Məhkəmə qərarları › İş №3(007)-3075/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3075/2023

08.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3075/2023 08.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X1 nümayəndəsi və vəkili-Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Vəkil, inzibati xəta haqqında protokolu tərtib və qərar qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin YNH üzrə inspektoru X5 iştirakları ilə, X1 Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin 02 may 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin 02 may 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər X10 İdarəsinin YNH üzrə inspektoru X8 xx.xx.2023-cü il tarixdə onun iştirakı ilə baş vermiş yol- nəqliyyat hadisəsinə görə xx.xx.2023-cü il tarixdə barəsində İXP ******* nömrəli inzibati protokol tərtib edərək 40 manat cərimə olunması barədə TP ******* nömrəli qərar qəbul etmişdir. Həmin qərardan narazıdır və qərarın ləğv olunmasını xahiş edir. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində idarə etdiyi “Chevrolet Cruze minik” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nizami rayonu, M.Abbasov küçəsi ilə hərəkət edərək həmin küçənin M.Əliyev küçəsi ilə kəsişməsinə yaxınlaşmışdır. Kəsişmədə avtomobillərin hərəkəti dairəvi hərəkətlə tənzimlənir. O, yolun sol hərəkət zolağı ilə qarşılıqlı hərəkət axınını ayıran qoşa xəttin kənarı ilə hərəkət edərək dairəyə yaxınlaşmışdır. Artıq ondan solda təhlükəsik adacığı olmuşdur. Bu zaman sol tərəfindən təhlükəsizlik adacığı ilə hərəkət edərək onu ötmək istəyən “Mustang” markalı **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomobil ötməni başa çatdırmadan onun avtomobilinin olduğu hərəkət zolağına qayıtmaq istəmiş və sağ tərəfi ilə onun avtomobili ilə toqquşmuşdur. Nəticədə heç kəs xəsarət almasa da, həmin avtomobilin sağ tərəfi əzilmiş, onun avtomobilinin isə qabaq bufer qırılmış, sol qabaq qanad əzilmiş, sol fara qırılmışdır. Sonradan həmin avtomobilin sürücüsünün ünvan 1 ünvanında qeydiyyatda olan X4 olduğunu öyrənmişdir. Həmin şəxs hadisədən sonra ona yaxınlaşmış və demişdir ki, günah onun özündədir, ancaq onun avtomobilinin xərci çoxdur, polis gələndə desin ki, günah ondadır, qoy sığorta onun (X2) avtomobilini təmir etdirsin, sonra həmin şəxs onun avtomobilini təmir etdirəcəkdir. Hadisədən sonra Bakı şəhər X10 İdarəsinin YNH üzrə inspektoru X8 hadisə yerinə gəlmiş və hadisə yerində heç bir sənəd tərtib etmədən sənədlərini almış, onlara idarəyə gəlmələrini demiş və çıxıb getmişdir. Sonradan onlar idarəyə getmişlər və Vahid Əliyev idarədə onları tək-tək otaqda qəbul etmişdir. Vahid Əliyev otaqda əvvəlcədən tərtib etdiyi bəzi sənədləri ona təqdim etmiş, imzalamasını bildirmiş, o da həmin sənədləri imzalamışdır. Ancaq o, yazıb oxumaq bilmədiyindən tərtib etdiyi sənədlərin surətini ona təqdim edəndə, onlara imza etdirilən sənədlərdə nə yazıldığını bilməmişdir. Sonradan vəkilinin iştirakı ilə sənədlərin surətini istədikdə onlara bildirmişdir ki, bunun üçün rəisin adına ərizə yazmalıdırlar. Onlar rəisin adına ərizə yazmışlar və xx.xx.2023-cü il tarixdə sənədlərin surəti ona verilmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, bunlar hadisə yerinin sxemi və onun izahatıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 12 may 2017-ci il tarixli qərarı ilə təsdiq olunmuş Q25- 001-17 nömrəli təlimatın 17 saylı əlavəsinə əsasən tərtib olunmalı olan yol-nəqliyyat hadisəsinin sxemi bağça uşaqlarının çəkə biləcəyi rəsmdən fərqlənmir və baş vermiş hadisəni əks etdirmir. Sxemdə hal şahidlərinin iştirakı qoyulmamış, təlimata əsasən sxemdə nəqliyyat vasitələrinin hadisədən sonrakı vəziyyətini tam açıqlayan, onların stasionar məntəqələrə bağlılığı barədə məlumatlar əks olunmalı olduğu halda heç bir ölçü göstərilməmiş, hadisənin konkret olaraq yolun hansı hissəsində baş verməsi, toqquşma nöqtəsinin yolun sağ və sol kənarından, yaxud təhlükəsizlik adacığından hansı məsafədə olması, hadisə yerində yolun hərəkət hissəsinin eni, nəqliyyat vasitələrinə məxsus təkər və ya tormoz izlərinin, yaxud hadisəni əks etdirən digər izlərin olması öz əksini tapmamışdır. Vahid Əliyevin tərtib etdiyi sxemdə bir neçə xətdən və 2 ədəd avtomobil şəklindən başqa heç nə yoxdur. Vahid Əliyev onları idarəyə apardıqdan sonra hər birinə özünün yazaraq imzalatdığı, hər biri 2-3 cümlədən ibarət olan izahatlarla kifayətlənmişdir. Hadisədən əvvəl o, dairəvi hərəkət sahəsinə yaxınlaşdığı üşün hərəkət sürəti çox aşağı olmuş və hadisədən dərhal sonra o, avtomobili olduğu yerdə saxlamışdır. Sonra telefonu ilə avtomobilin və hadisə yerinin şəkillərini çəkmişdir. Şəkillərdən aydın olur ki, hadisə baş verən zaman onun avtomobili onlara aid hərəkət hissəsinin tam sol tərəfində olub və “Mustang” markalı **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin Vİİ hissəsinin tələblərini pozaraq qarşı hərəkət zolağna keçmiş və oradan ötmə əməliyyatı aparmaq istərkən hadisə törətmişdir. Qeyd etdiklərini nəzərə almaqla barəsində olan inzibati işin araşdırılması və barəsində olan TP ******* nömrəli qərarın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X1 nümayəndəsi və vəkili Vəkil şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, təqdim edilən video görüntüdə avtomobillərin nömrəsi görünmür və hadisənin baş vermə tarixi və saatı yoxdur. Bundan başqa, X1 hərəkəti istiqamətində sol tərəfindən təhlükəsizlik adacığı ilə hərəkət edərək onu ötmək istəyən “Mustang” markalı **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomobil ötməni başa çatdırmadan Rəcəb Abdullayevin avtomobilinin olduğu hərəkət zolağına qayıtmaq istərkən sağ tərəfi ilə onun avtomobili ilə toqquşmuşdur. Buradan da görünür ki, yol-nəqliyyat hadisəsi “Mustang” markalı avtomobilin sürücüsünün təqsirindən baş vermişdir. Şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib və qərar qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin YNH üzrə inspektoru X8 izahatında göstərmişdir ki, iş üzrə inzibati araşdırma onun tərəfindən aparılmış, yol-nəqliyyat hadisəsinin sxemini tərtib etmiş, hərəkət iştirakçılarını sərxoşluq müayinəsindən keçirmiş, onların izahatlarını almışdır. Müəyyən etmişdir ki, “Chevrolet Cruze minik” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X3 Bakı şəhəri, Nizami rayonu, M.Abbasov və M.Əliyev küçələrinin kəsişməsində 21 aprel 2023-cü il tarixdə saat 13:50-də əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş və bu zaman digər nəqliyyat vasitəsi ilə toqquşaraq ona maddi zərər yetirmişdir. X1 özü də inzibati xəta törətdiyini etiraf edərək izahatında bu barədə göstərmişdir. Şikayətin hər hansı əsası yoxdur, qəbul edilmiş qərar qanuni və əsaslıdır. Şikayətin təmin olunmamasını, mübahisələndirilən 02 may 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin 21 aprel 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Chevrolet Cruze minik” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X3 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin 02 may 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Chevrolet Cruze minik” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X3 Bakı şəhəri, Nizami rayonu, M.Abbasov və M.Əliyev küçələrinin kəsişməsində 21 aprel 2023-cü il tarixdə saat 13:50-də əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyinə görə, 21 aprel 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə 40 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, inzibati xəta hadisəsi qərarda göstərilən qaydada baş vermişdir. Məhkəməyə təqdim edilmiş bir ədəd CD diskdəki 01 ədəd faylda olan video görüntülərə məhkəmə iclası iştirakçıları ilə baxış keçirilərkən inzibati xəta haqqında protokolda, inzibati tənbeh vermə haqqında qərarda və qərarı barəsində şikayət verilmiş orqanın nümayəndəsinin izahatı ilə müəyyən edilmiş halların öz təsdiqini tapdığı müəyyən edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 21 aprel 2023-cü il tarixdə saat 13:50-də “Chevrolet Cruze minik” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, M.Abbasov-M.Əliyev küçələrinin kəsişməsində idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qərardan şikayət verən tərəfin mövqeyinə görə, X1 hərəkəti istiqamətində sol tərəfindən təhlükəsizlik adacığı ilə hərəkət edərək onu ötmək istəyən “Mustang” markalı ** ZD *** dövlət qeydiyyat nişanlı avtomobil ötməni başa çatdırmadan Rəcəb Abdullayevin avtomobilinin olduğu hərəkət zolağına qayıtmaq istərkən sağ tərəfi ilə onun avtomobili ilə toqquşduğu iddia edilsə də, yol-nəqliyyat hadisəsinin baş verməsini özündə əks etdirən video görüntüyə baxışla, eləcə də tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapmışdır ki, X1 özü xəta anında yol hərəkəti qaydalarını pozmaqla əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş, bu zaman onun avtomobilinin sol qabaq hissəsi ilə “Mustang” markalı **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsi arasında toqquşma baş vermişdir, yəni iddia edildiyi kimi, sonuncu avtomobil ötməni başa çatdırmadan Rəcəb Abdullayevin idarə etdiyi avtomobilin olduğu hərəkət zolağına qayıtmamışdır. Qərardan şikayət vermiş şəxsin nümayəndəsinin sübut qismində təqdim edilən video görüntü ilə bağlı göstərdiklərinə münasibətdə məhkəmə qeyd edir ki, video görüntünün şübhə altına alınması üçün əsaslar yoxdur, görüntülər istər şikayətin özünün əsaslandırmasında, istər hadisə yerinin sxemində, istərsə də digər sübutlarda əksini tapan hadisənin təsviri ilə üst-üstə düşür, hadisə iştirakçısı olan avtomobillərin dövlət qeydiyyat nişanlarının və hadisənin baş vermə tarixinin və saatının göstərilməməsi mübahisələndirilən qərarın ləğvi üçün əsas kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələri ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin 02 may 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar