Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3070/2025 21.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X4 nümayəndəsi “Sirius” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin idarə rəisinin müavini vəzifəsini müvəqqəti icra edən X12 tərəfindən qəbul edilmiş 11 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ X9 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin idarə rəisinin müavini vəzifəsini müvəqqəti icra edən X12 tərəfindən qəbul edilmiş 11 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Dövlət Miqrasiya Xidmətinin 11 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X9 barəsində İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə vəzifəli şəxs qismində 4000 manat miqdarında inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinin səbəbi Ukrayna vətəndaşı Pashaıeva Hıulnarın (GB281715) fiziki şəxs X9 tərəfindən haqqı ödənilən əmək fəlaiyyətinə cəlb edilməsidir. İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsinə görə İşəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. İnzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə səbəb olan inzibati xəta protokolda faktın VMMS-dəki məlumatlar, əcnəbinin yazılı izahatı və əmək müqaviləsi sistemindən çıxarışla təsdiq olunduğu qeyd edilmişdir. Dövlət Miqrasiya Xidmətinin gəldiyi nəticə qanunsuz və əsassız olmaqla bərabər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulmasına səbəb olmuş və nəticədə Dövlət Miqrasiya Xidməti tərəfindən əsassız inzibati tənbeh təyin olunmuşdur. xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassızdır. Belə ki, həmin qərarın faktiki əsasları olmadığı üçün aşağıdakı səbəblərə görə o ləğv edilməlidir. X2 ilə işçi Ukrayna vətəndaşı Pashaıeva Hıulnar arasında xx.xx.2025-ci il tarixində müddətli əmək müqaviləsi bağlanmışdır. X6 vəzifə olaraq satıcı qismində fəaliyyət göstərəcəyi qeyd edilmişdir. Əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində 290625 saylı əmrlə Əmək Məcəlləsinin 68 maddəsinin 2a bəndi ilə xitam verilmişdir. Ukrayna vətəndaşı Pashaıeva Hıulnarın (GB281715) Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi mövcuddur. (Seriya: MYİ; №0789336) Əmək fəaliyyətinə cəlb edilmiş əcnəbi vətəndaş Pashaıeva Hıulnarın işə qəbul zamanı X1 əcnəbinin yaşamaq icazəsi əsasında işləyə biləcəyinə dair yanlış fikir formalaşmış, lakin bu səhlənkarlıq qərəzli şəkildə edilməmişdir. X2 əcnəbi vətəndaş Pashaıeva Hıulnar ilə əmək münasibətlərinə daxil olan zaman yaşamaq icazəsinin işləmək hüququ verdiyini düşünərək iş icazəsi almamışdır. İşə qəbul edilən əcnəbi vətəndaşın yaşamaq icazəsinin mövcud olması, həmçinin işəgötürənin bu sahədə hüquqi məlumatsızlığı səbəbindən iş icazəsi üçün müvafiq orqana müraciət olunmamışdır. Eyni zamanda işəgötürən əcnəbi vətəndaşın təcili işə ehtiyyacı olması səbəbilə əmək müqaviləsi bağlamışdır. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin idarə rəisinin müavini vəzifəsini müvəqqəti icra edən X12 tərəfindən qəbul edilmiş 11 iyun 2025ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X4 nümayəndəsi Vəkil şikayətin məzmununa uyğun izahat vermiş, məhkəmədən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin idarə rəisinin müavini vəzifəsini müvəqqəti icra edən X12 tərəfindən qəbul edilmiş 11 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, işə cəlb edilən şəxs xarici ölkə vətəndaşıdır. Qərar sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Şəxsin burada yaşamaq üçün icazəsi var, lakin iş icazəsi yoxdur. Əmək müqaviləsi bildirişi qərar qəbul edilənə qədər qüvvədə olmuşdur. Şəxs imzası ilə təsdiq etdiyi izahatında da mağazada 400 manat əmək haqqı aldığını, iş icazəsi alması barədə məlumatsız olduğunu bildirmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən qərarın qüvvədə saxlanılmasını və şikayətin təmin edilməməsini xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin idarə rəisinin müavini vəzifəsini müvəqqəti icra edən X12 tərəfindən qəbul edilmiş 11 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 iş icazəsi alınmadan əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi işə cəlb etmişdir. X3 Azərbaycan Respublikası İXM-nin 578.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib vəzifəli şəxs qismində inzibati cərimə edilmişdir. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin idarə rəisinin müavini vəzifəsini müvəqqəti icra edən X12 tərəfindən qəbul edilmiş 12 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Hıulnar Pashaıeva iş icazəsi olmadan haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmuşdur. X11 Azərbaycan Respublikası İXM-nin 575.1.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla 400 manat cərimə edilmişdir. - xx.xx.2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, X9 ilə Hıulnar Pashaıeva arasında xx.xx.2026-cı ilədək qüvvədə olan əmək müqaviləsi bağlanılmışdır. - xx.xx.2025-ci il tarixli əmrdən görünür ki, X9 ilə Hıulnar Pashaıeva arasında bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68.2.a bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci madəsinə əsasən işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: 20.1. Viza əsasında Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti vizada göstərilən qalma müddətindən, viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə ölkədə müvəqqəti olma müddəti, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, 90 gündən artıq ola bilməz. 20.2. Bu müddət bitənədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti uzadılmamışdırsa, onlara müvəqqəti yaşamaq üçün icazə verilməmişdirsə, habelə onlardan müvəqqəti olma müddətinin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün ərizə qəbul edilməmişdirsə, onlar Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər. 51.1. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi almalıdırlar. 51.2. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsini onları işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə alırlar. 51.3. İş icazəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmalarına icazə verən rəsmi sənəddir. 51.4. İş icazəsi bu Məcəllə ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. 63.4-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər hüquqi şəxslərin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin onlar üçün iş icazəsi almasından sonra Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilərlər. 63.5-ci maddəsinə əsasən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri işə cəlb etdikləri əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri yalnız öz iş yerlərində işlə təmin etməli və bu barədə onlarla iş icazəsinin qüvvədə olduğu müddətə əmək müqaviləsi bağlamalıdırlar. İş icazəsi alınmadan əcnəbilərlə əmək müqaviləsinin bağlanılmasına yol verilmir. Sadalanan normalardan aydın olur ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti 90 gün nəzərdə tutulmuşdur. 90 gündən artıq qalan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq üçün icazə almalıdırlar. Həmçinin, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi də almalıdırlar. Buna baxmayaraq, Ukrayna vətəndaşı Hıulnar Pashaıeva müvəqqəti yaşamaq üçün icazəsi alsa da, iş icazəsi olmadan haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduğu üçün onun barəsində də İXM-in 575.1.4-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 400 manat cərimə edilmişdir. Hıulnar Pashaıeva öz yazdığı izahatında X7 məxsus geyim mağazasında anbardar kimi işlədiyini və 400 manat əmək haqqı aldığını bildirmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla X9 tərəfindən İXM-in 578.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi təsdiq olunmuşdur Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X7 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur, sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-nin 578.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Şərh edilən normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, 11 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X4 verdiyi şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin idarə rəisinin müavini vəzifəsini müvəqqəti icra edən X12 tərəfindən qəbul edilmiş 11 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-3070/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3070/2025
21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver