Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3071/2023 30.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Xətai rayonu, E.Əliyev küçəsi, İnzibati bina, ev 4-də qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi küçəsi, ev 11-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 30 may 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs 28 aprel 2023-cü il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 119B ünvanında yerləşən “Buta” aptekin içərisində quraşdırılmış piştaxtanın şüşəsini sındıraraq xuliqanlıq etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru X3 protokolun məzmununa uyğun izahat vermiş və qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 28 aprel 2023-cü il tarixdə “Xalqlar Dostluğu” metrosunun yaxınlığında yerləşən “Buta” aptekə girmiş, evdə xəstəyə iynə vurmaq üçün lazım olduğundan 2 qramlıq şpris istəmişdir. Lakin apteki işlədən iki nəfər xanım şpris olmadığını demişlər. O, aptekdə şpris olmalı olduğunu, əvvəllər də aldığını deyərkən həmin şəxslər oranın market olduğunu demişlər. Buna görə əsəbləşərək yumruqla piştaxtaya vurmuş, piştaxtanın şüşəsi çatlamışdır. Bundan sonra o, apteki tərk edərək getmişdir. Aptekdə olarkən kimisə söyüb təhqir etməmiş, səs-küy salmamış, eləcə də aptekdə onlardan başqa heç kim olmamışdır. Etiraz və narazılığını yalnız həmin qaydada bildirmişdir. İşin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol həmin şəxsin xırda xuliqanlıq etməsi ilə bağlı tərtib edilmişdir. Sözügedən maddənin tələbinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər - həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Bir sözlə, maddənin tövsifedici əlaməti hesab olunan müddəadan da görünür ki, xırda xuliqanlıq adlanan xətanın baş verməsi, həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətin yaranması, əməlin xırda xuliqanlıq hesab edilməsi üçün ictimai qayda pozulmalı, lakin bu qayda pozuntusu fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərlə müşayiət edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə, bu az miqdarda ziyan vurduqda - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Hansı ki, 24-cü polis şöbəsinin 08 may 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, Şəxs 28 aprel 2023-cü il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 119B ünvanında yerləşən “Buta Xalqlar 273” adlı aptekə daxil olaraq 2 qramlıq şpris almaq istəmiş, lakin ona şpris satılmasından imtina edildikdə, o, bundan əsəbləşərək yumruğu ilə piştaxtanın şüşəsini qəsdən vurub sındırmaqla zərərçəkmiş şəxsə məxsus əmlakı zədələyərək ona 120 manat maddi ziyan vurmuşdur. Əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, hadisəni törətmiş şəxsin Azərbaycan Respublikası İXM-nin 510 və 232-1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması qərara alınmışdır. Göründüyü kimi, Şəxs törətdiyi inzibati xəta nəticəsində zərərçəkmiş şəxsə məxsus özgə əmlakı qəsdən məhv edilmiş və ya zədələnmiş, nəticədə zərərçəkmişə az miqdarda ziyan vurulmuşdur. Belə olan halda, şəxsin əməli eyni zamanda Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş ictimai qaydanı pozan xırda xuliqanlıqla müşayiət olunan inzibati xətanın təsiri altına düşmür, əməlində həmin inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X4 müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-3071/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3071/2023
30.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver