Məhkəmə qərarları › İş №3(007)-3076/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-3076/2025

16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-3076/2025 16.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X1 iclas katibliyi, tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti barəsində Bakı şəhər Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixdə tərtib edilmiş MN ******* saylı protokola və əlavə edilmiş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixdə tərtib edilmiş MN ******* saylı protokola görə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2114/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-2114/2023 nömrəli icra vərəqəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan X3 Mərkəzi publik hüquqi şəxsində baş mütəxəssisi vəzifəsinə bərpa olunmasına baxmayaraq, icra vərəqəsi icra olunmur, ona bildirilir ki, hazırda baş mütəxəssis vəzifəsi olmadığı üçün onu işə götürə bilmirlər. Həmçinin bildirmişdir ki, o, “X3” Publik hüquqi şəxsində işləmiş, işlə bağlı həmin publik hüquqi şəxsə müraciət etsə də, oradan bildirmişlər ki, onlar onu işə götürə bilməzlər, bu Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətlərinə aiddir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X4 bildirmişdir ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmamışdır. Belə ki, tələbkar X3 publik hüquqi şəxsində işləmiş, məhkəmə qətnaməsi ilə həmin publik hüquqi şəxsdə işə bərpa olunması qət edilmişdir. “X3” Publik hüquqi şəxs isə Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan bir qurumdur, mövcud qanunvericiliklə həmin qurum özü işçiləri əmək müqaviləsi üzrə işə götürmək, həmçinin onları işdən azad etmək səlahiyyətlərinə malikdir və bunu müstəqil həyata keçirir. İnzibati xəta haqqında protokol “X3” Publik hüquqi şəxs barəsində tərtib olunmalı olduğu halda, Əmlak Məsələləri Dövlət Xidməti barəsində tərtib olunmuşdur. Protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfləri dinləyib inzibati xəta haqqında protokolu və əlavə edilmiş sənədləri araşdıraraq, hesab edir ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-2114/2025 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X3 publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, K-006 əmrinin ləğv edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X3 publik hüquqi şəxslə Zərərçəkmiş şəxs arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X3 publik hüquqi şəxsi tərəfindən işburaxma müddəti üzrə xx.xx.2023-cü il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı hesablanaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsi üzrə cavabdeh “X3” Publik hüquqi şəxs olmasına və tələbkar Zərərçəkmiş şəxs işə bərpa olunmasına dair öhdəliyin “X3” Publik hüquqi şəxsin üzərinə qoyulmasına baxmayaraq, inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti barəsində tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Bununla da məhkənə hesab edir ki, protokolda göstərilən yol verilmiş pozuntuların aradan qaldırılması üçün inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti barəsində Bakı şəhər Nizami rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı protokol və toplanmış material natamam olduğundan Bakı şəhər Nizami rayon İcra şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət və ya protest verilə bilməz. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar