Məhkəmə qərarları › İş №3(007)-3074/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3074/2023

05.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3074/2023 05.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədullayev İrfan İlyas oğlunun katibliyi ilə, xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 küçəsi, 4, İnzibati bina ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsindən daxil olmuş 30 may 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən, Şəxs 28 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 119B ünvanında yerləşən «Buta» aptekin içərisində piştaxtanın şüşəsini yumruqla sındırıb, qəsdən özgə əmlakını zədələməklə zərərçəkmiş şəxsə az miqdarda, 120 manat məbləğində maddi ziyan vurmuşdur. İşə baxılmasının yeri və müddəti vaxtında (o cümlədən elektron qaydada SMS məlumatla) bildirilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Təhqiqat zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 28 aprel 2023-cü il tarixdə saat 20 radələrində o, “Xalqlar Dostluğu” metrosunun yanında keçərkən, “Ağ çiçəyim” gül dükanının yanında yerləşən “Buta” aptekə daxil olmuş və evdə xəstəsi olduğu üçün aptekdən 2 qramlıq şpris istəmişdir. Bu zaman aptekdə işləyən iki nəfər xanım ona şprisin olmadığını bildirmişlər. O, həmişə həmin aptekdən şpris aldığını bildirdikdə ona “yoxdur, tez çıx bayıra” dedikdə bu sözlər ona xoş gəlməmişdir. Onlara buranın aptek olduğunu dedikdə həmin xanımlar ona oranın market olduğunu demişlər və bu sözdən əsəblədiyinə görə piştaxtaya vurmuş və piştaxtanın şüşəsi çatlamışdır. Sonradan isə apteki tərk edib oradan uzaqlaşmışdır. Təhqiqat zamanı X2 izahatında göstərmişdir ki, o, təxminən 5 ilə yaxındır ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 119b ünvanında yerləşən “Buta Xalqlar 273” adlı aptekdə satıcı işləyir. O, həmişə 2 qramlıq şprisləri zahirən narkomana bənzəyən şəxslərə aptekə tez-tez gəlməməsi və müştəriləri narahat etməməsi üçün satmamışdır. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində işlədiyi aptekdə olarkən bir nəfər zahirən narkomana bənzəyən şəxs içəri girib 1 ədəd 2 qramlıq şpris almaq istəmişdir. O, həmin şəxsin narkoman olduğunu düşünərək 2 qramlıq şpris olmadığını bildirmişdir. Həmin şəxs onun üstünə əsəbi şəkild “necə yəni yoxdur, bura necə aptekdir?” kimi ifadələr işlədərək qışqırmağa başlamışdır. O, ona sakit danışmasını söylədikdə, həmin şəxs aptekin kassa şüşəsini yumruqla sındıraraq oradan uzaqlamışdır. O, dərhal 102 xidmətinə zəng vurub baş vermiş hadisə barədə məlumat vermişdir. Hadisə nəticəsində aptekə 120 manat ziyan dəymişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısının 08 may 2023-cü il tarixli qərarından görünür ki, X1 ərizəsi əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, hadisəni törətmiş naməlum şəxs(lər)in gələcəkdə yerinin müəyyən olunaraq Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması üçün qəbul olunmuş qərarın surəti aidiyyəti əməkdaşa həvalə edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Maddənin “Qeyd” hissəsinə əsasən bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, inzibati xəta törətmiş Şəxs zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəməmiş, onunla barışmamışdır. Belə olan halda, İXM-nin 39.2-ci maddəsində müəyyən edilən qaydada iş üzrə icraata xitam verilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxsnın əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirlilik dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmədə işə baxılarkən zərərçəkmiş şəxs tərəfindən vurulmuş maddi zərərin ödənilməsi barədə tələb irəli sürülməmişdir, lakin müəyyən olunmuşdur ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı mübahisə vardır, ona görə məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin mülki icraat qaydasında belə tələb irəli sürmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında, 120 (yüz iyirmi) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Vurulmuş maddi zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ zərərçəkmiş şəxsə izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar