Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3078/2025 04.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru, polis kapitanı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsinin kəsişməsində ona yazılmış cərimədən boyun qaçıraraq YPX inspektorunu şərləyərək şərəf və ləyaqətini təhqiredici sözlərlə təhqir etmişdir. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru, polis kapitanı X5 tərəfindən xx.xx.2025-ci il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru, polis kapitanı X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə üzü Bəhruz Nuriyev küçəsi istiqamətində həyat yoldaşı ilə hərəkətdə olan zaman öndəki avtomobil döndüyü üçün o da dönmüşdür. Sağdan gələn avtomobilin ona maneə yaratmayacağını fikirləşmişdir. Bu zaman polis əməkdaşları onu saxlamışlar, hansı xətanı törətdiyini soruşduqda nəqliyyat vasitəsinə yol vermədiyini bildirmişlər. O da demişdir ki, “cəriməmi yazın, çıxım gedim”. Ona Bəhruz deyə müraciət etmişlər, o da demişdir ki, adı Bəhruz deyil Bəhrəmdir. Ona yenə də Bəhruz deməyə davam etmişlər. Planşetə baxdıqda şəkildə başqa şəxsin olduğunu görmüşdür. Ondan cəriməni ona elektron şəkildə yoxsa SMS şəklində vermələrini soruşmuşlar. O da bir nüsxəsini ona vermələrini istəmişdir. Onun sürücülük vəsiqəsi polis əməkdaşlarında qalmışdır. O, polis əməkdaşının danışığından, qeyri-adi hərəkətlərindən şübhələnmişdir. Avtomobildən düşüb polis əməkdaşına yaxınlaşmaq istədikdə polis əməkdaşı kənarlaşmışdır. Yenidən söhbət etdikdə ondan spirt qoxusu gəldiyini görmüşdür və içki içərək xidmətə çıxmasını irad bildirmişdir. Polis əməkdaşı içki içmədiyini bildirmişdir. Sonra digər inspektor gəlmiş və onunla kobud şəkildə danışmışdır. Gəlib avtomobilə əyləşdikdən sonra yadına düşmüşdür ki, onun sürücülük vəsiqəsi polis əməkdaşlarında qalmışdır. Yaxınlaşıb sürücülük vəsiqəsini istəyəndə sürücülük vəsiqəsini ona vermişlər. O, yenidən polis əməkdaşına içkili vəziyyətdə xidmətə çıxmasını irad bildirmişdir. Bundan sonra digər polis əməkdaşı avtomobildən düşüb ona söyüş söymüş, yumruq vurmuşdur. Sonra onu avtomobilə əyləşdirmişlər, o da həyat yoldaşının hamilə olduğunu bildirmiş, yoldaşını yola salmasını xahiş etmişdir. Həmin polis əməkdaşı ona yenə söyüş söymüşdür, o da polis əməkdaşına cavab qaytarmışdır, onda bununla bağlı səs yazısı mövcuddur. Onu 24-cü Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində də polis əməkdaşı onu söymüş, o da cavab qaytarmışdır. Onun həyat yoldaşı sonuncu ay hamilədir, hadisə onun gözünün önündə baş vermişdir. Onun əsas narazılığı ona qarşı söyüşlər işlədilməsidir. Məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ X12 İdarəsinin YPX inspektoru, polis baş serjantı X7 izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Bəhruz Nuriyev küçəsində xidmət aparan zaman “X9” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələbi ilə Şəxs saxlamışlar. Ona yaxınlaşdıqda əvvəl şəxs özü xəta törətdiyini qəbul etmiş, tələsdiyini bildirmiş və cərimə yazmalarını demişdir. Sürücü Şəxs ona alkoqolun təsiri altında niyə xidmətdə olduğunu demişdir. O da dəfələrlə, nəzakətlə sürücüyə alkoqolun təsiri altında olmadığını bildirmişdir. Şəxs idarə etdiyi avtomobilə tərəf getmiş, onlar da oradan uzaqlaşaraq avtomobili digər tərəfdə saxlamışlar. Vətəndaş elə bilmişdir ki, sürücülük vəsiqəsini ona geri qaytarmamışlar. Lakin ondan sürücülük vəsiqəsini ümumiyyətlə almamışlar. Hətta özü sürücülük vəsiqəsini verməyi təklif etdikdə o, bütün məlumatların planşetdə olduğunu bildirmişdir. Onlar vətəndaşın arxivinə, hər hansı cəriməsinin, məhdudlaşdırmasının olub-olmamasını dəqiqləşdirmək üçün planşetlə baxış keçirirlər. Sonra Şəxs öz avtomobilindən düşüb piyada şəkildə onların xidməti avtomobilinə yaxınlaşaraq onun içkili vəziyyətdə xidmətdə olduğunu ətrafdakı insanların eşidə biləcəyi formada uca səslə bildirmiş, onlar onun səhv etdiyini dedikdə mübahisə edərək yenə onun içkili olduğunu bildirmiş, xidmət aparmaqlarına mane olmuşdur. Onlar sürücünü avtomobilə əyləşdirib sakitliyə dəvət etdikdə söyüş söymüşdür. Sonra sürücünü 24-cü Polis Şöbəsinə aparmışlar. Şöbədə də sürücü söyüş söymüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahat verərək bildirmişdir ki, həyat yoldaşı ilə bərabər həkimə getmişlər. Yol qaydalarını bilmədiyi üçün dəqiq bilmir, səhv etmirsə həyat yoldaşı dönmə qaydalarını pozmuşdur. Sonra polis əməkdaşı onu saxlamış və qaydaları pozduğunu bildirmişdir. Həyat yoldaşı da “səhv etmişəmsə cəriməmi yaz, mən gedim” demişdir. Polis əməkdaşı adını və soyadını soruşmuş, bir neçə dəfə adını səhv demişdir. Adını səhv deyəndən sonra yoldaşı sürücülük vəsiqəsini polis əməkdaşına təqdim etmişdir. Həyat yoldaşı polis əməkdaşına içkili olduğunu bildirmişdir, polis əməkdaşı da ona söyüş söymüşdür. Sonra məcburi şəkildə avtomobilə əyləşdirib aparmışlar. O, yolun ortasında qalmış, həkimə gedə bilməmişdir. Çox həyəcan keçirmişdir, həmin hadisə onun gözünün önündən getmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X2 məhkəməyə etiraz ərizəsi təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DİN Nizami RPİ-nin 24cü Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-nin 510-cu maddəsində qeyd edilmiş əsaslarla inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədilə xx.xx.2025-ci il tarixdə inzibati qaydada tutma haqqında protokol tərtib edilmiş və şəxs saxlanılmışdır. Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:00 radələrində hamilə həyat yoldaşı Ülviyyə Quliyeva ilə tibbi yoxlanışdan evlərinə qayıdan zaman Bakı şəhər BPİ DYPİ-nin YPX inspektoru, polis baş serjantı Kamil İlyaslı tərəfindən saxlanılmış və ona bildirilmişdir ki, yol hərəkəti qaydalarını pozmuşdur. Bundan sonra Şəxs “əgər qaydaları pozmuşamsa barəmdə cərimə yazın buraxın gedim” demişdir. Müdafiəçisi olduğu şəxsin bildirdiyinə görə həmin zaman içkili halda xidmət başında olan polis əməkdaşları onu idarə etdiyi nəqliyyat vasitəsindən çıxarmış və onun ünvanına nalayiq ifadələr işlətməklə ona qarşı fiziki zor tətbiq etmişlərdir. Daha sonra şəxsin yanında olan hamilə həyat yoldaşını və ona məxsus avtomobili yolun ortasında qoymaqla şəxsi YPX avtomobilinə zorla əyləşdirərək onu Nizami RPİ-nin 24-cü PŞ-nə gətirmişlər. YPX inspektoru, polis baş serjantı X7 müdafiəçisi olduğu şəxs barəsində raport yazmaqla onun güya cərimədən yayınmaq üçün polis əməkdaşını təhqir etdiyini bildirmişdir. Lakin buna dair hər hansı sübut təqdim edilməmişdir. Belə ki, 24-cü PŞ-nin inzibati binasında olduğu zaman buna dair səs yazıları və videogörüntülərini xx.xx.2025-ci il tarixli vəsatətlə tələb etməsinə baxmayaraq sübutları götürə bilmədiklərini bildirmişlər. Qeyd edilənlərdən aydın olur ki, xidmət aparan zaman sərxoş olduğu müdafiə etdiyi şəxs və onun həyat yoldaşı tərəfindən aydın şəkildə görünən və bildirilən polis əməkdaşları Şəxs əsassız olaraq azadlıq hüququndan məhrum etməklə tutub saxlamışlar. YPX əməkdaşları qanunvericiliyin tələbləri ilə yanaşı “Yol-patrul xidməti haqqında Təlimat”da qeyd edilən bir çox halları pozmuş, hətta təlimatdan kənar hərəkətlər etməklə Şəxs konstitusion hüquqlarını pozmuşdur. Qeyd edilənlərə əsasən məhkəmədən Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli tutma protokolundan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:45-də inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə, yəni ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərə yol verməklə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməsini və məhkəmə iclas zalından azad edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edərkən onun inzibati qaydada tutulmasını və Azərbaycan Respublikasının İXM-nin 31.4-1-ci maddəsinin tələblərini də nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-3078/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3078/2025
04.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver