Məhkəmə qərarları › İş №3(007)-3075/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3075/2025

05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3075/2025 05.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Vəliyeva Nazlı Eldar qızının katibliyi, qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 08 may 2025-ci il tarixli, EQ/27801773 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 08 may 2025-ci il tarixli, EQ/27801773 nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Bununla yanaşı, X2 həmin inzibati tənbeh vermə haqqında qərardan şikayətə onun qeydiyyatda olduğu yer üzrə Nizami Rayon Məhkəməsində baxılması, qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətlər vermiş, həmin vəsatətlər təmin edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə, saat 04:00 radələrində idarə etdiyi “BMW 323İ” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə Binəqədi- Balaxanı yolu Əliçıraq məscidi yaxınlığı Balaxanı istiqamətində hərəkət edərkən DİN BDYPİ-si tərəfindən barəsində İXM-nin 339.1-1 və 332.3-cü maddələri ilə inzibati qərar qəbul olunmuşdur. DİN BDYPİ-si tərəfindən 08 may 2025-ci il tarixdə eyni gündə barəsində 3 dəfə qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Onun xəbəri olmadan və rəsmi qaydada məhkəmənin qərarı verilmədən nəqliyyat vasitəsini idarə etmə hüqüqu məhdudlaşdırılmış və məlumatı olmadan bir gündə 3 dəfə 400 manat cərimə olaraq barəsində qərar qəbul olunmuşdur. DİN BDYPİ-nin əməkdaşları onu saxlayarkən məlum olmuşdur ki, məhkəmənin qərarı ilə sürücülük hüququ məhdudlaşdırılmışdır. O, dərhal məhkəməyə vəsatət ilə müraciət edərək həmin qərarlara xitam verilməsini xahiş etmişdir. Sonra isə DİN BDYPİ-nə müraciət etmişdir. BDYPİ-si tərəfindən yuxarıda qeyd etdiyi protokol əsasında barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlilir. Yuxarıda qeyd olunanlara əsasən BDYP-nin xx.xx.2025-ci il tarixli, EQ/27801773 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X2 şikayətinin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, texniki baxışdan keçməməyə görə barəsində eyni gündə birdən artıq cərimə tətbiq edilməsi qanunsuz olmuşdur. Sürücülük hüququnun məhdudlaşdırılmasından məlumatı olmamışdır. Bu barədə məlumatı olan kimi əvvəlki cərimələrini ödəyib vəsatətlə məhkəməyə müraciət etmiş və həmin qərarlara xitam verilmişdir. Şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 08 may 2025-ci il tarixli, EQ/27801773 nömrəli inzibati xəta haqqında qərarından görünür ki, X2 08 may 2025-ci il tarixdə saat 04:00-da Binəqədi-Balaxanı yolu Əliçıraq məscidi yaxınlığı Balaxanı istiqamətində “BMW 323İ minik” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən və nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs kimi nəqliyyat vasitəsini idarə etməyə görə Azərbaycan Respublikası İXM-nin 339.1-1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs kimi barəsində 400 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə - əlli manat məbləğində cərimə edilir. Məhkəmə bununla bağlı qeyd edir ki, X2 mübahisələndirilən 08 may 2025-ci il tarixli, EQ/27801773 nömrəli qərarla, nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə (İXM 339.1-1) və nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs kimi nəqliyyat vasitəsini idarə etməyə (İXM 332.3) görə inzibati qaydada tənbeh olunarkən, İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin tələbinə uyğun olaraq (bir neçə inzibati xəta törədildikdə, inzibati tənbeh tətbiq etmə) ona daha ciddi xəta hesab olunan İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə tənbeh tətbiq olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, şəxs bu Məcəllənin 339.1-ci və 339.1-1-ci maddələrində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirməlidir. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. X1 məhkəməyə sübut qismində təqdim etdiyi Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 08 may 2025-ci il tarixli, EQ/27800774 nömrəli və 08 may 2025-ci il tarixli, EQ/27800865 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarından görünür ki, o, həmin qərarlar üzrə Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulan xətaları müvafiq olaraq 08 may 2025-ci il saat 00:58-də və 08 may 2025-ci il saat 01:04-də, hazırkı iş üzrə mübahisələndirilən eyni xarakterli xətanı isə 08 may 2025-ci il saat 04:00-da törətmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, X1 08 may 2025-ci il saat 04:00-da İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq barəsində inzibati tənbeh tətbiq edilməsi, həmin maddənin “Qeyd” hissəsinə uyğun olaraq, əsassız olmuşdur, o, nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqdan sonra, 20 gün keçmədən eyni əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb oluna bilməzdi. Ona görə məhkəmə hesab edir ki, mübahisələndirilən qərar həmin hissədə ləğv olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir; 153.1-ci maddəsinə əsasən fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən həmin fiziki şəxs xüsusi hüququ məhdudlaşdırılmış hesab olunur; 153.4-cü maddəsinə əsasən xüsusi hüququn məhdudlaşdırılması müddəti qurtardıqda, bu Məcəllənin 152.5-ci maddəsinə uyğun olaraq nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərara xitam verildikdə, barəsində həmin inzibati tənbeh növü tətbiq edilmiş şəxsdən alınan sənədlər ona qaytarılır; 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi) nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X1 yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməyə görə inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarların icra edilməməsinə görə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə onun barəsində nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq olunması ilə bağlı bir sıra məhkəmə qərarları (o cümlədən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli 3(007)-1456/2025 nömrəli, həmin məhkəmənin 05 may 2025-ci il tarixli 3(007)-2122/2025 nömrəli və s. qərarları) mövcud olmuşdur. Həmin qərarlarla barəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbehlər tətbiq edilmiş X2 08 may 2025-ci il tarixdə yuxarıda istinad olunan EQ/27801773 nömrəli qərarla tənbeh olunduqdan sonra, inzibati cərimələri və müvafiq olaraq hesablanmış dəbbə pullarını ödəyib yalnız 12 iyun 2025-ci il tarixdə vəsatətlə məhkəməyə müraciət etmiş və həmin şəxsin vəsatəti əsasında, İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsinin tələbinə uyğun olaraq, nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması ilə bağlı 02 aprel 2025-ci il tarixli 3(007)-1456/2025 nömrəli, 05 may 2025-ci il tarixli 3(007)-2122/2025 nömrəli və s. qərarlara məhkəmə tərəfindən xitam verilmişdir. Buradan da aydın olur ki, X2 08 may 2025-ci il tarixdə saat 04:00-da Binəqədi-Balaxanı yolu Əliçıraq məscidi yaxınlığı Balaxanı istiqamətində “BMW 323İ minik” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs kimi idarə etmişdir, ona görə də onun Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsi inzibati məsuliyyətə cəlb olunaraq tənbeh edilməsi qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Bununla da, X1 Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi və xətada həmin şəxsin təqsirinin olması inzibati araşdırma zamanı öz təsdiqini tapmış və sübuta yetirilmişdir. Həmin hissədə inzibati xəta haqqında iş üzrə icraatın başlanılaraq aparılmasına, inzibati xəta haqqında protokolun tərtib olunmasına mane olan hallar, o cümlədən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar olmamışdır. X1 şikayətinin əsasını təşkil edən hallar isə onun subyektiv fikirləri olmaqla məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur, qərarın tamamilə ləğvinə əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə qanunvericiliyin istinad olunan normalarına və işin faktiki hallarına əsasən şikayətin dəlillərini müvafiq hissədə əsassız hesab etməklə, belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, X1 Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair müddəa Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 08 may 2025-ci il tarixli, EQ/27801773 nömrəli inzibati tənbeh vermə haqqında qərarından xaric edilərək həmin hissədə iş üzrə icraata xitam verilməli, qərar qalan hissədə, yəni X1 Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 400 manat məbləğində cərimə tətbiq olunmasına dair hissədə, dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair müddəa Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 08 may 2025-ci il tarixli, EQ/27801773 nömrəli inzibati tənbeh vermə haqqında qərarından xaric edilərək həmin hissədə iş üzrə icraata xitam verilsin. Qərar qalan hissədə, X1 Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 400 manat məbləğində cərimə tətbiq olunmasına dair hissədə, dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar