Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3080/2025 07.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin nümayəndəsi polis sahə inspektoru, polis baş leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1980-ci il tarixdə Qubadlı rayonunun Kürd Mahruzlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi döngə 5-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə 07 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin protokola əsasən 06 iyul 2025-ci il tarixdə, saat 19:00 radələrində Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində yerləşən "Madonna" restoranı qarşısında idarə etdiyi "Toyota Prius" markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə manevr qaydalarını pozan zaman YPX əməkdaşları tərəfindən saxlanılarkən kobud hərkətlər edərkən yüksək səslə ünvansız nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru, polis leytenantı X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmənin mülahizəsinə buraxmasını bildirmişdir. O əlavə olaraq qeyd etmişdir ki, növbədə olarkən yol patrul xidmətinin əməkdaşları polisin qanuni tələbinə tabe olmadığı və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr səsləndirdikləri üçün şəxs barəsində protokol tərtib edilmişdir. Qanunvericilikdə polisin vətəndaşın sürücülük vəsiqəsini alıb özündə saxlayıb vətəndaşın da problemi düzəltdikdən sonra gəlməsi deyə bir şey yoxdur. Polis əməkdaşları burda humasitlik etmişdir. Nəqliyyat vasitəsini saxlayıblar, işıqlarını yoxlayanda görüb ki işıqlar istismara yararsızdır, polis əməkdaşı Yol hərəkəti haqqında qanuna görə onu istismara yararsız olduğu üçün maşını istismardan kənarlaşdırmalıdır. Havanın işıqlı olmasını nəzərə alıb maşını istismardan kənarlaşdırmayaraq polis əməkdaşları humanistlik etmişdir. Ancaq vətəndaşa İXM-nın müvafiq maddəsinə görə 50 manat cərimə ediləcəyi nəzərinə çatdırılıb. Vətəndaş bir neçə saat əvvəl cərimə ödənildiyi üçün onda qıcıq yaranmış, məsələ belə olmuşdur. Əgər polisin yanında nalayiq ifadə səsləndirirsə ictimai yerdə polisə hörmətsizlik edilir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, ixtisasca hüquqşünasdır. Özünü təqsirli bilir, əməlindən peşmandır, səhvini bilir, barışmaq da istəyir. Hadisə zamanı səsini ucaltmış, özü-özünə nalayiq ifadələr işlətmiş, lakin polisə tabesizlik etməmişdir. O, maşını sürəndə və həyətinə dönəndə dönmə işığını yandırdığı üçün onun qonşuları ona gülürlər, polis isə ona dönmə işığını yandırmadığını bildirir, ancaq o, həmişə qeyri-ixtiyarı dönmə işığını yandırır. Onun dönmə işığı yanılı olmuş, lakin avtomobilin qabaq işığı isə xarab olmuşdur, onu da bu gün düzəltdirəcəkdir. O polisə sürücülük vəsiqəsini almasını, məsələni həll etməsini, sonra sürücülük vəsiqəsini qaytarmasını bildirmişdir. O, özü könüllü olaraq polis bölməsinə könüllü getmək istəmiş, lakin onu avtomobilə zorla mindirmişlər. O, könüllü getmək istəyirsə onu necə zorla avtomobilə mindirirlər? Hadisə yerində polis əməkdaşlarından başqa heç kəs olmamış, yoldan keçən maşınlar da olmamışdır. Bundan əlavə, o, 3 gün öncə cərimələrini ödəyib sürücülük vəsiqəsini dəyişdirmiş, Binə Ticarət Mərkəzinin yanında adam olduğu üçün düşürdüyü üçün orada kameraya düşmüş, ona görə cərimə edilmişdir. O, X6 idarəsində qeyri-rəsmi sürücülük edir. Qeyd etdiklərinin cəza təyin edilərkən nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş BBPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX alayının yeni yol-patrul xidməti inspektoru, polis serjantı X4 bildirmişdir ki, xx.xx.2025-ci il tarixində saat 18:50 radələrində "Madonna" şadlıq evinin dairəsində xidmətdə olarkən "Toyota Prius"markalı **-FO-*** qeydiyyat nişanlı avtomobil manevr qaydalarını pozduğu və dönmə işığından istifadə etmədiyi üçün saxla işarəsi verilmiş, avtomobili saxladıqdan və sürücüyə qaydalar izah edildikdən sonra maşına vizual baxış keçirilən zaman xarici işıq cihazlarının nasaz olduğu aşkar edilmişdir. Sürücüyə bunu bildirdikdə bunu aradan qaldıracağını və protokol tərtib edilməməsini qeyd etmişdir. "Yol hərəkəti haqqında" Qanun və İXM-nın müvafiq maddələrini izah etdikdən sonra istismardan kənarlaşdırmayacağını, lakin protokol tərtib edəcəyini bildirmişdir. Şəxs əvvəlcə bunu normal qarşılamış, sonra protokol tərtib ediləcəyini eşitdiyi üçün sürücü aqresiyasını gizlədə bilməmiş və şəxs öz ünvanına etik olmayan, nalayiq ifadələr işlətmiş, o da sürücüyə belə etməyə davam etdiyi təqdirdə bölməyə aparılmasının təmin edəcəyini söyləmişdir. O isə maşından düşərək yenidən hərəkətlərini davam etdirdi, səs tonunu qaldırdı, əl qol hərəkətləri, etik olmayan hərəkətlər etmişdir. O da digər şəxslərin yanında ictimai qaydanı pozduğunu bildirmiş, sürücü maşından düşərək onların arxasında olan patrul maşınına yaxınlaşmış, orada da komandirə lüzumsuz, qeyri-etik ifadələr işlətmişdir. Ona xəbərdarlıq etdikdən sonra sürücü öz nəqliyyat vasitəsini könüllü olaraq tərk etmiş və bölməyə təmin edilmişdir. Bölməyə gedəndə avtomobilə yaxınlaşanda insident yaşanmış və ona cənab polkovnik-leytenant xəbərdarlıq etmişdir ki, hərəkətlərinə son qoysun. Sürücü isə etik olmayan hərəkətlərinə davam etmişdir. Onlar onu şəxsi patrul maşınına əyləşdirəndə tabesizlik etmiş, maşına oturmaq istəməmişdir. Onlar da "Polis Haqqında" Qanunun 26-cı maddəsinə əsasən vətəndaşı maşına əyləşdirmiş və bölməyə təmin etmişlər. Hər hansı xüsusi vasitədən istifadə etməmiş, lakin müqavimət olduğu üçün maşına əyləşdirmək məcburiyyətində qalmış və aidiyyəti üzrə 25-ci PŞ-nə təmin etmişlər. Yol patrul xidməti əməkdaşları vizual şəkildə qayda pozuntusunu aşkar etmiş, o da şəxs barəsində inzibati protokol yazıb, sürücüyə bildirmişdir ki, işıqlar nazas olduğu üçün 50 manat cərimə olunmalıdır və maşını istismardan yayındırmalıdır. Tərəfindən aşkar edilmişdir ki, yaxın və uzaq işıqlar yanmır, sürücü də bildirdi ki, guya onu sonradan tapmış, qeyri-qanuni fəaliyyət etməmişdir. Sürücü əgər qayda pozuntusu etməmişdirsə niyə onu digər yollarla cərimədən yayınmağa sövq edirdi. Əgər qeyriqanuni protokol tərtib etmişdirsə vətəndaş şikayət verəcəkdi, xitam veriləcəkdi. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, iş üzrə icraata müvafiq hissədə xitam verilməli, digər hissədə isə təqsirlilik məsələsi həll edilməlidir. İnzibati xətalar qanunvericiliyinə görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Qanunun mənasına görə, həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətin yaranması üçün polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra etməli, inzibati xətanın subyekti isə onların qanuni tələblərinə qəsdən tabe olmamalıdır. Hazırkı halda isə, məhkəmə tədqiqi zamanı Şəxs istinad edilən xətanı törətməsi işin faktiki müəyyən edilmiş halları ilə təkzib olunmuşdur, İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin mənası baxımından inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, belə sübut etmə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşür. Lakin qanunun həmin tələbinə əməl edilməmiş, Şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Bundan başqa, məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tövsif olunmuşdur, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini, işin faktiki hallarını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir. Şəxs barəsində cərimə növündə tənbeh tətbiq edilməli olduğundan o, dərhal tutmadan azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər.Vəkilin iş materialları ilə tanış olmaq və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin "xx.xx.2011-ci il tarixli 31 nömrəli Qərarına dəyişiklik edilməsi barədə" xx.xx.2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən hüquqi yardım haqqı 11 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, həmin hissədə iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 33 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №3(007)-3080/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3080/2025
07.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver