nizamnamə kapitalının 33%; X1 - nizamnamə kapitalının 33%. Məhkəmə qətnaməsinin qəbul edilməsinə səbəb olmuş xx.xx.2023-cü il tarixli, 1/01 saylı “Borc müqaviləsinin 4.1-ci maddəsində nəzərdə tutulur ki, “Borcverən” Zərərçəkmiş şəxs özü də şirkətin həmtəsisçisidir və şirkətin zərərinə pay sahibidir. Təqdim edilmiş sənədlərdən göründüyü kimi, "xxxx" MMC-nin bu tələbi yerinə yetirmək üçün hər hansı bir vəsaiti olmamışdır, odur ki, qətnamə üzrlü səbəbdən icra olunmur. Məhkəməyə təqdim edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: "xxxx" MMC ilə Rusiya Federasiyasının hüquqi şəxsi olan “OOO BONPLAN” arasında xx.xx.2023-cü il tarixli, 10073/1İPAS saylı "Diler müqaviləsi” imzalanmış və həmin müqaviləyə əsasən həmin şirkətə xx.xx.2025-ci il tarixdə ödəmə tapşırığı əsasında 700000 (yeddi yüz min) rubl vəsait ödənilmişdir. Ödənilmiş vəsaitin əvəzində kompyuter proqramı əldə edilmişdir və elə bu səbəbdən “Borclu” bu vaxta qədər İXM-nin 430-cu maddəsilə inzibati məsuliyyətə cəlb olunmamışdır. "xxxx" MMC-də xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixə qədər hər hansı bir maliyyə əməliyyatı olmamışdır (iddiaçının ödədiyi vəsait və onun xaricə köçürülməsi istisna edilməklə) və onun hesabına pul vəsaiti və ya əmlak daxil olmamışdır. Kontragent “OOO BONPLAN” şirkəti ilə olan yazışmalardan görünür ki, bu proqramın işləməsi üçün onlar əlavə proqram göndərməmişlər və ödənilən vəsaiti də geri qaytarmamışlar. "xxxx" MMCyə münasibətdə inzibati xəta hadisəsi mövcud olsa belə “inzibati xəta tərkibi olmadığı” üçün inzibati işə xitam verilməlidir. "xxxx" MMC və ya direktoru tərəfindən nə hərəkət, nə də hərəkətsizlik mövcuddur. İnzibati məsuliyyət o halda yarana bilər ki, Cəmiyyətin bu borcu ödəmək üçün vəsaiti mövcud olardı, lakin həmin vəsait ya başqa məqsədlərə sərf olunardı və yaxud borcun bağlanılmasına yönəldilməzdi. Qeyd olunan məsələ ilə bağlı Azərbaycan Pespulikası Konstitusiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2 oktyabr 2012ci il tarixli, 18 dekabr 2014-cü il tarixli qərarları ilə nəzərdə tutulmuşdur ki, icra sənədi yalnız qərəzli şəkildə icra edilmədikdə qanunvericilikdə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Qeyd olunanları nəzərə alaraq məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun nümayəndəsi Vəkil etirazın məzmununa uyğun izahat verərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, o, pulu Murada vermişdir, şirkətin rəhbəri Muraddır. Şəxsla borcun ödənişi ilə bağlı dəfələrlə görüşmüşdür. Murad onu polislə hədələmişdir. O, borcun tam ödənilməsini tələb edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş Nizami rayon İcra şöbəsinin icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli borc müqaviləsindən görünür ki, müqavilə əsasında Zərərçəkmiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs 15046 manat borc vermişdir - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1701/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 15046 manat əsas, 1504,60 manat cərimə, cəmi 16550,60 manat, hüquqi xidmət üçün ödənilmiş 300 manat və 141 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. - icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1701/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, borclu "xxxx" MMC-yə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1701/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbi icra etməsi üçün 10 gün müddətində vaxt verilmiş, tələbi üzrsüz səbəbdən icra etməsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Məhkəmələrin bütün qərarları qəbul olunduğu gündən bir aydan gec olmayaraq anonimləşdirilməklə elektron qaydada yayılmalıdır. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli Qərarında vurğulayır ki, razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 7 may 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-nin 528.1-ci maddəsinin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Hazırki iş üzrə borclu vəzifəli şəxs icra məmuru tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini qərəzli olaraq icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin “Qeyd” hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə vəzifəli şəxs "xxxx" MMC-nin direktoru Şəxs əməlində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri vardır və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar, həmçinin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Beləliklə, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə müvafiq olaraq "xxxx" MMC-nin direktoru Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, "xxxx" MMC-nin direktoru Şəxs icra sənədinin icrasını qərəzli olaraq təmin etmədiyini, Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qərarlarının icra edilməməsini, həmçinin inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" MMC-nin direktoru Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1200 (bir min iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-3063/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3063/2025
18.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver